Məsələnin həlli (qeyri) mümkündür

Məsələnin həlli (qeyri) mümkündür

Tərəzinin hansı gözü ağır gələcək - iqtisadi məqsədəuyğunluqmu, siyasi uyğunsuzluqmu?

 

OPEC+ formatında danışıqların ləngiməsi nə neft hasilatının hansı həcmdə azaldılması, nə də neft ixracı ilə bağlıdır, çünki ilk baxışdan texniki və texnoloji məsələ kimi görünən bu məqam, əslində sırf siyası məna daşıyır. Və burda söhbət rəqiblərin dünya bazarındakı yerini bu və ya digər həcmdə dar etməkdən getmir – bu işlə hamı və həmişə məşğul olub. Sadəcə bu dəfə baş verəçəklər qloballığı və miqyası ilə fərqlənəcək. İş orasındadır ki, Kreml, öz vəziyyətinin çətinliyi qədər də ümidsiz olmasına baxmayaraq, Qərb, ələlxüsus da ABŞ üzərində strateji qələbə qazanmaq əzmindədir.

 

Moskvada hələ də nədənsə belə düşünürlər ki, ABŞ Prezidenti Donald Trampın öldüyü-itdiyi bir şey varsa, o da “dostu-qardaşı” Vladimir Putinlə əl tutub qarşılıqlı münasibətlərdə yeni səhifə açmaqdır. Rusiya bu yaxınlarda özünü, hətta ABŞ-a humanitar yardım edirmiş kimi də göstərməyə çalışmışdı. Bununla bağlı Trampın zarafatla “nəcib addımdır” deməsindən sonra rus federal telekanallarının sevinclərinin həddi-hüdudu yox idi, ancaq “bayram şənlikləri” uzun sürmədi – demə, “yardımın” pulu ödənilibmiş, elə amerikalıların özləri tərəfindən. Amma və lakin, qozbeli qəbir düzəldər. Bu biabırçı taktiki uğursuğluq rusları strateji məqsədlərindən sapdırmadı.

 

Beləliklə, əsas məqsəd ABŞ-Rusiya-Səudiyyə Ərəbistanından ibarət neft üçbucağı yaradaraq yerdə qalanlara ayaq yeri qoymamaqdır. Özü də təkcə neft və qaz sahəsində deyil, bir çox digər məsələlərdə də. Bu, az da olsa, Kremli dünyanın, heç olmasa hələlik qaz və neft sarıdan ipini ələ keçirmək kimi arzusuna yaxınlaşdıra bilər. Kreml ağalarının fikrincə, bu yolla Rusiyanın dünyada neftin ildırım sürətilə ucuzlaşması, sanksiya və daha nələr nəticəsində itirdiyi mövqelərini bərpa etmək olar.

 

Amma, necə deyərlər, Kreml, sən saydığını say, gör fələk nə sayır.

 

Birincisi, səudlar neft istehsalının təklif olunan həcmdə azaldılmasıyla razı deyillər. Putinin təklif etdiyi sutkada 10 mln. çəlləklə məsələ həllini tapmır. Neft bazarındakı təklifin yaratdığı mənfi qiymət trendini yerindən tərpətmək üçün istehsal ən azı 15-17 mln. barel azaldılmalıdır.

 

Və elə ən maraqlı sual da bu yerdə doğur: İstehsalı kim və nə həcmdə azatmalıdır? Hələ Rusiya ilə OPEC arasındakı sövdələşmə, söhbət bu ilin yanvar-mart aylarından gedir, qüvvədə olanda rus neft şirkətləri istehsalı azaltmaq əvəzinə onu 0,7% həcmində artırmışdılar. Olmaya Moskvada bundan heç kimin xəbər tutmayacağına əmindilər? Çətin, sadəcə olaraq həmişəki kimi həyasızcasına sözlərinə naxələf çıxmışdılar. Onlar üçün təbii idi – sözü ha verdin, ha vermədin. Bundan sonra baş verənlər də təbii idi – bunadək Rusiyaya sadəlövhcəsinə inananlar da anladılar ki, bunların şələsinin üstünə odun yığılası deyil.

 

İkincisi, Ər-Riyad ABŞ olmadan danışıqlara getmək istəmir və bunun da neft istehsalı həcmləriylə heç bir əlaqəsi yoxdur. Bu, sırf siyası məqamdır, çünki hamı bilir ki, ABŞ administrasiyasının Amerika neft şirkətlərinə “istehsalı azalt və razılaşdırılmış kvotalara riayət et” demək lüksü yoxdur. Bura Amerikadır, dostlar. Bu ölkədə qanunlar işləyir. Əks halda iş məhkəməyə də gedib çıxa bilər. Məhkəmə ilə problemsə heç kimə lazım deyil, çünki axırı impiçmentlə bitə bilər. Konqres də elə bir himə bənddir. Deməli, səudların şərt kəsmələrinin əsas məqsədi fikir yayındırıb Rusiyanı istehsalı böyük həcmdə azaltmağa vadar etməkdir.

 

Üçüncüsü, Rusiya neft sənayesinin nə gündə olduğunu bilməyən yoxdur. Yaxın perspektivdə onun istehsalı ciddi artırmaq potensialının olmamasıyla yanaşı, azaltması da olduqca qəlizdir. Tatarıstan və ona yaxın bölgələrdə bunu hələ etmək olar. Sibirə gəlincə isə, ortaya bir xeyli texniki və texnoloji problemlər çıxır. Daimi buzlaqlardakı quyunu qapatdınsa, onu bir daha istismar üçün bərpa edə bilməyəcəksən. Səudiyyə Ərəbistanında isə bu, çətin olsa da, mümkündür, çünki oralar bol günəşlidir.

 

Dördüncüsü, Moskvada Amerika neftçilərinin lobbiçilik imkanlarını həddindən artıq şişirdirlər. Əslində isə, onları siyası məsələlər bir o qədər də maraqlandırmır. Bir də ki, yardımın hansı şəkildə - qiymətlərin qaldırılması barədə sövdələşmə nəticəsində və ya birbaşa maliyyə dəstəyi ilə - ediləcəyi onları narahat etmir. Elə məhz sonuncusu ABŞ administrasiyasının əlindədir, çünki böhranın nəticələrini azaltmaq üçün hökumətin ayırdığı trilyonlarla dollardan neftçilərin də payına mütləq nə isə düşəcək. Ona görə də onların dərdini çəkməyə dəyməz. Onlar heç Trampın yadına da düşmür, çünki onun daha ciddi işləri var. Onların “acı taleyi” yalnız Rusiya federal kanallarını qayğılandırır, dəsmal çıxardıb elə ağlayırlar ki, guya öz neftçilərini ağ günə çıxardıblar, qalıb amerikalılar.

 

Beşincısı, Moskva mümkün sövdələşməni siyası alver predmetinə çevirməyə çalışır. Maduronu və bəlkə də Kubanı satmaq və bir daha ABŞ-ın “backyard” dediyi “arxa məhəlləsinə”, yəni Latın Amerikasına burnunu soxmaması müqabilində sanksiyaların götürülməsi və sərhədləri boyunca ölkələrlə yanaşı, həm də ta Balkanlaradək Şərqi Avropada at oynatmaq imkanı əldə etmək istəyir.

 

Amma Ər-Riyadın da İran və onun Suriya və Yəmənə ekspansiyasıyla bağlı siyası tələbləri var. Bu yerdə Moskva heç də söz sahilbi deyil. Tehran bu bölgədə öz maraqlarına uyğun siyasət yürüdür və çətin ki, Rusiyaya xoş gəlsin deyə yolundan çəkinsin. Əksinə, bu sövdələşmə və siyasi alverdə iştirak edib üzərindəki  Amerika sanksiyalarının götürülməsi və ya heç olmasa zəiflədilməsinə çalışacaq.

 

Moskva Səudiyyə Ərəbistanı hökümətini ABŞ-ın oyuncaq rejimi kimi qəbul edir. Hərçənd, bu, heç də belə deyil. Ər-Riyad Vaşinqtonla sıx əlaqələrinə baxmayaraq özünə görə müstəqil bir oyunçudur. Həm də Ağ Ev çətin ki, xoş gəlsin deyə, yaxın müttəfiqini Kremlin ayağına versin.

 

Neft hasilatını azaldaraq yaxınlaşmaqda olan resessiya və çox güman ki, dünya iqtisadiyyatının qlobal böhranı ərəfəsində bazardakı tarazlığı bərpa etmək üçün iqtisadi və maliyyə baxımından razılığa gəlmək lazımdır. Çətin olsa da, bunu etmək mümkündür. Siyasi cəhətdən ortaq məxrəc tapılmır, belə ki, özünü sındırmaq istəyən yoxdur. Bu, Moskva üçün ikiqat çətindir, çünki Ər-Riyad özünü mənən alçaldılmış hiss edir. Hər iki tərəfə iqtisadi və siyasi rəqib üzərində tam və mütləq qələbə gərəkdir.

 

Kreml Ağ Evdən səudiyyəlilərin əllərinin arxasını yerə qoymaları üçün təzyiq vasitəsi kimi istifadə etmək istəsə də, bundan bir şey çıxmadı. Tramp buna nədən getməliydi ki? Əksinə, indi onun əlinə qarşılıqlı əməkdaşlığı gücləndirməklə Səudiyyə Ərəbistanına Amerika silahları satmaq kimi bir fürsət düşüb. Ona görə də, Ər-Riyadı deyil, Moskvanı küncə sıxışdırmaq sərfəlidir. Lap elə ilk növbədə “Rosneft” başda olmaqla Rusiya neft şirkətlərinə qarşı sanksiyaları gücləndirmək və rus neftinin idxalına gömrük rüsumlarını artırmaq vasitəsilə hədə-qorxu gəlmək lazımdır.

 

Qayıdaq Maduroya. Adi riyazı və mühasibat hesablamaları göstərir ki, onun rejimi can üstündədir. Moskvanınsa onu yemləməyə əsla imkanı yoxdur, çünki bir əldə iki də deyil, bir-neçə qarpız tutmaqdadır. Maduronu tutsa, Suriya əldən gedəcək. O biri tərəfdən də Donbas. Dnestryanı separatçılarının səsi də dünyanı başına alıb. Onlar da pul və yemək istəyirlər. Bəs onda Moskva nə ilə və nəyin alverini edir? Belə çıxır ki, heç nə ilə heç nəyin. Sadəcə olaraq məlum turac kimi dambatlanır.

 

Beləliklə, bir sual əmələ gəlir: Tərəzinin hansı gözü ağır gələcək - iqtisadi məqsədəuyğunluqmu, siyasi uyğunsuzluqmu? Tezliklə məlum olmalıdır. Hər halda indidən qəti bir şey demək çətindir, çünki hər şey ola bilər.

Müəllif: Yuri Rayxel      8 Aprel 2020 19:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin