Muəllif:

ABİDƏ İNSAN

Məmməd Novruzoğlu Əliyevin 75 illiyinə

1993-cü ilin avqust ayı idi. Azərbaycan prezidenti Heydər Əliyevin əmri ilə Azərbaycan Televiziyasının Türkiyə Təmsilçiliyi təsis olundu. Məni isə Heydər Əliyevin tövsiyyəsi ilə Təmsilçiliyin müdiri təyin etdilər. Həsən Həsənov Xarici işlər naziri vəzifəsinin icrasına yenicə başlamışdı. Mənə akkreditasiyadan keçmək üçün Türkiyə Xarici işlər nazirliyinə təqdim etmək üçün rəsmi bir məktub verdi.

O məktubla sentyabrın əvvəlində Türkiyəyə gəldim — nə yerim vardı, nə də yurdum, heç kamera və operatorum da yoxdu. İlk problem Təmsilçiliyin hansı şəhərdə açılmasına qərar verməkdi. Paytaxt Ankaranın öz üstünlükləri vardı, İstanbulun isə başqa. Bütün sentyabr ayını bu iki şəhər arasında get-gəllə keçirtdim. Prezident seçkilərinin tarixi gələndə Ankaraya gedib, səsvermədə iştirak etmək üçün İstanbuldan Ankaraya getdim. Düşündüm ki, həm də səfirlə görüşüb, onun da fikirləri ilə tanış olardım. Səfiri tanımırdım, adını ilk dəfə Bakıda Yusif Səmədoğludan eşitmişdim. Mənə demişdi ki, problemin olsa ona bizim qohum olduğumuzu çəkinmıdən söylə. Bir də dedi ki, ixtisasca fizikdir, Əbülfəz Elçibəy onu bir çox namizəd içindən seçib.

Və bazar günü, oktyabrın 3-də Ankaraya getmək üçün İstanbuldan yola çıxdım. Ankaraya çatanda səsvermə bitmək üzrə idi. Paytaxtın Çankaya səmtindəki Cemal Nadir küçəsində yerləşən səfirlik binasındakı sakit və işgüzar atmosfer, intizam və səhman diqqətimi çəkmişdi. Sanki səfir yüz iln diplomatı idi. Halbuki, cəmi bir il idi ki, Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri idi…

Birinci mərtəbədə qurulmuş məntəqədə səs verdikdən sonra məni səfir Məmməd Əliyevin üst mərtəbədəki kabinetinə dəvət etdilər. Qarşımda 50 yaşlarında, yaraşıqlı, sadə, amma zövqlə geyinmiş bir adam dayanmışdı. Məni diqqətlə süzüb, yan tərəfdəki kresloda oturmağimi buyurdu. Nə qədər nəzakətli davransa da, məsafə saxlamaq istəməsi hiss olunurdu, bəlli ki, məni yaxına buraxmaq istəmirdi. “Niyə də buraxsın ki, — düşünmüşdüm. — Nə də olsa jurnalistəm, yazmadım elə, yazdım belə — durduğu yerdə başını kim ağrıtmaq istəyər?”. Bəlkə də elə buna görə “Sizcə, AzTV-nin Türkiyədəki ofisini İstanbulda açım ya Ankarada?” sualına da birmənalı cavab vermədi. Söhbətimizin axırında “İstanbula gəlsəm, sizi tapacam” dedi. Bu da mənim təxminimin doğru olduğunu göstərirdi.

Axşam AzTV-nin “Xəbərlər” proqramına Ankaradan seçkilər haqda telefonla operativ xəbər oxudum, seçkilərdən, məntəqənin işindən və danışdım. Ertəsi gün isə türk dostlarımın köməyi ilə professional kamerası olan bir operator tapıb səfirliyə getdik. Məmməd müəllim məni bu dəfə də yaxşı qarşıladı, həm deyəsən dünənki reportajım haqda da ona məlumat vermişdilər. O gün Məmməd müəllimi düz 40 dəqiqə danışdırdım, Türkiyə-Azərbaycan münasibətlərindən tutmuş Heydər Əliyevin qarşıdakı rəsmi Türkiyə səfərinə qədər çox sayda suallar verdim. AzTV əsas xəbər bülletenində müsahibədən 3 dəqiqəlik qısa bir hissə verdi. “Xəbərlər” bitəndən sonra isə müsahibənin tamamı efirə getdi.

Bu mənim Ankaradan ilk video-materialım, Məmməd Əliyevin isə AzTV-yə ilk geniş müsahibəsi idi. Müsahibə böyük əks-səda doğurdu – xalq ölkəsinin xaricdəki səfirini yaxından tanıdı, onun səlist, məntiqli danışığını bəyəndi və təqdir etdi.

Heydər Əliyev Azərbaycan prezidenti seçildi. Görkəmli dövlət xadiminin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında görünməmiş yüksəlişə təkan verdi, xarici siyasət və beynəlxalq münasibətlərdə yeni era başladı. Məhz bu sahənin Türkiyə istiqamətində Məmməd müəllim Heydər Əliyev komandasının ən fəal üzvünə çevrildi. Heydər Əliyev ömrünün sonuna qədər Məmməd Əliyevlə bərabər çalışdı…

* * *

1993-ün noyabr ayında akkreditasiyadan keçib “Mavi Basın Kartı” (Xarici jurnalistlər üçün Press kart) alıb qəti qərarımı verdim — AzTV-nin Türkiyə Təmsilçiliyini Ankarada açacam. Paytaxtın Yuxarı Ayrançı səmtindəki Portağal Yoxuşu küçəsində ofis və ev tutdum. Buradan səfirliyin yerləşdiyi Cemal Nadir küçəsinə maşınla beş dəqiqəlik yol idi. Evi və ofisi də Məmməd müəllimə yaxın olum deyə tutmuşdum. Bir il sonra məsafəni daha da azaltdım —  Sedat Simavi küçəsindəki daha geniş və daha gözəl evə köçdüm. Artıq səfirliklə aramızda 400 metr məsafə vardı.

Səfirliyin işi başından aşırdı, bir neçə ay sonra 4 fevral 1994-cü il tarixində Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri planlaşdırılırdı. Bu, Dövlət Başçımızın prezident kimi Türkiyəyə ilk rəsmi səfəri idi. Ziyarətə rəsmi Ankara və Azərbaycan Xariciyyəsi ciddi hazırlaşırdı. Məhz o səfər ərəfəsində mən Məmməd müəllimi daha yaxından müşahidə etmə imkanı əldə etdim. Onun yorulmaq nədir bilməyən çalışqanlığı, hiperaktivliyi, təşkilatçılıq qabiliyyəti mənim ona olan hörmətimi daha da artırdı. O səfərdən sonra mən Türkiyədə Heydər Əliyevin onlarla ziyarətinin iştirakçısı olmuşdum, amma o ilk səfər başqa idi. İki ölkə arasında çox sayda dövlətlərarası saziş və protokollar imzalandı, Türkiyə-Azərbaycan münasibətləri kəmiyyət və keyfiyyətcə görünməmiş səviyyəyə çıxdı.

Heydər Əliyev və onu müşayiət edən böyük nümayəndə heyəti Azərbaycan səfirinin yüksək təşkilatçılıq bacarığına, siyasi hazırlığına heyran qaldı. Sonralar Məmməd Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Kars, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin ərsəyə gətirilməsində özünü o qədər miqyaslı bir diplomat kimi göstərdi ki, Heydər Əliyevin ən etibar etdiyi səfirlərdən birinə, hətta deyərdim ki, birincisinə çevrildi.

O dövrdə Türkiyə mətbuatında bəzi qüvvələr Azərbaycan haqqında, xüsusilə də onun neft strategiyası haqda əsilsiz yazılar dərc edirdi. Və o böyük “ordunun” qarşısına səfir təkbaşına çıxırdı. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, bu işdə, xüsusilə də mətbuatla problemlərdə Məmməd müəllim mənə müraciət edirdi. Və mən bir dəfə də olsun Məmməd müəllimin “bir sözünü iki eləmədim”. Əlimdən gəldiyi qədər Məmməd müəllimi “Döyüş meydanında” tək qalmağa qoymadım. Meydanda isə həqiqətən də tək idi və onun Azərbaycan sevgisini, Vətənə bağlılığı o günlərdə daha aydın sezilirdi.

Məmməd müəllimlə bəzən aramızda inciklik, soyuqluq yaranırdı, ancaq bütün bunlar hansısa iş prosesi əsnasında yaranan fikir ayrılığı üzündən olurdu. Şəxsi bir problem heç vaxt olmadı aramızda, bunun da səbəbi çox açıqdı – Məmməd müəllim mənim üçün şəksiz bir avtoritet idi. Mən səfirliyin işçisi deyildim, müstəqil idim, zatən səfirliyə də az-az – tədbirdən-tədbirə gəlirdim. Ancaq mütəmadi olaraq telefonla fikir mübadiləsi aparırdıq, jurnalist kimi qızğın Ankara siyasətinin içində yaşayırdım və fikirlərimi Məmməd müəllimlə bölüşür, bilgi paylaşımı edirdik.

Bir müddət sonra Məmməd Əliyev türk qəzetlərinin səhifələrindən enməməyə başladı. Həm sıravi müxbir və yazarlarla, həm də qəzetlərin Baş redaktor və sahibləri ilə o qədər yaxın əlaqələr qurmuşdu ki, Ankaradakı diplomatik missiyaların rəhbərləri ona qibtə edirdilər. Onun prezident Süleyman Dəmirəl, Baş nazirlər Məsud Yılmaz, Tansu Çiller, Bülent Ecevit, habelə Türkiyənin 2-ci prezidenti, Atatürkün silahdaşı İsmet İnönünün oğlu, Baş nazirin müavini vəzifəsində çalışmış Erdal İnönü, Alparslan Türkeş, Murad Karayalçın, Deniz Baykal kimi siyasətçilərlə olan yaxın münasibətləri Məmməd Əliyevə olan sayğı və sevgiyə ən bariz misaldır. 2002-ci ildə iqtidara Ədalət və İnkişaf partiyası (AKP) gəldi. Ölkədəki hakimiyyət dəyişikliyinə baxmayaraq yeni gələn iqtidar da  Məmməd Əliyevlə sıx çalışmağa başladı. Qısa müddət ərzində Recep Tayyip Erdoğan və onun komandası Azərbaycan səfirinin bitmək bilməyən enerjisindən, çalışma şövqündən danışmağa başladılar.

Məhz Erdoğan iqtidarı dövründə yuxarıda adlarını çəkdiyim qlobal enerji, nəqliyyat xətləri istifadəyə verildi. Azərbaycan dövlətinin beynəlxalq arenadakı nüfuzu getdikcə artır, onun adı qüdrətli ölkələrlə bir çəkilirdi. Prezident İlham Əliyev və prezident R.T. Erdoğanın strateji əməkdaşlığı dünyada tayı-bərabəri olmayan bir formaya keçirdi. Məmməd Əliyev üçün bundan böyük mükafat ola bilməzdi…

* * *

Məmməd Əliyev ixtisasca fizik idi, aspiranturanı Kazan universitetində oxumuşdu, namizədlik dissertasiyasını da orada müdafiə etmişdi.  Məmməd Əliyev hələ gənclik dövründən əla şahmat oynayır. Baş nazirin müavini, sonralar Tansu Çillər hökümətində Xarici İşlər naziri olmuş mərhum Erdal İnönü də yaxşı şahmatçı idi. Məmməd müəllimlə Erdal bəy boş vaxtlarında zaman-zaman şahmat oynayırdılar. Onların bu qarşılaşması haqda Ankarada xoş xatirələr danışırdılar. Usta şahmatçı Məmməd Əliyev insanlarla kommunikasiya qurmaqda da usta idi.

* * *

Azərbaycan Televiziyasının o illərdəki texniki təchizatı çox pis vəziyyətdə idi. 1993-ün sonunda Bakıdan Türkiyə Təmsilçiliyimizə operator göndərdirlər, ancaq kamera vermədilər. Çox böyük çətinliklə 1994-cü ilin əvvəllərində TRT-nin o vaxtkı Baş direktoru professor Tayfun Akgünerin qəbuluna düşdüm. Yarım saatdan çox söhbət elədik, ona vəziyyəti danışdım. Mənim çalışma həvəsimi, Türkiyə sevgimi görüb TRT-nin bizə kamera və digər avadanlıqları rəsmi olaraq hədiyyə edəcəyini söylədi. Bunların hardan baxsan 50 min dollara yaxın qiyməti vardı. Həftələrlə davam edən rəsmi yazışmalar və sənədləşmədən sonra TRT anidən bu addımından vaz keçdi. Məlum qüvvələr gedib işə pəl qatmışdılar. Nə qədər səy göstərsəm də, T.Akgüner sözündən dönmürdü.

Çarəsiz qalıb Məmməd müəllimin yanına getdim. O əlini telefona uzadanda düşündüm ki, TRT-yə zəng edəcək. Ançaq katibəsinə “Məni Tansu Çillərlə calaşdır” dedi. Telefona Baş nazirin köməkçisi Akın İstanbulluoğlu çıxdı, Tansu xanımın görüşdə olduğunu söyləyərək, Məmməd müəllimdən nə baş verdiyini soruşdu. Yarım saat sonra TRT-nin Baş direktoru şəxsən zəng vuraraq məni yanına çağırdı. Məsələ, həll oldu və mən artıq reportajları Betecam-da çəkilmiş keyfiyyətli reportajlar göndərməyə başladım.

* * *

Konya Yolu Ankaranın nəqliyyat arteriyasının can damarıdır. Bu müasir avtomobil yolu Türkiyəni Anadolunun qəlbi ilə birləşdirən ən işlək yoldur. Paytaxt Bələdiyyəsi 1994-də bu yolun üstündə modern bir avtovağzal tikməyə başladı. Qısa bir zaman içində inşaat sona çatdı və 1995-in ilk aylarında avtovağzal istifadəyə verildi. Avtovağzal binasının üstündən böyük hərflərlə AŞOT yazılı lövhə asıldı. AŞOT “Ankara Şehirlerarası Otomobil Terminalı”nın baş hərfləri idi.

Bir gün Məmməd müəllim səhər tezdən mənə zəng vurdu: “İbrahim müəllim, AŞOT nədir, belə də admı olar, niyə etiraz səsinizi qaldırmırsız, niyə bir məqalə yazıb Melih Gökçekdən hesab sormursuz?”. Mən də cavab verdim ki, Ankara Böyükşəhər Bələdiyyə Rəisini tanımırsızmı, necə tərs və inad olduğunu bilmirsizmi? O da həyəcanlı bir səslə “Mən indi onun yanına gedirəm, görək indi o inad adamdır ya mən” dedi.

2 həftə sonra Konya Yolu ilə keçərkən gözlərimə inanmadım – Uzaqdan da oxunsun deyə hərflərinin hündürlüyü ən az bir metr olan nəhəng AŞOT lövhəsi endirilmiş, yerinə AŞTİ asılmışdı. Bələdiyyə Məmməd Əliyevin israrlı tələbi ilə 4 hərfli bir qısaltma tapmışdı – “Ankara Şehirlearası Terminal İşletmesi”.

Ermənilərdə kişi adı olan AŞOT-u Məmməd Əliyev Türkiyə paytaxtına yaraşdırmadı. Onun AŞOT lövhəsini endirəcək qədər gücü və kəsəri vardı. Bir müddət sonra hansısa bir tədbirdə Melih Gökçək mənə belə demişdi: “Sizin səfiriniz məni ən az 200 min lirə zərərə saldı”. O günki qiymətlərlə 200 min böyük pul idi…

* * *

Məmməd Əliyevin dostlarından və dostlarına olan sevgisindən danışarkən bir nəfərin adını xüsusi çəkməsəm, olmaz. Bu görkəmli türk alimi, tanınmış uşaq həkimi, xeyriyyəçi, Hacettepe və Bilkend universitetlərinin qurucusu, Azərbaycan xalqının dostu, professor İhsan Doğramaçı idi. Onların dostluğu haqda hər iki ölkədə bilməyən yoxdur. Maraqlıdır ki, Məmməd Əliyevlə İhsan Doğramaçının dostluğunun memarı Heydər Əliyev olub. O, Naxçıvan Ali Məclisinin sədri ikən Ankarada Doğramaçı ilə tanış olub, möhkəm dostluq əlaqələri yaratmışdı.

1994-cü ilin sonlarında mən İhsan Doğramaçıdan Bilkənddəki evində AzTV üçün müsahibə alırdım. Çəkilişdən sonra operatorum Humay Vəliyev və mən İhsan Doğramaçı ilə çay içirdik. Axşamın gec saatları idi, qalxmağa hazırlaşırdıq. O əsnada Doğramaçıya xəbər verdilər ki, Azərbaycan səfiri gəlib (Doğramaçı ilə Məmməd müəllim həm də qonşu idilər). İhsan bəy buraxmadı ki, qal bir az da söhbət edək.

Söhbətə yeni başlamışdıq ki, Məmməd müəllimin mobil telefonuna zəng gəldi. Heydər Əliyev səfiri axtarırdı. Məmməd müəllim bir-neçə dəqiqə telefonda danışdıqdan sonra dedi ki, İhsan bəyin sizə salamı var, onun evindəyəm. Arxasınca da əlavə etdi ki, AzTV-yə müsahibə verirdi. Birdən Məmməd müəllim telefonu mənə uzatdı: “Cənab Prezidentin sənə sözü var”. Telefonu qulağıma tutan kimi heç bir səslə qarışdırılması mümkün olmayan o səsi eşitdim: “Nəbioğlu, 3-4 ay sonra Doğramaçının 80 yaşı tamam olacaq. Onunla bağlı yaxşı bir sənədli film çəkmək lazımdır. Ad günündə İhsan bəyə hədiyyə edəcəm”. Vəssalam.

3 həftəyə filmin ssenarisini bitirdim. Ardınca da bir ay Ankarada çəkilişlər apardıq, Doğramaçının ailə üzvləri, dostları, həmkarları və çox sayda müxtəlif insanları danışdırdım, xeyli arxiv materialı yığdım. Filmin səsləndirməsini və montajını Bakıda etdim. Hər şey plana uyğun gedirdi, lakin filmə ad tapa bilmirdim, daha doğrusu 2-3 variant düşünmüşdüm, amma içimə yatanı yox idi. Və filmin adı Məmməd Əliyevin ağlına gəldi – “Abidə İnsan”.

Heydər Əliyev filmi ad günündə İhsan Doğramaçıya şəxsən verdi. “Abidə İnsan” filmi o il bir neçə dəfə TRT-də nümayiş etdirildi. Film bu günə qədər TRT-də Azərbaycan türkcəsində nümayiş etdirilən yeganə filmdir.

1995-ci ildə “Abidə İnsan” filmi Qızıl Humay mükafatına layiq görüldü.

* * *

Azərbaycan Dövlət Televiziyasının Türkiyədə yayınlanması, onun ölkənin Kabel şəbəkəsinə salınmasında da Məmməd Əliyevin əməyi böyükdür. Türk Telekom-un Baş ofisindəki danışıqlarında dövlət tərəfdən səfir, AzTV tərəfdən isə mən iştirak edirdim və Məmməd müəllimin əziyyətinə şəxsən şahidəm. Məhz bu fəaliyyətin sahəsində Türkiyənin dörd bir tərəfində Azərbaycan Dövlət Televiziyasının yayınlarını keyfiyyətli şəkildə izləyə bilirlər.

Bu gün geriyə dönüb baxanda düşünürəm ki, onun ən böyük mübarizəsi Türkiyə paytaxtının ən dəyərli hissəsində Azərbyacan Səfirliyi kompleksi üçün geniş ərazinin ayrılmasına nail olmasıdır. Məmməd Əliyev torpaq sahəsi məsələsini həll etdikdən sonra Səfirlik binası və kompleksə daxil olan digər yardımçı tikililərin layihəsinin hazırlanmasından inşaatına qədər şəxsən iştirak edib, ən incə detallarına qədər araşdırmışdır. Böyük ərazidə salınmış ağacları və yaşıl örtüyü tək-tək seçmiş, büdcədə nəzərdə tutulmayan xərcləri şəxsi münasibətləri sayəsində həll edərək, dövlətimizə xeyli qənaət etdirmişdir.

Səfirlik Kompleksi OR AN səmtində “Bakı” küçəsində yerləşir. Küçəyə Azərbaycan paytaxtının adının verilməsi də onun əməyi sayəsində olub. Bu gün qürurla söyləmək olar ki, Azərbaycan Respublikasının Ankaradakı Səfirlik Kompleksi xarici diplomatik missiyalar içərisində ən gözəli və çalışmaq üçün ən rahatıdır.

* * *

Heydər Əliyevin kərpiç-kərpiç inşa etdiyi Azərbaycan-Türkiyə münasibətləri onun “Bir millət, iki dövlət” fəlsəfəsinə verdiyi önəmin göstəricisidir. Mərhum prezidentin bu titanik fəaliyyətində ən aparıcı insanlardan biri heç şübhəsiz ki, Məmməd Əliyev olmuşdu. Onun zəhməti, gördüyü işlər və yorulmaz fəaliyyəti Heydər Əliyevin və onun davamçısı prezident İlham Əliyevin təqdiri ilə qarşılanırdı. Ankarada qurulan əlaqələr, səfirin yaratdığı şəxsi münasibətlər Azərbaycanda Ordu quruculuğundan tutmuş ölkəmizin neft strategiyasının inkişaf etdirilməsinə, iqtisadi və mədəni əlaqələrə qədər geniş sahələri əhatə etmişdir.

Bu gün diplomatik fəaliyyətdən sevdiyi akademik fəaliyyətə dönən Məmməd Əliyev əminəm ki, məzun olduğu universitetdə də yeni, kreativ işlər görür. 5 xarici dildə sərbəst danışan Məmməd müəllim İspaniyaya səfir təyin olunan kimi qısa müddətdə ispan dilini də öyrənmişdi. Bilirəm ki, o yenə boş durmayacaq, çünki boş durmağı bacarmır. 38 yaşında doktorluq dissertasiyası müdafiə edib, 39 yaşında professor olan Məmməd Əliyev diplomatiya sahəsinə keçməklə Azərbaycan elmi bir sıra parlaq araşdırma və yeniliklərdən məhrum olmuşdur. Amma nə yaxşı ki, mərhum Əbülfəz Elçibəy onu Türkiyəyə səfir göndərdi və nə yaxşı ki, mərhum Heydər Əliyev Məmməd Əliyevin bacarığı və səriştəsindən ölkəmizin mənfəəti və maraqları üçün onunla çox məhsuldar çalışdı. Nəticədə qazanan ölkəmiz oldu. Allah hər iki prezidentə də rəhmət eləsin, Nur içində yatsınlar…

* * *

2003-cü ilin mart ayında Heydər Əliyevin fərmanı ilə mən Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu təyin olundum. Və o ilin aprelində Ankaradan İstanbula köçdüm. Məmməd müəllimin yaşadığı şəhərdən getsəm də, artıq onunla bir yerdə işləyirdik. Daha tez-tez ünsiyyətdə olurduq, amma artıq ciddi subordinasiya saxlamaq, daha təmkinli olmaq lazımdı. Təəssüf ki, iki Galatasaray tərəfdarı kimi artıq futboldan danışmağa imkan tapa bilmirdik. Hərdən Məmməd müəllim əvvəlki kimi mənə yenə də “Sən mənim kiçik qardaşımsan” deyirdi, ancaq o mənim üçün bir Ağsaqqal idi, nurani, müdrik bir Ağsaqqal.

Aradan illər keçdi. Və bir gün anladım ki, Məmməd Əliyev özü də artıq Abidə İnsana çevrilib.

Ömrünüz uzun olsun, Abidə İnsan!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (9 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1009