İnsan içinə çıxmağa üzləri olmasın – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

22.12.2020 - 10:23

Şəhid ailələri və qazilər üçün toplanan yardımlara əl uzadanların əlləri kəsilməlidir

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Tanıyan dostlarım bilir ki, heç zaman İranı sevməmişəm, daha doğrusu, İranı yox, Tehranın, mollaların Azərbaycana qarşı yeritdiyi siyasəti sevməmişəm. Bəlkə də, İranın Qarabğada vasitəçiliyi zamanı Şuşanın əldən getməsini bağışlaya bilmirəm, amma hər halda münasibətimin orada yaşayan 35 milyon azərbaycanlıya dəxli yoxdur. Şəhriyarın qəbrinə getmək istəyirəm, amma təbii ki, mollalar hakimiyyətdən gedəndən sonra...

 

İndi İran mövzusuna baş vurmağımın səbəbi siyasət-filan deyil. Sadəcə ağlıma belə, gəlməzdi ki, nə vaxtsa İranın nəyisə düz etdiyini və hatta bizim ondan nümunə götürməyimizi təklif edə bilərəm. Amma biz İrandan bir qaydanı mütləq götürməliyik. Bu ənənə nə qədər əcaib, vəhşi, insafsızlıq kimi görünsə belə, bunu etməliyik...

 

İranda səfərdə olmuş bir dostumuz avtovağzalda çantasını unudur. Bir də iki saatdan sonra otelə gələndə yadına düşür ki, ay aman, çanta vağzalda qalıb. Geri qayıdanda görürlər ki, çanta elə buraxdığı yerdə qalıb. Dostumuz təəcübünü gizlədə bilmir və səbəbini soruşanda, iranlı taksi sürücüsü deyir ki, “baba, molla bunu götürənin əlini kəsir”.

 

Son olaraq bu ilin yayında İranda əl kəsilməsi barədə xəbərlər oxumuşdum. O zaman İranın Həmədan şəhərinin mərkəzi cəzaçəkmə müəssisəsində, oğurluqda ittiham edilərək məhkum olunmuş 5 nəfərin əlləri kəsilmışdı. Həmədan şəhər prokuroru Əkbər Bəyləri bildirirdi ki, məhkumların yaşları 25-dən yuxarıdır: “Onlar bir neçə dəfə avtomobil oğurladıqları, evlərdən oğurluq etdikləri, pul, qızıl-zinət əşyaları oğurladıqları və küçədə xanımların əl çantalarını oğurladıqları üçün əlkəsmə cəzasına məhkum ediliblər. Oğru öz əməli ilə hər şeydən əvvəl vətəndaşın şəxsiyyətini təhqir edir. Hətta, vətəndaş onu bağışlasa da, Allahın qanununa görə oğurluq edən şəxs əməlinin cəzasını almalıdır”.

 

Mən bu cəzanın şəriət və ya digər səbəblərlə izahını bir kənara qoyuram. Hərçənd, ilahiyyatçı alim Nəriman Qasımoğlu bildirir ki, “Quran”da oğurluq edənlərin əllərinin fiziki olaraq kəsilməsi kimi yanlış təfsirlənən bir ayə var. Bu, 5-ci surənin 38-ci ayəsidir. Onun sözlərinə görə, həmin ayədə əllərin fiziki mənada kəsilib atılması nəzərdə tutulmur. Söhbət təlqin edilən isə xüsus əllərin oğurluq əməlindən, yaxud oğurlanan nəsnələrin dəyərində, miqdarında mal-mülkündən üzülməsindən gedir.

 

Amma biz də bu cəza növünü bütün yox, bəzi oğrulara qarşı istifadə etməliyik ki, digərlərinə görk olsun. Məsələn, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı məqsədi ilə Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılan "YAŞAT" Fondunun adından sui-istifadə edərək, pul toplamaq məqsədi ilə sosial şəbəkələrdə vətəndaşlara çağırışlar edən şəxs saxlanılıb.

YAŞAT" Fondunun adından istifadə edib yardımları ələ keçirmək istəyən şəxs  saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı, qeyd edilən hüquqazidd əməlləri törədən, Füzuli rayonunda qeydiyyatda olmaqla, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Xəlil Quliyev tutulub. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxs əvvəlcə “Instagram” sosial şəbəkəsində "YAŞAT" Fondunun rəsmi hesabına oxşar özünə məxsus səhifə yaradıb. Fondun rəsmi səhifəsi ilə saxlanılan şəxsin yaratdığı saxta profil yalnız bir hərflə fərqlənir. Məqsədli şəkildə oxşar adla yaradılan səhifədə X.Quliyevin əsas niyyəti yardım etmək istəyən insanlarda çaşqınlıq yaratmaq və bu yolla pul vəsaitləri əldə etmək olub. Saxlanılan şəxs həmin səhifədə şəxsi kart hesablarını yerləşdirib, şəhid və yaralı əsgərlər, eləcə də köməyə ehtiyacı olan şəxslər barədə paylaşımlar edərək, guya onlar üçün yardım toplayıb.

 

Məncə, bu Xəlil və onun kimi şəhid ailələri və qazilərə toplanan yardımlara əl uzadanların əlləri kəsilməlidir. Və təkcə onların yox, həm də dövlət tərəfindən dediyim zümrəyə daxil insanlara ayrılan dövlət yardımlarını yeyən, rüşvəti həyat tərzinə çevirərək, əsgər ailəsinin haqqını yeyən, onlara baxmayan icra başçıları, istənilən vəzifəli şəxslər bu təhlükəni hiss etməlidirlər. Bu təklifi vəhşilik sayanlara Həmədan şəhər prokurorunun sözlərini diqqətlə oxumağı tövsiyyə edirəm. Oğrular birinci dəfədən deyil, bir neçə dəfə bu əmələ əl qoyduqlarından sonra əlləri ilə əbədi vidalaşırlar. İnsan bir əlsiz də yaşaya bilir, amma oğurluq edənlərin bir əli olmadan insan içinə çıxmaları daha zülmdür. Təsəvvür edin ki, Azərbaycanda neçə əsgər, qazi, şəhid payını yeyən təkəəllilər ola bilər. Onlar cəmiyyət içində çıxanda utanacaqlar, bilinəcək ki, əlləri niyə kəsilib.

 

İndi bu sətirləri oxuyan çoxları müəllifi qınayacaqlar, geridə qalmışlıqda, cəhalətdə-filanda ittiham edəcəklər. Amma, əgər dünyada Vətən üçün ən qiymətli varlığını – canını verən adamın özünə, ailəsinə verilən yardımlar yeyilirsə, vallah, təkcə əl kəsmək azdır! Əgər belə insanların, məmurların, icra başçılarının üzünə ictimaiyyət yaxşıca tüpürsəydi, onlar belə qələti bir daha eləməzdilər.

 

Görün, məsələ nə yerə çatıb ki, əsgərə göndərilən, dəyəri 1,5 manat olan siqaretləri belə, onlara 2,5 manatdan satırlar, özü də döyüş gedən bölgədə. Yəni, Müdafiə Nazirliyinin xəbəri olmadan, kimsə hərbi hissələrdə siqaret sata bilərmi? Və əgər xəbəri yoxdursa, onda maraqlanmalı, bunu edənləri özləri cazalandırmalıdırlar.

 

Əsgər ailəsi, şəhid ailəsi, qazi ailəsi – artıq bunlar Azərbaycanda bütün məmurların qarşılarında baş əyəcəkləri insanlardır. Bunu heç kim unutmamalıdır. Elə bir düşmənlə qonşuyuq ki, hələ də revanşist hisslərlər yaşayır. Elə onları müdafiə edən rus “sülhməramlıları”nın atdığı addımlar da bunu deməyə əsas verir ki, yeni müharibə nə vaxtsa olacaq. O zamana qədər dövlət, məmurlar əsgər ailələrinə elə baxmalıdır ki, həmin vaxt gələndə “voenkomat”ların qarşısında yenə də növbələr olsun - Vətəni müdafiə etmək üçün can atanların növbələri!

 

Bütün bunlardan sonra özünüz deyin, İrandan bu əl kəsmək cəzasını niyə bizdə də tətbiq etməyək? Axı niyə?!

Müəllif: Yoldaş Mircəfər