Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan xalqının müqəddəratını dəyişən tarix - ÜÇÜNCÜ YAZI

Azərbaycan xalqının müqəddəratını dəyişən tarix -   ÜÇÜNCÜ YAZI

Üçüncü hissə

 

Azərbaycanın və Gürcüstanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması sovet diplomatlarını ehtiyatlı siyasətə çağırmağa sövq edirdi...

 

Bolşevik təbliğatının əsasən Bakı rayonunda mərkəzləşdiyi Azərbaycandakı vəziyyət «Aprel çevrilişi»ndən bir neçə ay öncə bolşeviklər tərəfindən verilən məlumatda ətraflı şərh olunmuşdu. Ərzaq məsələsinin yaxşı vəziyyətdə olduğu, Azərbaycana gediş-gəlişin sərbəstliyi, hər istiqamətdə qəzet nəşri, mətbuat azadlığı, çoxpartiyalı parlament fəaliyyəti, əmək birjasının mövcudluğu, ziyalı əməyinin yaxşı qiymətləndirilməsi (əmək haqqı nəzərdə tutulur), 5 may və 14 avqust 1919-cu il tarixli uğursuz tətillərdən sonra fəhlələrin nüfuzunun qismən enməsi, yalnız müsəlmanlardan ibarət nizami ordunun başında təcrübəli generalların durduğu, əsgərlərin normal təminatı barədə bildirilirdi. Həmin izahatdan bəlli olanlar da 1920-ci ilin yazı ərəfəsində Azərbaycandakı durumun hər hansı daxili qarşıdurmaya rəvac verəcək səviyyədə olmadığını bilavasitə təsdiqləyir.
Bakı bolşevikləri 1919-cu ilin yazından partiya təşkilati işini genişləndirib, hətta ingilis əsgərləri arasında təbliğat aparıb, onların vətənə dönməyi tələb etmələrinə nail olsalar da, Azərbaycan ordu və donanmasını «inqilabiləşdirmək» yönündə səy göstərsələr də, 1920-ci ildən daha intensiv hərbi sursatla təchiz edilib fəhlələrdən hərbi drujinalar yaratsalar da, «kütləvi fəhlə təşkilatlarını ümumi məqsədə səfərbər» etsələr də, ideoloji təbliğat, ölkə daxili qiyamın Qarabağda təşkili, hökumət böhranına zəmin yaratmaq və hətta Türkiyənin «mənafeyi» naminə «canıyananlıq» silahlı üsyana ümid üçün əminlik vermirdi. İstiqlaliyyətinin de-fakto tanındığı Azərbaycan «artıq geniş miqyaslı dövlətlərarası siyasi və iqtisadi münasibətlərə daxil olurdu». Ermənistan öz agentlərini Moskvaya göndərərək, sovet oriyentasiyasından bəhs edirdilər. 1920-ci ilin əvvəllərində erməni sosial-demokratlar Pirumov və Zaxaryan Moskvada «ərazi güzəştləri müqabilində Azərbaycan Respublikası hökumətini devirmək işində öz hökumətlərinin təklifini bildirdilər». Bütün bu səbəblərdən Sovet Rusiyası Azərbaycan Cümhuriyyətinə münasibətdə «xüsusi dünya siyasəti» icad etməyə lüzum görmüşdü.

 

Beynəlxalq ab-havanı nəzərə alan Rusiyanın xalq xarici işlər komissarı G.Çiçerin 1920-ci ilin martında, Bakının fəthini zəruri sayan Leninə yazmışdı: «Azərbaycana zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar… Bizi imperialist hesab etmələrinə yol verməməliyik». Azərbaycanın və Gürcüstanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması sovet diplomatlarını ehtiyatlı siyasətə çağırmağa sövq edirdi. Halbuki, Azərbaycan hökumətinə 1920-ci il yanvarın 2-də göndərdiyi notasında Çiçerin amiranə tərzdə təzyiq göstərirdi: «Biz, nə qədər ki, gec deyil, Denikinə qarşı mübarizəyə başlamaq çağırışı ilə Azərbaycana və Azərbaycan xalqına müraciət edirik. Azərbaycan dövlətinin düzgün dərk edilmiş maraqları və onun zəhmətkeş siniflərinin sosial-siyasi maraqları Azərbaycanı bizim təklifimizə razılıqla cavab verməyə məcbur etməlidir». Bu notadan 9 gün sonra Azərbaycanın müstəqilliyi Antanta tərəfindən tanındı, ondan 5 gün əvvəl isə Azərbaycanın xarici işlər naziri F.Xoyski Çiçerinin birinci notasını almış və artıq cavabını müstəqilliyin tanınması xəbərinin Azərbaycanda təntənə ilə qeyd olunduğu gün – yanvarın 14-də göndərmişdi. «Hər iki dövlətin müstəqilliyi prinsipindən irəli gələn mehriban qonşuluq münasibətləri yaratmaq» üçün hökumətinin danışıqlar aparmağa hazır olduğunu bildirmişdi. «Denikinlə əməkdaşlıq» müddəası Sovet Rusiyasının Azərbaycan hökumətinə qarşı başlıca ittiham arqumentinə çevrilmişdi. Çiçerin yanvarın 23-də göndərdiyi ikinci notada Denikinə qarşı mübarizədən imtina etməkdə Azərbaycan hökumətini günahlandırırdı. Diplomatik təzyiqin əsas bəhanəsinə çevrilmiş bu ittihamı S.Kirovun martın 5-də Çiçerinin müavini L.Qaraxana göndərdiyi məlumat alt-üst edir, tam əsassız olduğunu göstərirdi. Azərbaycan tərəfdən Denikinə həmin vaxtadək (məlumat göndərildiyi tarixədək) yardım göstərilmədiyi, Xəzər donanmasının tamamilə Denikinin əlində olduğu, hətta Azərbaycanın, donanmanın Bakı limanında təmirini rədd etdiyi bildirilirdi. Bu etirafı ilə Kirov«Azərbaycan-Denikin ittifaqı» müddəasına zərbə endirmişdi. Məhz bu müddəa Rusiyanın AXC-ni tanımaması, sonradan isə Azərbaycana hərbi müdaxiləsi üçün qərarların təməlini təşkil edirdi. Belə ki, Çiçerinin 21 fevral tarixli növbəti notasında da Denikinə qarşı birgə mübarizədə yubanmadan əməli razılığa gəlmək təklif edilirdi. «Sovet Rusiyası və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərə aid müxtəlif məsələlər üzrə mürəkkəb danışıqlar»ı günün vacib məsələsi saymayan Rusiya diplomatı hələ 10 gün əvvəl, fevralın 9-da surəti Leninə ünvanlanmış müraciətlə RK(b)P MK Siyasi Bürosuna yazırdı: «Antantanın Azərbaycanın müstəqilliyini tanımasından sonra biz geridə qala bilmərik». Halbuki, Antantanın müstəqilliyi tanıması münasibətilə Bakıda təşkil olunmuş xüsusi təntənələrdə nə rus, nə də müsəlman fəhlələrinin iştirak etməsi barədə bir müddət əvvəl Kirovfəxrlə Leninə teleqram göndərmişdi. Çiçerin tanıma aktı altında nəzərdə tuturdu: «Azərbaycanın müstəqilliyini tanıma hələ, indiki hökuməti tanımaq demək deyildir…qırmızı Azərbaycan hökumətinin meydana çıxacağı halda onu tanımaq və hətta Azərbaycanın daxili işlərinə qarışmadan xarici hücuma qarşı ona kömək göstərmək üçün tam imkan vardır». Mövcud hakimiyyəti tanımadan, Azərbaycanın müstəqilliyini tanıma ideyası bir müddət Rusiya diplomatiyasının, partiya elitasının müzakirə mövzusu olmuşdur.


Mövcud siyasi durum Azərbaycan hakimiyyətindəki prosesləri diqqətlə izləyən RK(b)P Qafqaz Diyar Komitəsini belə reallıqla hesablaşmağa diqtə edirdi: «Biz belə hesab edirik ki, sovet hökuməti hərbi ittifaq şərti olmadan Azərbaycanın müstəqilliyini tanımalıdır». RK/b/P Qafqaz Diyar Komitəsinin bu qərarı sovet Rusiyasına meylli M.-H.Hacinski kursunun üstün gəlməsi dövrünə aid idi. G.V.Çiçerinin Denikinə qarşı ittifaq bağlamaq təklifli notası parlamentdə müzakirə edilən zaman S.Ağamalıoğlu demişdi: «Bu doğrudur ki, bolşeviklərlə ittifaq bağlamaq müsavatçılar üçün çətin bir şeydir. Məgər müsavat hökumətini saxlamaq çox vacibdirmi? Ölkəni sovetləşdirərik, qurtarıb gedər!». Fevralın birinci yarısında Zaqafqaziya Diyar Komitəsi Azərbaycanın müstəqilliyini tanımağı labüd hesab edirdi.

 

Firdovsiyyə Əhmədova

Tarix üzrə fəlsəfə doktoru, dosent

Müəllif: Ayna.az      27 Aprel 2020 03:54
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin