Cənub sərhədimizdən daxil olan əməliyyat məlumatı təsdiqini tapıb

Hadisə

21.06.2019 - 13:05

İrandan ölkəmizə gələn şəxs narkotik vasitəni və psixotrop maddəni ərzaq məhsullarının arasında gizlədibmiş

 

 

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikasından narkotik maddə əldə edərək Azərbaycana Respublikasına gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn həmin şəxs saxlanılıb. Gömrük nəzarəti zamanı onun təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torba və 1 ədəd orta həcmli çantadakı yüklər yoxlanılıb.

 

Bu zaman həmin çantalarda 6 ədəd üzərində "Tora Bıka cappuccıno" yazılı paketlərin hər birinin içərisində yerləşdirilməklə gömrük nəzarətindən gizlədilmiş, ümumi xalis çəkisi 244,035 qram olan narkotik vasitə - heroin, eləcə də müxtəlif ərzaq məhsullarının qablaşdırıldığı 5 ədəd paketin içərisindən isə ümumi xalis çəkisi 484,153 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

 

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az