İstanbulda kilsəyə silahlı hücumu İŞİD-in tacik hücrəsi həyata keçirib

Dünya

31.01.2024 - 15:02

Hücum edənlər terror qruplaşmasının nəzarətində olan sosial şəbəkələr vasitəsilə silahlı hücum etmək əmri alıblar

Yanvarın 28-də İstanbul Katolik Kilsəsinə silahlı hücumu İŞİD terror qruplaşmasının “Vilayət Xorasan” adlı tacik hücrəsinin silahlıları həyata keçirib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Qəzet İstanbul polisinə istinadən xəbər verir ki, hücumla bağlı saxlanılanların üçü Tacikistan vətəndaşıdır.

Müstəntiqlərin fikrincə, İŞİD zorakılığı həyata keçirmək üçün yatmış hücrələrdən istifadə edib.

Hücum edənlər qruplaşmanın nəzarətində olan sosial şəbəkələr vasitəsilə silahlı hücum etmək əmri alıblar.

Polis kilsədəki insidentdə İŞİD-in əli olduğunu təsdiqləyən rəqəmsal medianı ələ keçirib. Bundan əlavə, İstanbul Beynəlxalq Hava Limanı yaxınlığındakı Göktürk səmtindəki meşədə hücum edənlərin getdiyi dövlət nömrə nişanı olmayan avtomobil aşkarlanıb. Atışma zamanı istifadə edilən tapançalardan biri də qaz tapançasından döyüş tapançasına çevrilmiş sökülən formada tapılıb.

Türkiyə xüsusi xidmət orqanlarının əldə etdiyi məlumata görə, hücumda iştirak edənlər üç ay əvvəl İstanbulun Güvercintəpə bölgəsində ev kirayələyiblər. Terror aktından sonra nəzarətə alınan Tacikistandan olan mühacirlər də orada qeyri-qanuni yaşayırlar.

İstanbul təhlükəsizlik idarəsində olan 28 şübhəlidən bəziləri Yeni il günü İstanbulda pravoslav kilsələri, sinaqoq və İraq səfirliyinə hücumlar planlaşdırıblar. Yerli polis dekabrın 29-da 32 nəfəri saxlayaraq terror aktlarının qarşısını alıb

Qeyd edək ki, İstanbulun Sarıyer səmtində yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsində yanvarın 28-də ibadət vaxtı atışma olub. İki maskalı şəxs atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb.

Türkiyənin daxili işlər naziri Əli Erlikaya daha sonra atışmada əli olmaqda şübhəli bilinən 51 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 23-ü Türkiyədən çıxarılacaq. Dindirilmələr başa çatdıqdan sonra qalan 28 nəfərlə bağlı qərar veriləcək. İstintaq müəyyən edib ki, cinayəti birbaşa törədənlər kilsəyə Polşa dövlət nömrə nişanlı avtomobillə gəliblər. Bildirilir ki, atəşi Rusiya vətəndaşı olan D.T. adlı şəxs açıb. Tacikistan vətəndaşı olan A.K. isə ona yardım edib.

Xatırladaq ki, “Vilayət Xorasan” 2014-cü ildə yaradılıb və Mərkəzi Asiya, Əfqanıstan və Pakistanda fəaliyyət göstərir. Açıq mənbələrə görə, qruplaşmanın əsas üzvləri Tacikistandan olanlardır.

Müəllif: Turan Abdulla