Mütəxəssislərdən “FaceApp” ilə bağlı xəbərdarlıq

Mütəxəssislərdən “FaceApp” ilə bağlı xəbərdarlıq

Hər nə qədər əyləncəli bir tətbiqetmə olsa da, son dövrün məşhur kampaniyası olan “FaceApp”dan istifadə edərkən diqqətli olmaqda fayda var

 

Son bir neçə gündə həm Azərbaycanda, həm də dünya gündəmini böyük bir kampaniya zəbt edib. Belə ki, insanlar sosial şəbəkələrdə “FaceApp” tətbiqetməsi vasitəsilə özlərinin yaşlı vaxtlarının görüntüsünü yaradaraq paylaşırlar. İnsanların öz fotoşəkillərini və ya yaxınlarının fotoşəkillərini bölüşdüyü bu kampaniya ilə bağlı  beynəlxalq ictimaiyyətdə böyük mübahisə başlayıb. Bir çox mütəxəssis bu tətbiqetmələrin məxfilik göstəricilərini pozduğunu iddia edərək xəbərdarlıq edir ki, “Təhülkəsiz olmaq istəyirsinizsə, “FaceApp”dan istifadə etməyin”.

 

Son günlərdə sosial medianı izləyirsinizsə, yəqin ki, yaxın dostlarınızın, uzaq qohumlarınızın, bir çox məşhurun qocalıq fotolarını görmüsünüz. Ancaq hələ də bu kampaniyanın haradan qaynaqlandığının fərqində deyilsəniz, bu barədə heç bir məlumatınız yoxdursa, AYNA-nın xarici mediaya istinadən təqdim etdiyi bu yazını diqqətlə oxuyun.

 

Hər şey “FaceApp”adlı bir tətbiqetmədən başladı. Məşhurların da bu kampaniyaya qoşulması ilə isə bir anda geniş vüsət aldı. Həm “Google”in Android sistemi, həm də "Apple”ın iOS sistemində yer alan tətbiqetmə pulsuz olduğu üçün 7-dən 77-yədək hər kəs bu tətbiqetmədən istifadə edərək “qocalır”.

 

Amma “FaceApp”ın bu qədər geniş şəkildə istifadə edilməsi özü ilə bərabər "Texnologiyadan şüurlu şəkildə istifadə edirikmi?” mübahisəsini da özü ilə bərabər aktuallaşdırdı. Çünki beynəlxalq ictimaiyyətdə bir çox texnologiya mütəxəssisi “FaceApp”ın məxfilik məsələlərində istifadəçilər üçün riskli olduğunu bildirir.

 

Bundan bir neçə il əvvəl də çıxan tətbiqetmənin yenilənmiş versiyası təkrar ictimaiyyətə təqdim edildi. Amma tətbiqetməni yeniləyən şirkətin keçmişi xeyli maraqlıdır... Rusiyanın texnologiya şirkəti “Wireless Lab” tərəfindən yenilənən tətbiqetmə haqqında mübahisələr də baş alıb gedir.

 

Texnologiyalardan istifadədə təhlükəsizlik və məxfilik üzrə ixtisaslaşmış David Vail həmin təhlükə haqqında ətraflı danışıb: “Bu tətbiqetmə normalda tələb olunandan daha çox şey istəyir. İstifadə edilən fotoların hamı ilə bölüşdürülməsinə imkan yaradır və həmin məlumatları əbədi saxlamaq hüququna malik olur. Şəkli yükləyərkən məlumatınızın hara göndərildiyinə dair ətraflı məlumat yoxdur. Tətbiqetməni yükləməmişdən əvvəl, yazılmış müqavilə mətnində fotoşəkillərinizin şirkət tərəfindən dərhal hər kəslə bölüşdürülməsinə razılıq vermiş olursunuz".

 

“iPhone” istifadəçiləri diqqətli olsunlar

 

Digər tərəfdən, tətbiqetmənin telefon albomundakı foto alboma da çıxış üçün icazə alması yeni bir mübahisə predmetidir. Bəzi ekspertlər deyirlər ki, “FaceApp” istifadəçinin xəbəri olmadan şəkil albomundakı hər hansı bir şəkli istifadə edə bilər. Hər nə qədər bu iddia hələ təsdiqlənməsə də, “Apple” tərəfindən yaxın zamanda tətbiq edilən bir yeniləmə mübahisənin miqyasını genişləndirdi.

“Apple”ın daha əvvəl “parametrlər bölməsində icazə vermədiyiniz halda istifadə olunan tətbiqetmənin fotoşəkillərə əli çatmırdı. Lakin aparılan yeniləmə ilə “Apple” əməliyyatların işləməsi üçün məlumatların istifadəçinin icazəsi olmadan işlənməsinə imkan tanınır.

 

“ABŞ hökuməti satın alıb”

 

Digər tərəfdən, avstraliyalı vəkil Maykl Bradley də məsələ ilə bağlı bəyanat verib. Tətbiqetmə ilk çıxdığı vaxt danışan vəkil bunları deyib: “Şəklini, adını və digər parametrlərini paylaşan bir şəxs rəqəmsal aləmdə müdafiəsiz qala bilər. Bu tətbiqetmə birbaşa təhdid predmeti ehtiva etmir, ancaq tətbiqetmənin kommersiya olaraq bu məlumatları necə bölüşəcəyi hələ dəqiq deyil. Tətbiqetməni yükləməzdən əvvəl hazırlanan müqavilədə bu şirkətin satılacağı təqdirdə məlumatların aqibətinin necə olacağına dair dəqiq bir məlumat yoxdur. Şirkət satılsa, göstəriciləriniz də etirazlarınıza baxmayaraq, həmin şirkətə keçəcək. Məsələn, “FaceApp” NSA-ya (Amerika Milli Təhlükəsizlik Agentliyi) satılacağı təqdirdə foto və məlumatlarınız da onların olacaq”.

 

Bəzi sosial şəbəkə istifadəçiləri isə “FaceApp”ın istifadəçinin telefon aparatındakı fotoları bulud toplama sisteminə yüklədiyini yazır. Belə ki, fotolar internet əlaqəsi yox ikən istifadə ediləmədiyi halda, internet əlaqəsi gəldiyi zaman bulud toplama sisteminə yüklənir. Həqiqətən də bəzi istifadəçilərin şəkillərinin yavaş-yavaş buluda yükləndiyi müşahidə olunur. Ancaq bir çox insanın şifrələrini, şəxsi yazışmalarını və xüsusi fotoşəkillərini saxladığı ağıllı telefonlarda bu kimi göstəricilərin 3-cü versiya tətbqetmələr tərəfindən alınıb işlədilməsi ağılları qarışdırır.

 

Rusiyada xüsusi qanun var

 

Digər tərəfdən bu tətbiqetmənin Rusiya mənşəli olması da mübahisəni fərqli bir ölçüyə daşıyır. Rus mətbuatında yer alan xəbərlərdə “Wireless Lap”ın banisi olan Yaroslav Qonçarovun keşmişdə Rusiyanın “Google”u hesab edilən “Yandex”də çalışdığı bildirilib və “Wireless Lap”ın Rusiya qanunlarına görə çalışdığı qeyd olunub. Bu vəziyyət həm yerli mediada, həm də beynəlxalq mediada Rusiya gizli xüsusi xidmət orqanlarının məlumatları toplama və saxlama imkanını ortaya çıxarır. Belə ki, Rusiyada istifadəçi məlumatlarının yerli serverlərdə saxlanılması ilə bağlı bir qanun var və bu qanun “Twitter” ilə “Facebook” kimi şirkətlərin ölkədə fəaliyyətini iflasa uğratmışdı.

 

Hər nə qədər əyləncəli bir tətbiqetmə olsa da, son dövrün məşhur kampaniyası olan “FaceApp”dan istifadə edərkən diqqətli olmaqda fayda var.

Müəllif: Ayna.az      17 İyul 2019 17:18
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin