Torpaqdan pay olmaz, pay torpaqdan da sahibinə xeyir

Torpaqdan pay olmaz, pay torpaqdan da sahibinə xeyir

Adı olub, özü olmayan torpaq sahələri fermerləri 190 manatdan məhrum edir

 

Bəlli olduğu kimi, karantin rejimindən dolayı işsiz vətəndaşlara 2 aylıq 190 manat məbləğində birdəfəlik yardım verilməyə başlanıb. Lakin bu yardım bir sıra kateqoriyadan olan, o cümlədən pay torpağına sahib vətəndaşlara şamil edilməyəcək.

 

Bəs, adına pay torpağı olan şəxs həmin torpaqdan faydalana bilirmi? Yoxsa, torpaq sahəsi “ağzıgünə” qalıb ortada?

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu şərti ədalətli hesab etmir. Onun AYNA-ya danışdığına görə, 1996-cı ildə keçirilən torpaq islahatı nəticəsində kənd sakinlərinə torpaqlar paylansa da, onu əkib-becərmək o qədər də asan deyil: “Həmin torpaqları dolanışıq mənbəyinə çevirmək üçün onları gübrə və avadanlıqla təmin etmək lazımdır. Fermerlərin bu torpaqları vaxtında suvarması üçün suvarma sistemi də yaratmaq lazımdır. Maşın, gübrə və suvarma sistemindən məhrum olan fermerlər pay torpaqlarını məmurlara dəyərindən qat-qat aşağı qiymətə satmağa və ya icarəyə verməyə məcburdurlar”.

 

“Bu gün şumlanmağa yararlı ərazinin ümumi sahəsi 1 milyon 700 min hektardır. Deməli, bu ərazinin 600-700 min hektarı artıq yüksək vəzifəli şəxslərin ixtiyarındadır. Və bu tendensiya davam edir. Əslində, ölkəmizdə 1,5 milyon kənd sakini işsizdir”, - deyir V.Məhərrəmov.

 

Şəmkirli fermer Şöhrət Məmmədov da problemi təsdiqləyir. “Çox vaxt məhsulumuz su çatışmazlığından məhv olur. Digər bir problem, traktor və kombaynların olmamasıdır. Bütün bu texnikanı aqrolizinqlə əldə etmək olar. Lakin bu şöbənin rəhbərliyi fermerlərə əlverişsiz şərtlər təqdim edir. Buna görə də öz avadanlıqlarından şum və məhsul yığımında istifadə edən sahibkarlara müraciət etməliyik”.

 

Məmmədovun qeyd etdiyi kimi, yuxarıda göstərilən çətinliklər əsasında bir çox fermer buna tab gətirə bilmir və pay torpaqlarını məmurlara ya satır, ya da icarəyə verməyə məcbur olur.

 

Azərbaycan Fermerlər Birliyinin (AFB) sədri Sadıq Murtuzayev də AYNA-ya bildirir ki, indiki ağır şərtlər fermerləri çıxılmaz vəziyyətdə qoyur. O, bu gün fermerlər işsiz qaldıqlarını qeyd edir.

 

Lakin yerli icra hakimiyyətləri sözügedən ittihamlarla razılaşmır. Məsələn, Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) İnformasiya şöbəsinin müdiri Vüqar Məmmədovun sözlərinə görə, rayonda pay torpaqları fermerlərin özlərinə məxsusdur və “onlar özləri torpaqları istədikləri şəkildə idarə edirlər”.

 

Xaçmaz RİH-in şöbə müdiri Ramiz Qaflanov da pay torpaqların əksəriyyətinin məmurların mülkiyyətinə çevrilməsi ilə bağlı fikirlərlə razılaşmır: "Fermerlər Xaçmazda öz pay torpaqlarını özləri idarə edirlər".

 

Tərəflərin iddiaları bir tərəfə. Reallıq budur ki, bu gün Azərbaycanda bir çox torpaq sahələrinin sahibləri faktiki olaraq torpaq hesabına yaşamırlar və dolanmırlar, onlar da işsiz olaraq dövlət yardımı almalıdırlar.

Müəllif: Rəşad Rüstəmov      20 Aprel 2020 17:09
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin