Rusiyadakı azərbaycanlılar ciddi problemlə üz-üzə: Kuryer işinə də düzələ bilmirlər

Rusiyadakı azərbaycanlılar ciddi problemlə üz-üzə: Kuryer işinə də düzələ bilmirlər

İcma rəhbəri: “Rusiyada işsiz qalan miqrantların problemlərin həlli üçün heç bir dövlət proqramı yoxdur”

 

Rusiyadakı Azərbaycan diasporu ölkənin ən böyük təşkilatlarından biridir. Buradakı azərbaycanlı miqrantların əksəriyyəti xidmət sektorunda və ticarət mərkəzlərində çalışdıqlarına görə, indi karantin səbəbindən ciddi problemlərlə üzləşib. Şimal qonşumuz isə miqrantların problemlərinin həllinə yönəlmiş proqramları həyata keçirməyə başlamaq niyyətində deyil.

 

Bunu AYNA-ya Moskvada azərbaycanlı icmasının rəhbəri Şamil Tağıyev deyib: “Rusiyada işsiz qalan miqrantların problemlərin həlli üçün heç bir dövlət proqramı yoxdur. Bu problemin həllində soydaşlarımıza kömək edən diasporun və fərdi iş adamlarının rolu vurğulanmalıdır: kimsə yemək alır, kimsə mənzil kirayəsi üçün pul ödəyir. Diaspor nümayəndələri bu məsələlərdə kömək edirlər. Hüquqi problemlərin həllində isə səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsi yardım edir”.

Şamil Tağıyev ÜAK-ın Moskva üzrə nümayəndəliyinin icraçı direktoru ...

Ş.Tağıyevin sözlərinə görə, sərhədlər açıq olana qədər çox sayda insan Azərbaycana geri dönə bilib: “Hazırda aprelin 20-dən sonra Vətənə göndəriləcək vətəndaşların siyahısı tərtib olunur. Məhdudiyyətlər qaldırılsa, bu insanlar evlərinə qayıda biləcəklər, lakin bu günə qədər işsiz otururlar, çünki onların əksəriyyəti xidmət sektorunda çalışır. Ticarət mərkəzləri, restoranlar, kafelər bağlandı və çox sayda soydaşımız işsiz qaldı, buna görə də indi onların ciddi dolanışıq sıxıntıları var. Hazırda müxtəlif ictimai, diaspor təşkilatları, fərdi şəxslər tərəfindən Moskvada yaşayan azərbaycanlı ailələrə humanitar yardım olunur”.

 

Kirayə haqqını ödəyə bilmədiyi səbəbindən evsiz qalan insanlar barədə danışan həmsöhbətimizin qeyd edib ki, onların bəziləri indi yataqxanalarda məskunlaşıblar: “Bir böyük yataqxananın icarəyə verilməsi planlaşdırılır. Bu layihəni maliyyələşdirmək üçün mənbə axtarırıq”.

 

“Əsas problem çox sayda insanın işsiz qalması deyil, problem soydaşlarımızın hüquqi savadsızlığıdır. Əmək bazarında iş tapa bilmirlər. Məsələn, indi kuryer xidmətində bir çox insana iş təklif edirik, çünki indi hər şey onlayn sifariş olunur, kuryerlərə təcili ehtiyac var. Bu işin müqabilində yaxşı ödəniş edilir, Moskvada bunun üçün günə 1,5 mindən 3 min rubla qədər pul ödəyirlər. Təəssüf ki, həmvətənlərimizin əksəriyyətinin sənədləri qaydasında deyil və böhran zamanı iş tapmaq istədikdə çətinliklərlə qarşılaşırlar. Yerli miqrasiya və əmək qanunlarına diqqətsiz münasibət belə fəlakətli vəziyyətə səbəb olub. Bu da işimizi çox çətinləşdirir”.

Müəllif: Nicat Hacıyev      16 Aprel 2020 21:17
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin