Lukaşenko: "Kişilərimiz qadınların arxasında gizlənirlər”

Dünya

09.09.2020 - 14:49

Prezident: “75-80 il əvvəl nasistlər də belə edirdilər”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko belaruslu kişiləri nasistlərlə müqayisə edib. AYNA-nın xəbərinə görə, ölkə başçısı rusiyalı jurnalistlərə müsahibəsində etiraz aksiyalarından danışıb.

 

“Kişilərimiz qadınların və uşaqların arxasında gizlənməyə başladılar. 75-80 il əvvəl nasistlər də belə edirdilər. Qadınları irəli verib, özləri arxalarında gizlənirdilər”, - deyə Lukaşenko vurğulayıb.

 

Lukaşenko Belarusdan heç bir yerə getmədiyini və ölkədən qaçmayacağını da əlavə edib: “Mən qorxaq deyiləm və heç nədən qorxmuram. Heç yerə qaçmadım və qaçmaram da. Uşaqlarım da heç yerə getməyəcəklər”.

 

Belarusiyada etiraz aksiyaları beşinci həftə davam edir. Onların iştirakçıları Lukaşenkanın istefasını, yeni prezident seçkilərinin keçirilməsini və nümayişçilərə qarşı amansız təzyiqlərdən məsulların cəzalandırılmasını tələb edirlər. Səlahiyyətli şəxslər vəziyyətə xarici müdaxilə elementlərinin göründüyünə inanırlar. Lukaşenkaya görə, etirazçılar ölkədə “rəngli inqilablar təlimatları” na uyğun hərəkət etməyə çalışırlar, Polşa, Litva, Çexiya və Ukraynadan idarə olunurlar. Müxalifət dövlət çevrilişinə cəhddə günahlandırılır.

 

Xatırladaq ki, 9 avqustda Belarusda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən müxalifət kütləvi etiraz aksiyaları keçirirlər. Bir aydır davam edən aksiyalarda hazırkı Prezident Aleksandr Lukaşenkonun istefası və yeni seçkilərin keçirilməsi tələb edilir.

 

MSK-nın açıqladığı nəticələrə görə Prezident Lukaşenko seçicilərin 80 faizindən çoxunun səsini qazanaraq növbəti dəfə Prezident seçilib. Müxalifət namizədi Svetlana Tixanovskaya isə 10 faiz səs alıb.

Müəllif: Ayna.az