Atəş altında yaşayan kənd əhalisinə dəyən ziyanı kim ödəyəcək?

Cəmiyyət

20.07.2020 - 13:16

Deputat: “Ola bilsin ki, bununla bağlı qanuna xüsusi bir bənd əlavə edilməli və ya xüsusi qanun qəbul etməliyik”

 

İyulun 12-də ermənilərin Azərbaycan-Ermənistan sərhədində törətdikləri təxribat nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iri çaplı silahlardan və minaatanlardan atəşə tutuldu. Yerli sakinlərin evlərinə böyük ziyan dəydi. Bu evlərin nə vaxt və kimin hesabına tikiləcəyi və ya bərpa ediləcəyi hələ məlum deyil. Müharibə öz yerində, amma sərhəd kəndlərinin əhalisi normal yaşamalıdır.

 

Xatırladaq ki, 2011-ci ilin iyul ayında Azərbaycanda “İcbari sığorta haqqında” qanun qəbul edilib. Və AYNA atəş altında olan kəndlərin sakinlərinin əmlaklarına vurulan ziyana görə sığorta ödənişi alıb-almayacaqlarını öyrənməyə çalışıb.

 

Düzdür, demək olmaz ki, Azərbaycanın kənd sakinləri öz əmlaklarını həvəslə və kütləvi şəkildə sığortalayıblar, amma qanun sərhəd bölgələrinin sakinlərinə əmlakları sığortalanarsa, sığorta ödənişi almağa icazə verirmi? Yoxsa bu insanlar üçün istisnalar edilməli və əmlakı sığortalanmayanlara belə, dəyən zərərin müqabilində bəlli bir məbləğ ödənilməlidir?

 

Bu sahədə dəqiq məlumat almaq üçün "AzərSığorta" sığorta şirkətinə müraciət etdik. Oradan bizə müharibələrin və iğtişaşların sığorta hadisəsi olmadığını dedilər. Qeyd etdilər ki, buna görə də belə hallar üçün sığorta ödənişi həyata keçirilmir.

 

Həqiqətən, "İcbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununda müharibə və iğtişaşlar halında sığorta kompensasiyasının ödənilməsi barədə heç bir qeyd yoxdur. Bəs erməni təcavüzkarlarının Tovuz rayonunun sakinlərinə vurduğu ziyanı kim və necə kompensasiya edəcək?

 

Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə şöbəsinin müdiri Fərman Qurbanovun AYNA-ya dediyinə görə, erməni təcavüzkarlarının vurduğu zərər Azərbaycan dövləti tərəfindən ödəniləcək: “Düzdür, Azərbaycanda cəbhə bölgəsinin sakinlərinə dəymiş ziyana görə kompensasiya haqqında xüsusi qanun yoxdur. Ancaq dövlətimiz heç vaxt öz vətəndaşlarını problem qarşısında tək qoymur. Hər halda, ermənilərin təcavüzkar hərəkətlərindən əziyyət çəkən vətəndaşlara kömək edəcəyik. Bu gün vətəndaşlara dəyən zərərin miqdarını müəyyənləşdirmək üçün işlər görülür, hesablamalar aparılır”.

 

Məlum olur ki, sakinlərə dəymiş ziyanı dövlət ödəyir. Görəsən, sığortaçılar bu işə niyə cəlb edilmir? Əgər sığorta şirkətləri bu işə cəlb edilsə, həm dövlətin iqtisadi yükü azalar, həm də vətəndaş evinin bərpa ediləcəyini dəqiq bilər. Və yerli məmur faktoru da bu prosesdən  mümkün qədər kənar qalar.

Aydın Mirzəzadə | Report.az

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə də bu məsələdə bizimlə razılaşır və deyir ki, çox vacib bir məsələ qaldırmışıq: “Ermənilərin mülki şəxslərin əmlakına ziyan vurması halları tez-tez baş verir. Ola bilsin ki, bununla bağlı “İcbari sığorta haqqında” qanuna xüsusi bir bənd əlavə edilməli və ya bununla bağlı xüsusi qanun qəbul etməliyik”.

 

Nəzərə alsaq ki, bu məsələ Ermənistan-Azərbaycan münaqişəsi ilə birbaşa bağlıdır, onda Milli Məclisin müvafiq komitəsi "İcbari sığorta haqqında" qanuna dəyişiklikləri dərhal hazırlayıb parlamentə təqdim etsə, yaxşı olar. Axı, sığorta şirkətləri Azərbaycanda təkcə məcburi  avtomobil sığortası üçün mövcud deyil...

Müəllif: Rəşad Rüstəmov