Aprel ayında neftin qiyməti 70-75 dollara yüksələcək - <font color=red> ARAŞDIRMA</font>

İqtisadiyyat

09.03.2021 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Sadalananlar onu deməyə əsas verir ki, “Wood Mackenzie” şirkətinin proqnozu doğrudur

 

2021-ci ilin aprel ayında dünya bazarında neftin qiymətinin 70-75 dollara yüksələcəyi gözlənilir. Bu proqnozla mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” Tədqiqat və Konsaltinq Şirkəti çıxış edib. Şirkətin proqnozuna görə, xam neft ehtiyatları apreldən etibarən azalacaq və bu il neft tələbatı keçən ilə nisbətən gündəlik 6 milyon 300 min barrel artacaq.

 

AYNA-nın xəbərinə görə, Saxta.info “Wood Mackenzie” Tədqiqat və Konsaltinq Şirkətinin verdiyi proqnozun real olub-olmadığını araşdırıb. Araşdırmada qeyd edilib ki, son günlər dünya birjalarında neftin qiyməti bahalaşır. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,85 faiz bahalaşaraq 71,34 dollar təşkil edib. Son dəfə “Brent” markalı neftin qiyməti 2020-ci ilin  yanvarında 71 dollardan yüksək olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə  “Light” markalı neftin bir barrelinin qiyməti 2,81 faiz bahalaşaraq 67,95 dollara çatıb.

 

Bu günlərdə  Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,56 dollar artaraq 69,26 dollar təşkil edib. Bu, son 13 ayda qeydə alınan maksimum göstəricidir. Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

Neftin qiyməti  OPEC + ölkələri  nazirlərinin  martın 4-də videokonfrans formatında keçirilən 14-cü iclasından sonra artmağa başlayıb.  Həmin iclasda mart ayı üzrə xam neft hasilatının artırılmaması qərara alınıb, istehsal kvotalarının aprel ayında da davam etdirilməsi təsdiqlənib. Yalnız Rusiya və Qazaxıstana hasilatı müvafiq olaraq gündəlik 130 və 20 min barrel artırmağa icazə verilib. Bu qərardan sonra Brent markalı xam neftin may fyuçerslərinin  qiyməti  ICE London birjasında  5,2% artaraq barreli 67,43 dollara yüksəlib.

 

Ekspertlər neftin qiymətinin son 8 ayda ən yüksək səviyyəyə gəlib  çatmasını ilk növbədə OPEC + ölkələri nazirlərinin məlum qərarı, digər tərəfdən koronavirusa qarşı hazırlanan peyvəndlərin effektli çıxması və kütləvi şəkildə tətbiq olunması ilə izah edirlər. Onlar hesab edirlər ki, pandemiya ilə əlaqədar məhdudiyytələrin aradan qaldırılması “qara qızıla” tələbatı da artıracaq.

Xatırladaq ki, hələ ötən ilin dekabrında "Saxo Bank"ın əmtəə bazarları strategiyası şöbəsinin müdiri Ole Hansen neftin bir barrelinin 62 dollara qədər bahalaşacağını proqnozlaşdırmışdı. Hansen bildirmişdi ki, koronavirusa qarşı hazrlanan peyvəndlər effektli olarsa, dünyada neftə olan gündəlik tələbat 100 milyon barreli ötə bilər. Belə olan halda 2021-ci ildə neftin qiymətinin 62 dollara qədər artacağı realdır.

 

Bu arada, aparıcı banklar OPEC + ölkələrinin hasilatı artırmamaqla bağlı məlum qərarından sonra proqnozlarını dəyişdiriblər. Məsələn,  “Goldman Sachs Brent” markalı neftlə bağlı proqnozunu 5 dollar qaldıraraq 1 barrel üçün 80 dollar müəyyənləşdirib. İsveçərinin nəhəng maliyyə holdinqi “UBS Group AG”-ın analitikləri 2021-ci ilin ikinci yarısında “Brent” markalı neftin bir barreli üçün 75 dollar, WTI nefti üçün isə 72 dollar proqnozlaşdırıblar.

“JPMorgan” və “Citigroup”un ekspertləri də “Brent” nefti üçün proqnozlarını artırıblar. “Julius Baer Group Ltd”nin baş iqtisadçısı Norbert  Ryuker yaxın aylarda bir barrel üçün 70 dollardan artıq qiymət gözlədiyini açıqlayıb. O deyib ki,  qarşıdakı aylarda istirahət və sayahət sektorunda aktivlik gözlənilir, bu isə Qərbdə neft istehlakını artıracaq.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı fevral-mart ayları üçün gündəlik hasilatı 1 milyon barel azaltmaqla bağlı üzərinə götürdüyü könüllü öhdəliyi aprel ayında da davam etdirəcək. 

 

Bu məqama diqqət çəkən Oanda Korporasiyasının analitiki Edvard Moya deyir ki, əvvəlcə Səudiyyə Ərəbistanının bu öhdəlikdən imtina edəcəyi gözlənilirdi.  Analitikin qənaətincə hazırkı durumda WTI markalı neftin bir bareli üçün 75 dollar real görünür. “Brent”  markalı neftin qiyməti isə hətta yay aylarında  80 dolları  ötə bilər.

 

Ekspertlər əlavə edirlər ki, Çin hökuməti qarşıya 2021-ci il üçün Ümumi Daxili Məhsulun həcminin  6 %  artırılmasını hədəf qoyduğundan, bu ölkə neft və qaz ehtiyatlarını artırmağı, enerji təchizatı mənbələrini də şaxələndirməyi planlaşıdırb. Bu da öz növbəsində neftə olan tələbi artıracaq.

 

Sadalananları əsas götürərək,  bu qənaətə gəlinir ki, aprel ayında  neftin qiymətinin 70-75 dollara yüksələcəyinə dair  “Wood Mackenzie” şirkətinin proqnozu doğrudur.

Müəllif: Ayna.az