Mirvarid Dilbaziyə həsr olunmuş videoçarx hazırlanıb

Mədəniyyət

19.08.2021 - 12:51

Videoçarxda Xalq şairi haqqında geniş məlumatlar yer alıb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şairə Mirvarid Dilbazi haqqında "Bir şairə anamız vardı - Xalq şairi Mirvarid Dilbazi" adlı videoçarx hazırlayıb.

 

Baş İdarədən AYNA-ya bildirilib ki, videoçarxda Mirvarid Dilbazi haqqında geniş məlumatlar yer alıb.

 

Bildirilib ki, M.Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açıb. Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil aldıqdan sonra Quba Partiya Məktəbində ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Milli Elmlər Akademiyasının əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışıb.

 

1997-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunub. Bununla da müstəqil Azərbaycanın tarixində Mirvarid xanım “İstiqlal” ordeni ilə təltif olunmuş ilk qadın şairimizdir.

 

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşayıb.

 

İctimai ağrılara, haqqa, ədalətə ürəyini söykəyən el anası, xalqının çox sevdiyi şairə Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib. Mirvarid Dilbazinin ədəbiyyatımıza bəxş etdiyi poeziya nümunələri bütün zamanlarda öz təravətini itirməyəcək və onun əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

 

Videoçarxa kitabxananın feysbuk və instaqram səhifələrindən baxmaq olar.

Müəllif: Ayna.az