Əsas səhifə Haqqımızda Xəbər lenti

“Karantin rejimi jurnalistlərin fəaliyyətini məhdudlaşdırmamalıdır”

“Karantin rejimi jurnalistlərin fəaliyyətini məhdudlaşdırmamalıdır”

Ekspertlər hesab edirlər ki, xüsusi rejimin tətbiqi zamanı mətbuat nümayəndələrinə öz vəzifələrini yerinə yetirmək üçün hər cür imkan yaradılmalıdır

 

2020-ci il aprelin 1-də Azərbaycan Mətbuat Şurası (MŞ) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə, jurnalistlərin peşə vəzifələrinin xüsusi rejimdə yerinə yetirilməsini yaxından izləyəcək birgə monitorinq qrupunun yaradıldığı barədə məlumat verdi. Polis əməkdaşlarının daim əlaqə saxlayacağı qrup hər bir konkret faktı araşdıracaq.

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev məsələ ilə əlaqədar AYNA-ya açıqlamasında deyib ki, jurnalistlər fövqəladə vəziyyətlərdə işləyərkən məsuliyyətlərini dərk etməlidirlər: “Çünki məsuliyyətsiz yazıları çox ciddi nəticələrə səbəb ola bilər. Lakin bu, heç bir halda o demək deyil ki, yayımlanan yazıların keyfiyyətinin monitorinqinə, media nümayəndələrinin fəaliyyətlərini nəzarətə hüquq-mühafizə orqanlarının və ya təhlükəsizlik xidmətinin nümayəndələri cəlb edilməlidir. Dövlət qurumları jurnalistlər tərəfindən qanun pozuntusu halına müdaxilə etməlidir. Bütün baş verənlər Mətbuat Şurasının fövqəladə vəziyyət halında öz rolunu anlamadığını göstərir”.

 

Media hüququ eksperti Ələsgər Məmmədli də hesab edir ki, epidemiyanın yayılması ilə əlaqədar karantin rejiminin tətbiqi heç bir halda KİV-lərin fəaliyyətini məhdudlaşdıra bilməz: “KİV-lərin fəaliyyəti yalnız fövqəladə vəziyyət tətbiq edilərkən məhdudlaşdırıla bilər. Mətbuat Şurasının əsas vəzifəsi jurnalistlərin peşə fəaliyyətlərində etik normalara riayət etmələrini təmin etmək olmalıdır. Mətbuat Şurası KİV-lərin ona olan inamını təmin etməli, onlara nəzarət etməməlidir”.

 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli AYNA-ya bildirib ki, Monitorinq Qrupu jurnalistlərin fəaliyyətinə nəzarət etmək üçün yaradılmayıb: “Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında bildirilir ki, karantin zamanı mətbuatın işləməsi üçün hər cür şərait yaradılmalıdır. Beləliklə, Monitorinq Qrupunu yaratdıq ki, jurnalistlərin peşə vəzifələrini yerinə yetirərkən qarşılaşdıqları problemlər vaxtında həll olunsun”.

 

Bütün rəylərdən də göründüyü kimi, xüsusi rejimin tətbiqi zamanı jurnalistlərə vəzifələrini yerinə yetirmək üçün hər cür imkan yaradılmalıdır. Ən azı, əhalinin koronavirus haqqında məlumatları sosial şəbəkələrdən deyil, etibarlı mənbələrdən əldə edə bilməsi üçün bu, vacibdir. Həqiqətən, çoxbilmişlərin fəaliyyəti panikaya və lazımsız ajiotaja səbəb ola bilər. Mətbuat Şurası medianın fəaliyyətinə nəzarət etməməli, materialları qiymətləndirməməli, əksinə, jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə kömək etməli və media ilə dövlət qurumları arasında problemlər yarandıqda müdaxilə etməlidir. Çünki jurnalistin əməyinin nəticəsini qiymətləndirmək MŞ-nin deyil, oxucunun səlahiyyətindədir.

Müəllif: Ayna.az      3 Aprel 2020 22:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin