“Azəriqaz”: 65124 yeni abonent qeydiyyata alınıb

Xəbərlər

16.10.2019 - 11:20

Regionlar üzrə 29 qəsəbə, kənd yaşayış məntəqələrinə və 10 yeni salınmış yaşayış massivinə təbii qazın verilməsi təmin edilib

 

Bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində işləri davam etdirilir. Belə ki, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq, ilk növbədə kənd və qəsəbələrin, eyni zamanda Bakı şəhərində, paytaxt ətrafı ərazilərdə istismara yararsız vəziyyətdə olan bir sıra daşıyıcı qaz kəmərləri yenidən qurulub.

 

Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 1376,7 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 487,7 km qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə, Bakı Regional Qaz İstismarı Departamenti, 8 Regional qaz istismarı İdarələri və Sumqayıt qaz istismarı Sahəsi üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 246,62 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir olunaraq yenisi ilə əvəz edilib.

 

Bu işlərlə paralel olaraq kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqlar dəyişdirilib. Bu günə olan məlumata görə, regionlar üzrə 29 qəsəbə, kənd yaşayış məntəqələrinə və 10 yeni salınmış yaşayış massivinə təbii qazın verilməsi təmin edilib. Cari ilin 9 ayın ərzində 65 124 yeni əhali abonenti qeydiyyata alınıb. Beləliklə, respublika üzrə qazla təmin olunan ümumi istehlakçıların sayı 2 milyon 246 min 968-ə çatıb.

Müəllif: Ayna.az