“Min nəfər alpinistimiz varsa, onun beş yüzü qadındır” - FOTOLAR

İdman

06.03.2022 - 22:40

Bülent Mavzer: “Əcnəbi dağçılar Ağrı dağına dırmanmaq üçün axın edirlər”

Ötən günlərdə dağçıların (alpinist) Naxçıvandakı İlandağına Xocalı soyqırımı ilə əlaqədar anım yürüşü olub. Bu yürüşdə azərbaycanlı və türkiyəli dağçılar iştirak ediblər. Aksiya türkiyəli dağçıların təşəbbüsü ilə baş tutub.

AYNA-nın həmsöhbəti də sözügedən yürüşdə iştrak edən, ixtisasca jurnalist olsa da, alpinizmlə peşəkar şəkildə məşğul olan Bülent Mavzerdir. Beləliklə:

- Bülent bəy, Türkiyədə dağçılıq sənətinə maraq necədir?

- Türkiyədə həm gənc nəsil, həm də yaşlı nəsil bu sahəyə maraqlıdır. İdman Nazirliyinin nəzdində Dağçılıq Federasiyası fəaliyyət göstərir. Federasiyanın ölkənin bütün regionlarında nümayəndəlikləri mövcuddur. Demək olar ki, ölkənin hər yerində dağçılıq məktəbləri var. Hündürlüyü 5165 metr olan Ağrı dağının Türkiyədə yerləşməsi də bu sahəyə marağı artırır. Çünki Ağrı dağı həm dini inanclara görə, həm də dağçılar üçün maraqlıdır və bu dağa çıxmaq istəyənlər çoxdur. Ümumiyyətlə, Türkiyədə 4000-dən çox dağ, 3000-dən çox yüksəklik olduğundan digər ölkələrin dağçılarını da cəlb edir. Bir sözlə, Türkiyə dağçılıq sənəti üçün mükəmməl ölkələrdən biridir.

Onu da qeyd edim ki, dağçılıq idman növü bir neçə yerə bölünür: qayaya dırmanmaq, buza dırmanmaq, yürüş və ekstrim. Buza dırmanma hər il qış aylarında reallaşır. Digər növlər ilə isə il ərzində məşğul olmaq olur. Deyə bilərəm ki, Türkiyədə bu idman növünə maraq çox yüksəkdir. Əlavə edim ki, inanc turizmi də Ağrı dağa görə çox inkişaf edib. İrandan, Almaniyadan, ABŞ-dan və digər ölkələrdən yüzlərlə turist məhz bu dağa görə gəlir. Türkiyədə xarici turistləri cəlb edən dağ Ağrı dağıdır. Azərbaycandan da dağçılar məhz bu dağa yürüş etmək üçün gəlirlər.

- Sizdə dağlar daha çoxdur. Orada dağçılıq sahəsinə diqqət ayrılır? Nəzarət varmı?

- Dağa qalxmazdan öncə adiyyəti dövlət qurumlarından icazə alınmalıdır. Əvvəllər hər kəs qrup rəhbəri ola bilirdi. İndi isə sadəcə peşəkarlara xüsusi icazə verildikdən sonra onlar qrup rəhbəri ola bilirlər. Həmçinin dağçılıq klubları da hər ilin proqramını hazırlayıb öncədən il ərzində yürüş edəcəkləri dağları və idmançı siyahısını müvafiq dövlət qurumuna təqdim edərək icazə alır.

- Dağçılıq idman növündə bədbəxt hadisələr də baş verir. Sizdə idmançıların yaralanması və ya ölümü ilə nəticələnən yürüşlər olubmu?

- Türkiyədə qış aylarında dağa dırmananda, qaya və buz dırmanmalarında bəzi qəzalar baş verə bilir. İdmançılar nə qədər dağçılıqla bağlı məlumatlı olsa, o qədər qəza riski azalır. Eyni zamanda dağ xəstəliyi, yəni hündürlüyə qalxdıqca özünü yaxşı hiss etməmək də ola bilir. Buna görə də hündürlüyə uyğunlaşa-uyğunlaşa yürüş edilir ki, hər hansı qəza baş verməsin. 

- Türkiyədə yaşayan dağçılar hansı xarici ölkələrin dağlarına yürüş edirlər?

- İğdır, Qars və bu bölgəyə yaxın yaşayan dağçılar ən çox Azərbaycanda olan dağlara yürüş edirlər.

- Bu yaxınlarda Azərbaycanda daha bir yürüşünüz olub?

- Bəli. Biz qardaş Azərbaycanın dağçıları ilə birlikdə çox yürüşlər edirik. Bu dəfə qərara gəldik ki, Xocalı soyqırımı qurbanlarını yad edək. Bu münasibətlə Naxçıvanda yerləşən İlandağ zirvəsinə Xocalı soyqırımını anım yürüşü oldu. Həm azərbaycanlı, həm də türkiyəli dağçılar bu yürüşdə iştirak etdilər.

- Azərbaycanda qadın dağçılar sayca azlıq təşkil edir. Türkiyədə qadın dağçı çoxdurmu?

- Türkiyədə qadın dağçı sayı, bəlkə, kişi dağçılardan da çoxdur. 1000 dağçımız varsa, 500 nəfəri qadındır. Hətta deyə bilərəm ki, qadınlar daha çox bu sahəyə maraqlıdırlar. Amma dünyaca ən məşhur idmançımız Tunc Fındıkdır. O, dünyanın ən uca zirvələrindən birinə - Everest zirvəsinə qalxmağı bacarıb. Ümumiyyətlə, onun bu günə kimi dırmanmaları idmançılar arasında rekorddur.

- Hansı sənət sahibləri və yaş aralığında olan şəxslər bu idman növü ilə maraqlanır?

- Türkiyədə bütün sənət sahələrində çalışan insanlar dağçılıq idmanına maraq göstərir. Qeyd edim ki, daha çox iş karyerasını bitirib pensiyaya çıxan insanlar dağçılıq idman növünə maraqlıdırlar.

“Min nəfər alpinistimiz varsa, onun beş yüzü qadındır” - “Min nəfər alpinistimiz varsa, onun beş yüzü qadındır” - “Min nəfər alpinistimiz varsa, onun beş yüzü qadındır” - “Min nəfər alpinistimiz varsa, onun beş yüzü qadındır” - “Min nəfər alpinistimiz varsa, onun beş yüzü qadındır” - “Min nəfər alpinistimiz varsa, onun beş yüzü qadındır” -
Müəllif: Təranə Xudabaxşiyeva