Tramp nəyin mesajını verir?

Tramp nəyin mesajını verir?

ABŞ-ın gücü tək dollarda, silahında, beyin mərkəzlərində, universitetlərində deyil, həm də idarəetmə sistemindədir

 

Dünən gecə Tpampın ABŞ iqtisadiyyatını yavaş-yavaş açması ilə bağlı çıxışını izlədim. 3 mərhələli plan təklif edir, ştatdan-ştata planın uyğulanması zamanı dəyişəcək. Amma ən maraqlı tərəfi bu idi ki, Tpamp özü etiraf etdi ki, hər şey ştat qubernatorlarından asılı olacaq. Deyir, “mən onlara söz deyə bilmərəm, qanunla onlar özləri qərar verməlidirlər”.

 

Sanki, məsuliyyəti ştat qubernatorlarının üzərinə atmaq istəyir. Ya da ABŞ xalqına mesaj verirdi ki, “indiki qaydalar doğru deyil, daxildə mənim sözümü sayan yoxdur”. Çıxışdan bir neçə saat öncə bəzi ştat qubernatorları çıxış edərək dedilər ki, “Tramp nə deyir, özü bilər, biz vəziyyətə baxıb qərar verəcəyik”.

 

ABŞ-ın gücü tək dollarda, silahında, beyin mərkəzlərində, universitetlərində deyil, həm də idarəetmə sistemindədir. Dünyada isə iqtisadiyyatın çökməsi davam edir – Çin iqtisadiyyatı son 30 ildə ilk dəfə daralma qeyd etdi, birinci rübdə ÜDM-ləri 6,8% azaldı, bu, çox böyük rəqəmdir. Təsəvvür edin ki, Çinin iqtisadiyyatı hər 1% daralanda 4 mln. insan işsiz qalır. Yaponiya və ABŞ qərar verərək Çindən istehsal müəssisələrini çıxardır – antiqloballaşma sürətlənir. Bu isə o deməkdir ki, pandemiyadan sonra dünyada mal və məhsullar bahalaşacaq.

 

Ümumiyyətlə, dünya ölkələri inflyasiya yaratmağa çalışacaq, indiki böhrandan çıxış üçün illik azı 5% inflyasiya iqtisadiyyata dərman kimi gələcək. Dünyaya səpilən trilyonlarla dollar da inflyasiya yaradan faktor olacaq.

 

Bəşər tarixinin son 100 ili, obrazlı desək, “Keynsçilik” nəzərəriyyəsi ilə “Friedmançılıq” nəzəriyyəsi arasında gedib-gəlib. Böhranda Keynsçilər önə çıxıb, amma duruş gətirə bilməyərək səhvlər ediblər, sonradan Friedmançılar revanş götürüblər. 2020-ci ildə isə aləm dəyib bir-birinə, Keynsçilik önə çıxsa da, indiki böhranın mahiyyətini tuta bilmirlər ya da başqa alternativləri görmürlər. İstehlakın kəskin azalması, vərdiş və davranış qaydalarının sürətlə dəyişməsi baş verir – hələ bu fenomeni anlamağa doğru-düzgün teoriya yoxdur. Makroiqtisadiyyat elmi yenidən yazılacaq...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert      17 Aprel 2020 14:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin