İki saatlıq "şou"

İki saatlıq "şou"

Canlı efirlərə çıxan müğənnilərin sərbəst gəzmək hüquqları varmı?

 

Koronavirus bütün dünyada yayılma sürətini və təhlükəsini getdikcə artırır. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da təhlükənin yayılmasının qarşısını almaq üçün sosial təcrid tədbirləri həyata keçirlir.

 

Bu tədbirlərdən biri də vətəndaşların hərəkətinə qoyulan məhdudiyyətlərdir. Belə ki, vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS vasitəsilə hara getməli olduqları barədə müvafiq rəqəmləri qeyd edərək icazə almalıdırlar.

 

Lakin maraqlı bir məqam var: televiziyalarda canlı yayımlanan proqramlarda əksər müğənnilər iştirak edirlər. Sual yaranır ki, bu müğənnilərin sərbəst gəzmək hüquqları varmı? Yaxud onlar müvafiq rəqəmə nə yazıb göndərirlər ki, canlı verişlərdə çıxıb iştirak edirlər?

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AYNA-ya açıqlamasında deyib ki, bu barədə Daxili İşlər Nazirliyi ilə dəqiqləşdirmə aparmaq lazımdır: “Ola bilsin ki, həmin verlişlərin və həmin şəxslərin iştirakla bağlı icazə hüququ var. Sadəcə dəqiqləşdirmək lazımdır”.

 

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AYNA-ya bildirib ki, həmin müğənnilər də digər vətəndaşlar kimi SMS-icazə sistemi vasitəsilə icazə alırlar: “İki saatlıq efirdə itirak edib evlərinə qayıdırlar. Yəni adi vətəndaşlar necə icazə alırsa, onlar da elə”.

 

“Hazırda bütün dünyada karantin rejimidir və bütün ölkələrdə televiziyalar fəaliyyət götərir. Ki, vətəndaşlar evdə oturub nəyəsə baxsınlar və maariflənsinlər”, - deyə DİN rəsmisi əlavə edib.

 

Maraqlıdır: Evdən çıxıb çəkilişə getmək, ən azı bir saat davam edən verilişdə iştirak etmək və təkrar evə qayıtmaq üçün 2 saat yetərlidirmi?

Müəllif: Mərahim Nəsib      8 Aprel 2020 14:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin