Sənə mesaj yazıram, yazıram ki, acmışam

Sənə mesaj yazıram, yazıram ki, acmışam

Bir dəfəyə 500 nəfəri qarşılamağı bacarmayanlar, 100 min nəfəri necə qonaq edəcəklər?

 

Məmləkətin "qaynar xətt"ləri - dövlət qurumlarından tutmuş banklara qədər (dünən 3 saat ərzində "Kapital Bank"a düşə bilmədim, “Facebook” messencerlərinə yazdığım suala isə 1 sutkadan sonra cavab verildi) daim məşğuldur. Hətta, elə “qaynar xətt”lər var ki, həftəiçi 09.00-18.00 qrafiki ilə işləyir (!!!), sonra mədəni istirahətə çəkilir.

 

Yaxşı, bir nazirliyə eyni vaxtda nə qədər vətəndaş zəng etmək fikrinə düşər? Ya da hansısa bankın mesaj qutusuna gün ərzində neçə SMS göndərilə bilər? Əhalinin neçə faizi birdən-birə eyni internet provayderin əlaqə nömrəsinə “hücum” çəkmək istər?

 

Təbii ki, hamının (və ya əksəriyyətin) eyni vaxtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işi düşəsi deyil. Eləcə də, xeyli sayda insanın sözü bir yerə qoyub, “Beynəlxalq Bank”ınmı, “Bakinternet”inmi “qaynar xətt”ini çökdürməyə çalışmasını düşünə bilmərik.

Azərbaycanda koronavirusla bağlı 24 saat işləyən qaynar xətt ...

Bəs, evdən çıxmaq üçün müəyyənləşdirilmiş nömrə (8103) necə? Nə qədərimizin bu nömrəyə mesaj atmağa ehtiyacı var? Hazırda vətəndaşların kütləvi şəkildə evdə saxlanıldığını (qaldığını) nəzərə alsaq, aradakı fərqi hesablamaq çətin olmaz, yəqin ki?! Evdə qalanların, tutaq ki, 10 faizinin eyni saat daxilində marketə, aptekə getmək gərəyi hiss etməsi mümkündür. Bunun yolu da 8103-ə məlumat verməkdən keçir.

 

O zaman məlum “qaynar nömrə" bu boyda yükün altından necə qalxacaq? Məsələn, eyni vaxtda 500 nəfərin zəngini, mesajını cavablandırmağa çətinlik çəkilirsə, 100 min SMS-ə cavab vermək mümkün olacaqmı?

 

Xəttin o tərəfindəki olmasın insan, olsun robot – sistem yüklənməyəcək? Məktəbə qəbulla bağlı elektron informasiya bazasının, valideynlərin eyni vaxtda daxil olması səbəbindən hər dəfə çökdüyü çoxumuza bəllidir. Ya da, yalan-gerçək özləri iddia edirdilər ki, güzəştli mənzillərlə bağlı müraciətlərin çoxluğu ucbatından, elektron müraciət portalı iflic olmuşdu.

 

Eləysə, 8103 və ona məsul olanların nəhəng dalğa qarşısında duruş gətirib-gətirməyəcəyini düşünün. Aptekdən təcili “Valerian” almalı olan Səkinə xanımı, nahar üçün çörək ardınca çıxmalı olan Fərhad bəyi, kəsilmiş qaza görə “Azəriqaz”ı məmnun etməli olan Vüqarı saatlarla gözlətmək olmaz ki!

 

Amma olurmuş. Artıq ilk işartıları meydana çıxmağa başlayıb. Şəxsən tanıdığım adamlar var ki, səhər 9-da SMS göndərib, iki saat əliqulağında gözləyib, sonra məcburiyyət qarşısında icazəni gözləmədən bayıra çıxıblar. Və bu, hələ başlanğıcdır...

 

P.S. “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayılın məşhur deyimi dillərdə əzbərdir: “Oğlum Yadullanın müsibəti bunun yanında yalan oldu”. İndi elə vəziyyət yaranacaq ki, sevgilisinə yazdığı mesaja (məktuba) cavab gözləyən gənclərin intizarı bunun yanında yalan olacaq.

Müəllif: Tural Talehoğlu      5 Aprel 2020 18:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin