Kosta Rika və Hindistan ev sahibliyi hüququnu qoruyacaq
FİFA koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə saldığı 17 və 20 yaşadək qadın futbolçular arasındakı dünya çempionatlarını ləğv edib. AYNA xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu il keçirilməsi nəzərdə tutulan, lakin koronavirusa görə növbəti ilə qədər təxirə salınan çempionatların ümumiyyətlə ləğvinə qərar verilib.
İki ildən bir təşkil olunan bu turnirlərin ləğvinə baxmayaraq, Kosta Rika və Hindistan ev sahibliyi hüququnu qoruyacaq. Belə ki, 2022-ci ildə 20 yaşadək futbolçuların dünya çempionatı Kosta Rikada, 17 yaşadək futbolçuların yarışı isə Hindistanda təşkil olunacaq.