İlin trendi: Qarabağ, çəhrayı, idman gödəkçəsi

Mədəniyyət

31.01.2021 - 23:05

Lalə Ağayeva: “Azərbaycanda kişilərin cəmi 40 faizi dəblə ayaqlaşmağa çalışır, amma qadınlar daha dəblidir”

 

2020-ci il dəb (moda) sahəsi üçün nələrlə yadda qaldı və qarşıda nə kimi yeniliklər gözlənilir? Azərbaycanda tanınan geyim dizayneri və rəssamı Lalə Ağayeva AYNA-ya müsahibəsində, pandemiya dövründə moda aləmində baş verənlər, 2021-ci ildə hansı geyim və rənglərin dəbdə olacağı barədə fikirlərini bölüşüb.

 

- Pandemiya moda aləminə necə təsir etdi?

 

- İş demək olar ki, olmadı. Hamı eskizlər etdi. Nə olacaqsa, bundan sonra olacaq. Mən özüm də yeni kolleksiya və iş geyimləri hazırladım. İnanıram ki, bu il paqndemiya bitəcək, hər sahə olduğu kimi, bu sahə də canlanacaq.

Dizayner Lalə Ağayeva

- Hazırda dəb dünyasında hansı dəyişikliklər var? Öküz ilində hansı rənglər və geyimlər dəbdə olacaq?

 

- Mənim fikrimcə, ən dəbdə olan aksesuar üz maskaları olacaq. Baxmayaraq ki, bu maskalar 2020-ci ildə dəbə düşüb, bu il də davam edəcək. Rəng olaraq: ağ, qəhvəyi rənglər yer tutacaq. Bol və rahat  geyimlər bu il trend olacaq. Sport gödəkçələr dəbə düşəcək. Əsasən də üst geyimlər. İlin ən dəbdə olan rəng isə çəhrayi rəng olacaq.

 

- Azərbaycanda dəb dünyasında nə yeniliklər var?

 

- Düşünürəm ki, bu il əksər dizaynerlərimiz Qarabağımıza aid kolleksiyalar hazırlayacaq. Azərbaycanda bu il trend Qarabağa aid kolleksiyalar olacaq.

 

- Sizin Qarabağa aid kolleksiyalarınız bir neçə il öncədən var. Yenidən Qarabağ mövzusunda kolleksiya hazırlayacaqsınız?

 

- Mən 2015-ci ildə “Xarıbülbül” kolleksiyamı yaratdım. Hətta, o kolleksiyamın geniş təqdimatını da keçirdim. “Baku fashion week”-də izləyici qarşısına da o kolleksiya ilə çıxdım və kolleksiya böyük rəğbətlə qarşılandı. Hal-hazırda Qarabağ mövzusu ilə bağlı yeni kolleksiya üzərində çalışıram. İnanıram ki, 2015-ci ildə təqdim etdiyim “Xarıbülbül” kolleksiyası kimi, 2021-ci ildə təqdim edəcəyim “Xarıbülbül” kolleksiyası da rəğbətlə qarşılanacaq.

 

- “Xarıbülbül” kolleksiyanıza Azərbaycanda, yoxsa xaricdən daha çox maraq olmuşdu ?

 

- Həm ölkəmizdə, həm də xaricdə maraq yarada bildik. Xüsusilə, xaricdə yaşayan həmyerlilərimiz tərəfindən kolleksiyamız alındı.

 

- Ümumilikdə azərbaycanlı modelyerlərin kolleksiyalarına ölkəmizdə və digər ölkələrdə maraq necədir?

 

- Münasibət çox gözəldir. Əsasən də, milli dəyərlərə üstünlük verilən kolleksiyalar xaricdə gözəl qarşılanır. Xüsusilə, xaricdə yaşayan vətənpərvər həmvətənlərimiz daha çox maraq göstərirlər.

 

- Azərbaycanda dəblə geyinən qadınlar çoxdur, yoxsa özünə yaraşanı geyinənlər?

 

- Azərbaycanda xanımların 50 faizi dəblə geyinənlərdir, digər 50 faiz isə dəblə geyinməyənlərdir. Hətta, özünə nə yaraşdığını belə, bilməyənlər var. Ümümiyyətlə, yaxşı olar ki, hər kəs özünə yaraşanı geyinsin. Normadan çıxmamaq və bədən standartlarına uyğun geyinmək məsləhətdir.

 

- Kişilər necə, dəblə geyinirlər?

 

- Təəssüf ki, kişilərimizin cəmi 40 faizi dəblə ayaqlaşmağa çalışır. Qadınlar daha dəbli və baxımlıdırlar.

 

- Azərbaycanlı məşhurlar dəblə ayaqlaşırlar?

 

- 1-2 məşhurdan başqa heç biri dəblə geyinmir. Məsələn, Röya dəblə geyinən məşhurlardandır.

 

- Dediniz ki, bu il əksər dizaynerlər Qarabağ kolleksiyası hazırlayacaq. Bu zaman dizaynerlər bir-birlərini təkrarlamayacaqlar?

 

- Baxır, kim necə edəcək kolleksiyasını. Təəssüflər olsun ki, bir-birini təkrarlayanlar çoxdur.

Müəllif: Təranə Xudabaxşiyeva