Ölkədə bu qədər qeyri-rəsmi iş yeri ola bilməz

Ölkədə bu qədər qeyri-rəsmi iş yeri ola bilməz

Vergi güzəştləri və sanksiyalar problemi həll eləmirsə, demək, mübarizə və həll üçün mexanizmlər doğru seçilməyib

 

Hökumətin böhranla bağlı dəstək paketinin müzakirəsində hamı haqlı olaraq çox vacib problemə diqqət çəkir - rəsmi işi və qazancı olmayanlar sosial dəstəkdən kənarda qalırlar. Amma çox vacib bir məqam diqqətə alınmır - problemin tək səbəbi məşğulluğun qeyri-rəsmi olması deyil, həm də etiraf olunmayan qeyri-rəsmi, gizli işsizlikdir.

 

Ölkədə 3 mln. qeyri-rəsmi iş yeri ola bilməz. Belə çıxır ki, hər 1 rəsmi iş yerinə 2 qeyri-rəsmi iş yeri düşür. Statistikanı qoyuram kənara – o, görməyə bilər (ya da hansısa səbəbdən görmək istəməyə bilər).

 

Axı, bu qədər iş yeri olsa, ən azından bizim yanımızda olmalıdır, gözümüzün qabağında olmalıdır, çoxlu sayda dostlarımız, tanışlarımız, qohumlarımız orda işləməlidir. Halbuki, mən öz ətrafımda işləməyən, işi olmayan, işləmək istəsə belə, ixtisasına, peşəsinə uyğun işi illərdir tapa bilməyən nə qədər insan tanıyıram.

 

Amma bunların heç birini statistika rəsmi işsiz kimi uçota almır. Hamısı həmin o qeyri-rəsmi məşğullar statistikasındadır. Hökumət üçün rəsmi işszilərin sayının çox olmasındansa, qeyr-rəsmi iş yerlərinin sayını çox göstərmək siyasi baxımdan daha əlverişlidir.

 

Fərz edək ki, ticarətdə, xidmətdə, tikintidə olsun 300-500 min, lap 1 milyon nəfər uçotsuz çalışan. Bəs, yerdə qalan 2 mln. nəfər hanı? Qeyri-rəsmi iş yerlərinin bu qədər nəhəng sayda olacağına dair heç bir arqument inandırıcı görünə bilməz.

 

Əsas səbəb - ölkədə etiraf edilməyən böyük miqyasda işsizlikdir. Xüsusilə də nəhəng miqyasda işsizliyin əsas hissəsi Bakı, Sumqayıt və Abşerondan kənarda, əsasən kəndlərdə yatıb.

 

Qanunvericilk və ondan çıxış etməyə məcbur qalan statistikamız, hətta adambaşına 10-15 sot pay torpağı olan 10 minlərlə kənd adamını ilboyu işləyən sayır. Halbuki, bu gün, hətta 1 hektar torpağı olan kiçik bir ailənin belə, o həcmdə torpaq sahəsindən qazandığı gəlirlərini və becərmə xərclərini çıxdaş edib 12 aya bölsək, bəlkə də rəsmi minimum maaşın yarısı qədər gəlir əldə etdiyi üzə çıxacaq. Bir də bu şəxsin əmək qabiliyyətli yaşda olmayan 2 övladı varsa, həmin gəlirləri onların da arasında bölün.

 

Bir neçə dəfə yazdığım təklifin indi daha çox aktual olduğu qənaətindəyəm: ölkədə bütün işləyənlərin peşələr və iş yerləri üzrə dəqiq statisitkası verilməli, bütün rayonlar üzrə məşğul əhalinin iqitsadiyyatın sahələri üzrə bölgüsü açıqlanmalıdır.

 

Qeyri-rəsmi məşğulluq, onun leqallaşması vətəndaşın yox, hökumətin məsuliyyətidir. Əgər vergi güzəştləri və sanksiyalar belə, problemi həll eləmirsə, demək, mübarizə və həll üçün reseptlər (mexanizmlər) doğru seçilməyib. Ən əsası, diaqnostikası düzgün aparılmayıb. Xəstəlik sağalmırsa, mütləq və ilk öncə diaqnostikaya bir də baxacaqsan.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      5 Aprel 2020 15:04
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin