Belqorodda vəziyyət gərgindir: Rusiya həyəcanda, çeçenlər "hazırıq" deyir

Dünya

05.06.2023 - 09:45

Kadırov çeçen birləşmələrini vilayətə göndərməyi təklif edib

“Ukraynanın təxribat-kəşfiyyat qrupu Belqorod vilayətində Novaya Tavoljankaya hücum edib. Orada döyüş gedir”. Bu sözləri Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. Qubernator deyib ki, əsirlərə görə “təxribatçılarla” görüşməyə razılıq verib.

“Əsirlərimizin xatirinə, Şebekino keçid məntəqəsində diversantlarla görüşməyə razılaşdım. Mənimlə görüşmək istədiyi iddia edilən əclafların, qatillərin və faşistlərin əsirlərə görə təklifini qəbul etdim. Ümid edirəm ki, bu quldurların onların hamısı məhv olacaq. Başqa cür ola da bilməz. Çünki Belqorod vilayətinin dinc sakinləri bu faşistlərin əlindən ölürlər və biz onları hər gün basdırırıq”, Qladkov bildirib.

Qubernator deyib ki, ukraynalı diversantlar onu iyunun 4-ü, saat 17:00-dan 18:00-a qədər Şebekino beynəlxalq avtomobil keçid məntəqəsinin ərazisində mümkün mübadilə üçün görüşə çağırıblar.

Qladkov görüş nəticələri barədə hələ ki, heç nə açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi Novaya Tavoljankadakı vəziyyəti şərh edərkən bildirib ki, iyunun 4-də dövlət sərhədini mühafizə bölmələri Ukrayna diversantlarının Novaya Tavoljanka yaxınlığında çayı keçmək cəhdini aşkar ediblər.

“Düşmənə artilleriya zərbəsi endirilib, o, pərən-pərən düşüb və geri çəkilib”, - nazirliyin açıqlamasında qeyd edilib.

Bildirilib ki, dünən gün ərzində Belqorod vilayəti Ukrayna tərəfindən atəşə tutulub.

“Xüsusilə, gecə saatlarında Ukrayna Silahlı Qüvvələri vilayətin Şebekinski və Volokonovski rayonlarını atəşə tutub. Nəticədə külli miqdarda ziyan dəyib. Zərərçəkənlər barədə dəqiq məlumat yoxdur”. Bunu isə qubernator Qladkov deyib.

“Gün ərzində Şebekino yenidən atəşə tutulub. Ukrayna Silahlı Qüvvələri Şebekino şəhərinin mərkəzindəki bazarın ərazisində ticarət modullarını vurur. Birbaşa mərmi vurmasından üç yanğın mənbəyi var: bazar ərazisində, özəl sektorda və taxıl anbarında”, - qubernator əlavə edib.

Qladkov bundan əvvəl Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Şebekinski rayonunun Murom kəndindəki vəziyyət barədə də məlumat verib. Onun sözlərinə görə, Muromda kəndin müxtəlif hissələrinə zərbələr davam edir.

Yeri gəlmişkən, Çeçenistanın rəhbəri Ramzan Kadırov çeçen bölmələrinin Belqorod vilayətinə göndərilməsini təklif edib. O, bu barədə “Telegram” kanalında məlumat verib.

Kadırov bildirib ki, güc və hərbi strukturların batalyon və alaylarında çeçen döyüşçülərinin sayı 70 min nəfəri ötüb: “Onların hamısı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim keçib. Bunlar bütövlükdə üç ordudur”.

“Bölmələr ən son texnologiya ilə təchiz edilib. Heç bir problem olmadan dövlətin qorunması naminə Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Çeçenlər hazırdır və müvafiq əmri gözləyirlər”, - Çeçenistan rəhbəri qeyd edib.

Belqorodda baş verənlərlə bağlı Rusiyanın iddiaları Kiyev tərəfindən təkzib edilir. Ukrayna mediasında gedən məlumatlara görə, Belqoroda hücum edənlər ukraynalı diversantlar yox, Rusiyanın müharibəsinə qarşı iolan ruslardan ibarət dəstələrdir.

Müəllif: Turan Abdulla

Ramanada faciə

Dünən, 17:26 Hadisə