“Bu “səlib yürüşü”nə qarşı bir Səlahəddin Əyyubi meydana çıxacaq” – <font color=red> DEPUTAT</font>

Siyasət

12.10.2020 - 10:23

Asim Mollazadə: “Bu gün müsəlmanlara və yəhudilərə divan tutulur”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 7-də “CNN Türk” televiziyasına verdiyi müsahibədə diqqətçəkən məqamlardan biri Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyərləndirməsi oldu. Dövlət başçısı bildirdi ki, Minsk Qrupuna həmsədrlik edən ölkələr bitərəf qalmalı və heç bir tərəfi dəstəkləməməlidir: “Çünki, əks təqdirdə onların vasitəçilik missiyası sual altına düşür. Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür. Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası aparırlar. Ancaq əfsuslar olsun ki, bugünlərdə bəzi ölkələr tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir.”

 

Ölkə başçsı, həmçinin əks-hücum əməliyyatları başlayandan sonra Azərbaycana qarşı sosial mediada qara təbliğat aparılmasına da toxundu: “Azərbaycana ünvanlanan ittihamlara qarşı təkbaşına mübarizə apararaq müəyyən uğurlar əldə edilib. Ancaq bizim də imkanlarımız məhduddur. Bir çox hallarda bizim səsimiz eşidilmir. Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tutur və münaqişə ilə bağlı yalan məlumatlar yayırlar”.

 

AYNA-nın mövzuya dair suallarını Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə cavablandırıb.

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - İki sahil

- Prezident CNN Türk”ə müsahibəsində beynəlxalq platformalarda və beynəlxalq mətbuat orqanlarında Azərbaycana qarşı ayrı-seçkilik edildiyini dedi və bunu erməni lobbisinin həmin ölkələrə təsiri ilə əlaqələndirdi. Sizin fikrinizcə, erməni lobbisi və diaspor təşkilatlarının bu məsələlərdə üstünlüyü nədən ibarətdir və biz niyə geri qalırıq?

 

- Erməni lobbisinin gücü ermənilərin böyük maddi imkanları və yaşadıqları ölkələrin siyasi sistemlərinə inteqrasiyası ilə bağlıdır. Belə ki, bir sıra ölkələrdə siyasi sistem imkan verir ki, siyasi korrupsiya genişlənsin və geniş vüsət alsın. Biz də bu siyasi korrupsiyanın təzahürlərini görürük. Bununla yanaşı, bir sıra ölkələrdə yeni və çox təhlükəli proseslər başlayıb. Buna misal olaraq Fransa Prezidenti Emmanuel Makronun İslam dininə qarşı fikirlərini qeyd etmək istəyirəm. Əslində, islamofobiyanın, anti-semitizmin bir sıra Avropa ölkələrində geniş yayılmağa başlaması çox təhlükəli tendensiyadır. Bu, həm də “səlib yürüşü” təfəkkürü ilə Avropanın bütün dəyərlərini yenidən məhv etmək deməkdir.

 

Bildiyimiz kimi, Azərbaycan Şərqin ilk demokratik respublikasını qurub və bu, tarixən bizim üçün sivilizasiyanın ən yüksək mərhələsi olub. Məhz buna görə də biz minillərlə fərqli dinlərin nümayəndələri ilə qardaşlıq və əməkdaşlıq sistemində yaşamışıq. Yəni, istər yəhudilərin, istər xristianların müsəlmanlarla uzun illər qardaş kimi yaşamağı da bu sivilizasiyanın təzahürüdür. Bu baxımdan da Makron və ona bənzər Avropa siyasətçilərinin din amili və “səlib yürüşü” təfəkkürü dünyanı çox təhlükəli bir istiqamətə sürükləyə bilər.

 

Düşünürəm ki, Avropanın bir sıra strukturları bu məsələyə ciddi şəkildə diqqət yetirməlidir. Çünki bu hücum zaman-zaman dünyanı çox təhlükəli istiqamətə yönəldə bilər. Burada bir məqamı da xüsusi ilə qeyd etmək istəyirəm ki, “səlib yürüşü”nə qarşı hər zaman bir Səlahəddin Əyyubi çıxa bilər və bu Səlahəddin həmin yürüşün qarşısını ala bilər. Dünyada Makron kimi siyasi korrupsiyaya bulaşmış siyasətçilər də özləri üçün mövcud olan təhlükələri göz önündə saxlamalıdırlar.

 

- Yəni, yenidən xristian-müsəlman davasına təkan verilir?

 

- Burada tək xristian-müsəlman davası yox, həm də müsəlmanlarla yanaşı yəhudilərə də divan tutulur. Bu isə çox böyük təhlükədir və insanlığa, dünyaya və böyük dəyərlərə qarşı oynanılan çirkin oyunlardır.

 

- Bəs, bunun qarşısını necə almaq lazımdır?

 

- Bunun qarşısını almaq üçün dəyərləri real həyatda dəstəkləmək lazımdır. Həmçinin, anti-islam, anti-semitizm və ümumiyyətlə, ksenefobiyaya qarş bütün dünya birləşib bir mövqedən çıxış eləməlidir.

 

- Deməli, ermənilərin beynəlxalq platformalarda üstünlüyü, müəyyən ölkələrə təsirləri din amili ilə bağlıdır?

 

- Bəli. Bu isə çox təhlükəlidir. Çünki din amili siyasətdə istifadə edilməklə, dünyəvi dövlət modeli daha təhlükəli modelə çevrilə bilər.

Müəllif: Mərahim Nəsib