“Azərcell”, “Bakcell” və “Nar” müştərilərə pulsuz internet paketləri hədiyyə etsin

Cəmiyyət

23.03.2020 - 13:32

Bu, əhalinin sosial izolyasiya zamanı evdə qalmasına və koronavirusdan qorunmasına dəstək olar

 

“Azərcell”, “Bakcell” və “Nar” mobil operatorları, sosial məsuliyyət  təşəbbüsü üzrə nümunə göstərin. Bu çətin günlərdə müştərilərinizin yanında olun, onları darıxmağa qoymayın.

 

Təklif edirəm ki, COVİD-19 pandemiyası ilə bağlı əhalinin evdə qalmasını stimullaşdıarmaq üçün mobil operatorlar müştərilərinə hər ay 50 gigabit internet paketi hədiyyə etsin. Eyni zamanda, “Bakinternet”, “Citynet” və digər internet provayderlər yaxın 3 ayda tariflərində 50 faiz endirim etsin.

 

Hesab edirəm ki, bu, koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamında nəzərdə tutulan özəl sektorun sosial məsuliyyət təşəbbüslərinə ən yaxşı töhfə olardı.

 

Məlumat üçün qeyd edim ki, COVİD-19 pandemiyası ilə əlaqədar müştərilərə hədiyyə kampaniyasına Avropanın bəzi ölkələrində 1 həftə bundan əvvəl start verilib. ABŞ-a gəlincə, burda mobil telefon operatorları müştərilərinə 5G planı üzrə limitsiz internet təqdim edir.

 

Hesab edirəm ki, bizim bunu “Azərcell”, “Bakcell” və “Nar”dan istəməyə haqqımız var. Çünki, uzun illərdir qazandığımızın bir hissəsini bu şirkətlərlə bölüşürük. İndi vaxtdır ki, onlar da hazırkı vəziyyətdə müştərilərinin qayğısını çəksinlər. Bu, əhalinin sosial izolyasiya zamanı evdə qalmasına və koronavirusdan qorunmasına dəstək olardı.

Müəllif: Qubad İbadoğlu, iqtisadçı-alim