Nəhayət, onları görün, onlar mövcuddurlar...

Nəhayət, onları görün, onlar mövcuddurlar...

Asəf Quliyev: "Müstəqil jurnalistlərin fəaliyyətini indiki durumda tənzimləmək üçün tezliklə hüquqi baza yaradılacağını gözləmək sadəlövhlük olardı"

 

Məlum olduğu kimi, pandemiya Azərbaycanda mövcud olan bir sıra problemləri, boşluqları üzə çıxardı. O cümlədən də ölkədə frilans fəaliyyət göstərən jurnalistlərin illərdir mövcud olan, ancaq həlli tapılmayan problemini bir daha aktuallaşdırdı. Belə ki, Azərbaycan qanunvericiliyində frilans (müstəqil) fəaliyyət göstərən jurnalistlərlə bağlı hər hansı müddəa yoxdur.

 

Jurnalist Asəf Quliyev AYNA-ya müsahibəsində bu problem barədə danışıb, həlli yollarını təklif edib.

 

- Asəf müəllim, frilans fəaliyyət göstərən jurnalist olaraq, yəqin ki, Azərbaycan qanunvericiliyində belə jurnalistlərlə bağlı hər hansı bir müddənın olmaması sizi də narahat edir...

 

- Hələ 2003-2004-cü illərdə bu məsələ ilə bağlı Mətbuat Şurasına müraciət etmişdim. Həmin dövrdə “Space" TV-dən və “Azadlıq” radiosundan ayrılmışdım. Amma müəyyən maraqlı mövzular var idi ki, araşdırmaq və dərc etdirmək istəyirdim. Müəyyən qəzetlər də var idi ki, kifayət qədər qonorar verməyə razı idi. Amma bir problem var idi ki, informasiya əldə etmək üçün həm rəsmi müraciətlər etmək, həm də kimlərdənsə müsahibə almaq üçün problemlər yaranırdı. Çünki hər hansı bir KİV-i təmsil etməyən jurnalistə heç kim cavab vermək istəmirdi. O vaxt informasiya əldə olunması üçün müvafiq qanunlar da qəbul olunmamışdı. Həm hüquqi boşluq, həm də informasiya sahiblərinin informasiya verməyə həvəssiz olması müəyyən çətinliklər yaradırdı. Məsələn “Uşan Şir” adlı maliyyə pramidası haqqında hazırladığım araşdırma üçün Vergilər Nazirliyindən rəsmi cavab ala bilmirdim. Hər şey ortada olsa da, rəsmi mövqe olmadığından araşdırmanın son nöqtəsini qoya bilmirdim. Məhz bundan sonra hesab elədim ki, Mətbuat Şurası qarşsında bu məsləni qaldırım.

 

- Nəticə necə oldu?

 

- Bu qərara gələndən sonra Əflatun Amaşovla görüşdüm. O da problemi anlayışla qarşıladı, lakin həll edilməsi üçün hüquqi baza olmadığını bildirdi. Mən təklif etmişdim ki, müstəqil jurnalistlərə, məhz Mətbuat Şurasının vəsiqəsi verilsin. Həmin dövrdə Mətbuat Şurası qəzetlərə vahid vəsiqə verməyə başlamışdı. Bu təklifim təbii ki, alınmadı.

Asəf Quliyev: “Hərbi-vətənpərvərlik mövzusu yumşaq desək bir o ...

- Nəticə olmadığını görəndən sonra çəkilib kənarda gözləmə mövqeyi aldınız, yoxsa yenidən müraciətlər etdiniz?

 

- Yox, nəticə olmadığını görəndən sonra bu problemin həllinə özüm təşəbbüs göstərmək qərarına gəldim. Bir sıra həmkarlarımı da buna inandıra bildim. Beləliklə 2005-ci ildə “Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyini təsis etdik. Həmin vaxt bu ideya ətrafında Açıq Cəmiyyət İnstitutu ilə də məsləhətləşmələr aparmışdım. Və belə bir ideyanın dəstəklənməsinə razılıq almışdım. Beləcə ilk addımı atdıq 2005-ci ildə “Müstəqil jurnalist araşdırmalarının stimullaşdırılması” layihəsinə start verdik. 15-ə qədər jurnalist araşdırmasını maliyyələşdirdik.

 

- Təşkilatın sonrakı fəaliyyəti necə oldu, indi də mövcuddurmu, hansısa layihə həyata keçirirsinizmi?

 

- Doğrusu, bu ideyanı sonra inkişaf etdirə bilmədik. Təşkilat uzun müddət fəaliyyətsiz qaldı. Daha sonra isə Qarabağ münaqişəsinə fokslandıq. Son illər Qarabağ münaqişəsinin mediada işıqlandırılmasının monitorinqlərini aparırıq. Amma müəyyən hüquqi baza yaradılana qədər bu ideya ətrafında düşünməyə dəyər.

 

- Təşkilatınız sözügedən problemin kökündən həll olunması üçün nə təklif edir?

 

- Daha şəffaf və obyektiv fəaliyyət üçün bir-neçə təşkilatın birgə koalisiyasını yaradıb, müstəqil jurnalistlərin fəaliyyətinə yardım etmək olar. Sözsüz ki, indi hər bir şəxsin sorğu ilə istənilən orqana müraciət edib cavab almaq hüququ var. Amma bu, əksər hallarda alınmır. İnformasiya sahibləri öz vəzifələrini sona qədər yerinə yetirmirlər. Lakin sorğu və ya müsahibə istəyi müəyyən koalisiya adından olarsa, informasiya sahibi müəyyən məsuliyyət hissi keçirər. Bu koalisiyanın rəsmi qurumlar tərəfindən tanınması müstəqil jurnalistlərə brifinqlərdə və digər tədbirlərdə iştirak üçün müəyyən avantaj ola bilər.

 

- İndiki gücləndirilmiş karantin dönəmində frilans çalışan jurnalistlərin üzləşdiyi problemə nəzərdə tutduğunuz koalisiyanın nə kimi faydası ola bilər?

 

- İndiki şəraitdə hansısa müstəqil jurnalist Operativ Qərərgahdan informasiya ala bilirmi? Təbii ki, xeyir! Heç keçirilən mətbuat konfranslarından xəbər tuta bilmir. Amma koalisiya adından kimlərinsə informasiya almasına şərait yaratmaq olar. Bu məsələdə başqa bir incə məqam da var. Mənim tanıdığım xeyli sayda müstəqil jurnalist var ki, xarici media orqanları ilə əməkdaşlıq edir. Onların obyektiv və operativ informasiyanı xarici media orqanlarında yaymaq imkanları var. Həm bu gün koronavirusla bağlı yaranmış situasiyada, həm Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, həm də digər məsələlərdə müstəqil jurnalistlərin daha çevik işləməsi, məncə, Azərbaycanın informasiya məkanının saflaşdırılmasına xidmət edə bilər. Çünki asılı media orqanlarında çalışanlar, istər-istəməz konyuktur maraqları gözləməkdə maraqlıdırlar. Amma müstəqil jurnalistlərin fəaliyyətində belə bir maneə yoxdur.

 

- Bir sıra jurnalistlər düşünürlər ki, indiki dönəmdə meydana çıxmış problem tezliklə bu məsələnin həllinə rəvac verəcək. Yəni, ən azı bundan sonra müəyyən hüquqi baza yaradılacaq. Siz necə düşünürsünüz?

 

- Hesab edirəm ki, müstəqil jurnalistlərin fəaliyyətini indiki durumda tənzimləmək üçün tezliklə hüquqi baza yaradılacağını gözləmək sadəlövhlük olardı. Buna görə də bir neçə jurnalist təşkilatının yarada biləcəyi koalisiya daha çevik və indiki şəraitdə effektiv olar. İş prinsiplərini, daxili nizamnaməni və s. isə qısa zamanda hazırlamaq olar. 

Müəllif: Rumiyyə Miraslan      17 Aprel 2020 13:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin