Hökumət böhranın miqyasını dərk edə bilmir

Hökumət böhranın miqyasını dərk edə bilmir

Problem iqtisadi böhran olmaqdan çıxır, sistem böhranına çevrilir

 

Nyu-Yorkda tam təsadüfi seçim ilə (şəhərin 19 bölgəsində yaşayan) 3000 nəfəri koronavirus testindən keçiriblər. Bunlar xəstəxanaya müraciət edən insanlar olmayıb, dükan-bazardan, küçədən təsadüfi seçilənlər olublar. Məlum olub ki, 3000 nəfərin 14%-i, yəni 420 nəfər virus daşıyıcısıdırlar.

 

Onlarda heç bir xəstəlik əlaməti yoxdur, ortalıqda dolaşırlar, deməli, hər gün, azı 2000 nəfəri yoluxdururlar, həmin 2 min nəfər də daha 10000 nəfəri, həmin 10000 də daha 50000 nəfəri (silsiləni artırmaq da olar) yoluxdurur. Qubernator Andrü Cuomo deyib ki, şəhərdə günü bu gün, ən azı 2,7 mln. nəfər virusa yoluxub.

 

Nyu-Yorkda aparılan bu araşdırma çox önəmlidir. Dünya olaraq virusla uzun zaman birgə yaşamağı öyrənməli, iqtisadiyyatı yavaş-yavaş açmalıyıq. Təəssüf ki, bunun başqa yolu yoxdur. Davranış qaydalarımızı uzun aylar dəyişməyə məcbur olacağıq, Dünya əhalisinin 70%-i virusa yoluxandan sonra təbii immunitet yaranacaq, sadəcə bütün ölkələr səhiyyə sisteminin gücünü artırmalı, xəstəliyin böhranlı pik nöqtələrini yumşaq keçməyi öyrənməlidir.

 

Bir dəfə yazmışdım, bir də deyim: Virus istehlak toplumu konsepsiyasını da yıxır, amma əvəzinə nə gələcək, bu, maraqlıdır. Sadəcə Dünya, ən azı 50 ildir ki, “vəhşi istehlak” konsepsiyası üzərinə inşa edilmişdi. Düşünürəm ki, indi süni tələb yaradan modeldən, təbii təklif yaradan modelə keçid olacaq. Bəşəriyyət bu keçidə hazırlaşmalıdır.

 

O ki, qaldı bizə - Azərbaycana, hələ ki, hökumət baş verən hadisələrin dərinliyini, böhranın miqyasını dərk edə bilmir. Bu böhran həm Dünyada, əsas da Azərbaycanda iqtisadi böhran olmaqdan çıxır, artıq sistem böhranına çevrilir. Çıxış yolu da məhz sistemin özünün islahatından, dəyişməsindən keçir...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert      24 Aprel 2020 14:59
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin