Bəşəriyyətə yol açmış otuz kitab - Dördüncü kitab

Bəşəriyyətə yol açmış otuz kitab -     Dördüncü kitab

"Dialogo Di Galileo Galilei Linceo Matematico" - Dünyanın iki başlıca sistemi haqda Dialoq

 

"Görkəmli italyan alimi, fizik, mexanik, riyaziyyatçı, filosof və astronom Qalileo Qaliley (1564-1642) dünyanın fiziki dərkinin riyazi imkanlarla mümkün olacağına inanırdı".AYNA xəbər verir ki, bu barədə Türkiyədə yaşayan, tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu öz "Facebook" hesabında paylaşım edib.

 

"İnsan beynindəki nəzəri eksperimentlərlə real eksperimentlərin sintezi onun afəti idi. "Dünyanın iki başlıca sistemi haqda Dialoq" əsəri insan zəkasının, düşüncəsinin yenidən yaradılmasında önəmli bir rol oynadı. "Dialoq" o dövrün canlı şahidi, Aristotel və Müqəddəs Foma dünyasından Kopernik və Qaliley dünyasına çətin və sancılı keçidi oldu, Boris Pasternakın deyimi ilə "düşüncənin gerçək yazılması" idi.

 

Qaliley kitabı yazmağa başlayanda onun bu dərəcədə hadisəyə çevriləcəyini təxmin etməmişdi. Onun Aristotel-Ptolomey nəzəriyyəsini səbrlə çürütməyə başlaması, Dünyanın Heliosentrik sistemini arqumentlərlə ortya qoyması elm aləmində fırtınaya səbəb oldu. Mediçi ailəsinin himayəsində 1632-ci ildə Florensiyada çap olunmuş kitab Vatikan və Katoliklərin etiraz və cəzalarına, senzura və təhdidlərinə baxmayaraq iki fərqli dünyagörüşünün - Ptolomeyin Dünya mərkəzli Kainatla Kopernikin Günəş mərkəzli Kainat anlayışını neytral mövqedən dəyərləndirmiş, həyatın sirrinin çözülməsi yolunda bir şah əsər yaratmışdır.

 

Qaliley dünyaya gözünü yuman il Nyuton doğulmuşdu. Bəzən düşünürəm ki, o, bir qədər gec - Nyutondan (1642-1727) sonra gəlsəydi dünyaya əlinə əlini, əqlini qravitasiya ilə gücləndirib elmdə necə bir sıçrayış edə bilərdi. Dərin zəkası, güclü məntiqi və əngin düşüncəsinin bircə əksiyi vardı - Nyuton mexanikası. Ancaq nə olursa olsun "Dialogo Di Galileo Galilei Linceo Matematico" əsəri Avropada elmin təntənəsi, insan oğlunun qaranlıqdan aydınlığa sıçraması və Qərbin yüksəlişinin başlanğıcı idi. "Yeni fikir əvvəlkini məhv edir" demişdi miladdan öncə Lukretius. Elə də oldu, Avropa yeni bir formasiyaya - Aydınlanma çağına keçirdi, elmin, irfanın hegemon olacağı yeni bir dünyaya".

Müəllif: Ayna.az      17 İyul 2019 06:05
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin