Azərbaycan Ermənistana sərhədlə bağlı təklif verib

Xəbərlər

30.06.2021 - 14:43

Rəsmi Bakı delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edib

 

“Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib”. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün, bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur: “Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli Birgə Bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var”.

 

C.Bayramov qeyd edib ki, Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur: “Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli Birgə Bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”.

Müəllif: Ayna.az