Çörəyi necə dezinfeksiya edək?

Çörəyi necə dezinfeksiya edək?

AQTA: Ərzaq məhsullarının satışı məntəqələrində mütəmadi monitorinqlər keçiririk

 

Koronavirusla bağlı tədbirlər və xüsusi karantin rejiminin davam etdiyi bir zamanda insanları marketlərdəki məhsulların təhlükəsizliyi maraqlandırır. Söhbətləşdiyimiz vətəndaşlardan öyrəndik ki, onlar bağlı vəziyyətdə olan məhsulları almağa üstünlük verirlər. Paketlənmiş gündəlik tələbat malları açıq satışda olan məhsullardan bir qədər bahalı olsa da, hər halda vətəndaş seçimini sağlamlıqdan yana edir.

 

Daha çox açıq şəkildə satılan meyvə və tərəvəzi isti su ilə dəfələrlə və ya sirkəli su ilə yuyan insanlar var. Hər halda, koronavirus təhlükəsindən uzaq olmaq üçün edilsə də, sadə təmizlik qaydalarıdır.

 

Bəs, gündəlik tələbat məhsulu olan çörək necə? Çörəyi dezinfeksiya etmək və yumaq olmur, axı. Hələ də əsas un məmulatları açıq şəkildə satılır. Qablaşdırma göstərişi olsa da, təndir və bəzi çörək sexləri mağazalara təhvil verdikləri çörəyi elə marketin içində üzləyirlər. Sellofan torbalarda olan çörəyin daşınmasındakı nöqsanlar isə hələ də düzəlməyib. İstifadə vaxtı keçmiş maşınlarda, baqajlarda çörək daşınmasının hələ də şahidi oluruq. Çirkli maşından mağazaya, oradan da süfrəyə gələn belə çörəyin alıcısı da var. Baxmayaraq ki, istehlakçılara daha çox qablaşdırılmış məhsul almaq məsləhət görülür.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri Mansur Piriyev AYNA-ya açıqlamasnda deyib ki, koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində mütəmadi monitorinqlər keçirilir: “Belə ki, AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirirlər. Eyni zamanda, bu tədbirlər çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri aparılır”.

Mansur Piriyev “Tərəqqi” medalı ilə təltif olunub - Report.az

“İndiyədək Agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər”, - Piriyev bildirib.

 

AQTA rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub: “Vətəndaşlardan xahişimiz odur ki, bununla bağlı hər hansı qayda pozuntusuna rast gəldikdə AQTA-nın 1003 Çağrı Mərkəzinə zəng edib məlumat versinlər”.

Müəllif: Raminə Eyvazqızı      16 Aprel 2020 19:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin