Ceyhun Bayramov İqor Popovla danışıb

Xəbərlər

11.10.2020 - 19:37

Xarici İşlər naziri ilə Minsk Qrupunun rusiyalı həmsədri arasında telefon danışığı olub

 

Bu gün Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov arasında telefon danışığı olub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, nazir C.Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyi barədə qarşı tərəfə məlumat verib. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Nazir Gəncəyə edilən hücum nəticəsində 9 mülki şəxsin həlak olduğunu, həmçinin aralarında azyaşlı uşaqlar olmaqla, 35 nəfərin yaralandığını diqqətə çatdırıb.

 

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.

 

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib və əldə olunmuş Moskva razılaşmasının şərtlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az