Karantinin yalnızlıq simfoniyası

Karantinin yalnızlıq simfoniyası

Hamınız ruh əkizinizi gözləyin, tək çarəniz gözləməkdir

 

Artıq karantinin, mən nə bilim, neçənci günündəyik. Bilirəm, bütün günü evdə oturmaqdan, çay içib, yemək yeyib, filmə baxıb, yatmaqdan, daha doğrusu, yuxuya gedə bilməməkdən bezmisiniz. Bəs, bu fürsətdən istifadə edib yuxuya getmədiyiniz belə gecələrdən birində özünüzlə baş-başa qalmağı yoxlamısınızmı? Özünüzü sorğu-suala tutmusunuzmu? Əvvəl gündə 3 dəfə, karantin günlərində 3-4, hətta 5 dəfə qidalandığınız bir vaxtda gecə ruhunuzu qidalandırmısınızmı?

 

Məncə, əlinizdə nə qədər fürsət var, bir gecə ayırın özünüzə. Həmin gecə gözlərinizi yox, ruhunuzu dinləndirin. Boş otağın bir küncünə qısılıb, dizlərinizi qucaqlayıb düşünün... Düşünün ki, sonuncu dəfə nə zaman hüzurlu və xoşbəxt olmusunuz? Ailənizləmi? Ya onlar da bu gün dünyanın əziyyət çəkdiyi xəstəliyə yoluxsalar, ya da əksi, siz yoluxsanız, sizə yaxın gələcəklərmi?

 

İndi bəziləriniz düşünürsünüz ki, nə ailə, mənim üçün canından keçən dostlarım var. Yoxlayın. Zəng edin bir dostunuza, deyin ki, "mən koronavirusa yoluxmuşam, gəl mənə kömək elə"... Nəticə aşağı-yuxarı bəllidir. Və o zaman anlayacaqsınız ki, yalnızsınız. YALNIZ... Eynən doğulan körpələr, ya da ölənlər kimi yalnız...

 

Yaxşı, bəs, bu yalnızılığı sizinlə kim bölüşə bilər? Əlbəttə, yalnız və yalnız özünüz. Daha doğrusu, ruhunuz. Əgər bir musiqidən, bir şeirdən və ya yağışın şırıltısından kövrəlirsinizsə, demək ki, sizin sizə həmdəm ola biləcək bir ruhunuz var. Bu halda bu planetdə yalnız belə olsanız, hər şeyin öhdəsindən gələcəksiniz və inamla yaşayacaqsınız.

 

Bir insanın ən böyük zənginliyi öz ruhunu tanımasıdır. Öz ruhunu tanıyan biri isə hər zaman öz ruh əkizini gözləyər. Həmin o gözlədiyi müddətdə ətrafında milyonlarla adam olsa belə, gözləyən hər zaman yalnızdır. Öz ruh əkizini tapan isə bütöv bir dünyadır. Fərqi yoxdur gözlədiyinin bədəninin yaşı, milliyyəti, irqi... Çünki ruhun nə rəngi, nə də yaşı var.

 

Hamınız ruh əkizinizi gözləyin, o, gələnə kimi hamınız yalnızsınız, təksiniz, məzlumsunuz, zavallısınız...Tək çarəniz gözləməkdir. Gözləyin, ruhunuz asimana pərvaz olana kimi...

 

Eşq ilə gözləyin, eşqdə qalın.

Bu dünyanı eşq xilas edəcək.

 

Əcəmi Əsədulla

Müəllif: Ayna.az      8 Aprel 2020 23:00
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin