Bakının məşhur bazarının bağlanması xəbərinə reaksiya: “Bir az şişirdilib”

Cəmiyyət

01.09.2020 - 21:05

“Mən jurnalistlərə bu və ya digər məlumatları yaymazdan əvvəl diqqətlə yoxlamalarını məsləhət görərdim”

 

Bir dəfə Amerika qəzetlərinin birində məşhur yazıçı Mark Tvenin ölümü ilə bağlı məlumatlar yayımlandı. Mark Tven bu məlumata aşağıdakı cümlə ilə reaksiya verdi: "Ölümümlə bağlı şayiələr bir qədər şişirdilib".

 

Avqustun 31-də bir sıra KİV-lərdə Nizami rayonu ərazisində yerləşən, xalq arasında "8-ci kilometr bazarı" kimi tanınan "8-ci kilometr ticarət mərkəzi" Açıq Səhmdar Cəmiyyətinin (ASC) bağlanması barədə məlumat yayıldı. Mediada yer alan xəbərlərə görə, bazarın bağlanmasına səbəb COVID-19 infeksiyasının ticarət mərkəzinin ərazisində yayılmasıdır.

 

AYNA məlumatı dəqiqləşdirmək üçün ASC-nin rəhbərliyi ilə əlaqə saxlayıb. Qurumdan əldə etdiyimiz məlumata görə, ticarət mərkəzinin bağlanması barədə məlumatlar həqiqətə o qədər də uyğun gəlmir.

 

“Bəli, işçilərin tibbi maskalar taxmamaları və sosial məsafəni qorumaq üçün tələblərə əməl etməmələri səbəbindən ticarət mərkəzinin ərazisində yerləşən bir sıra mağazaları müvəqqəti olaraq bağladıq. Ancaq digər mağazalar və qida məhsullarının satışı bölməsi əvvəlki kimi fəaliyyət göstərməyə davam edir”, - deyə Səhmdar Cəmiyyətin əməkdaşları bildiriblər.

 

Ticarət mərkəzi rəhbərliyinin dedikləri bazarın ərazisində yerləşən dükanların icarəçiləri tərəfindən də təsdiqlənib. “Ticarət mərkəzinin ərazisində koronavirus yayılması faktı yoxdur. Koronavirusla mübarizə tələblərinə əməl edilməməsi ilə əlaqədar olaraq bir sıra mağazalar həqiqətən müvəqqəti olaraq bağlanıb. Lakin mağazaların əksəriyyəti əvvəlki kimi fəaliyyət göstərməyə davam edir”, - deyə icarəçilər qeyd ediblər.

 

Azərbaycanın baş infeksionisti  Cəlal İsayev də “8-ci km bazarı” ərazisində koronavirusun yayılması barədə məlumatları əsassız hesab edir. “Mən jurnalistlərə bu və ya digər məlumatları yaymazdan əvvəl diqqətlə yoxlamalarını məsləhət görərdim”, - o, AYNA-ya açıqlamasında deyib.

 

Qeyd etmək istərdik ki, “8-ci kilometr ticarət mərkəzi" Açıq Səhmdar Cəmiyyətinin yaxın vaxtlarda bağlanması barədə məlumatlar vaxtaşırı mediada yer alır. Hər dəfə də bu məlumatların doğruluğu təsdiqlənmir.

Müəllif: Rəşad Rüstəmov