By: Qulu Məhərrəmli

Yaramamağın faciəsi

5_team

Əslində sərlövhəni “yaramazlığın faciəsi” də qoymaq olardı. Fəqət “yaramazlıq” sözü AzTV sədrini diksindirdiyindən ehtiyatlanıram ki, bunu təhqir sayıb yenə bir çətən işçini kamera qabağına yığıb təzə “ifşa” serialı çəkdirsin, düşük saytlarda qəşəng nağıllar yazdırsın, sonra da məni məhkəməyə çəksin. Təbii ki, ən aşağısı qarşıdan gələn refendum səbəbindən mən bunu istəmirəm. O boyda TV-mizin “intellektual” və “peşəkar” sədrinin başını çox qatmaq olmaz.

Mən rəhbər üçün vacib olan iki keyfiyyəti əbəs yerə dırnaqda yazmıram: neçə ay əvvəl dediyim fikri təkrarlamağa məcburam ki, televiziya sədri kimi A.Alışanov intellektual cəhətdən dayaz, tutduğu vəzifəyə uyğunluq baxımından qeyri-peşəkar və  yararsızdır. Yaradıcı işdən uzaq olması səbəbindən də bu adam dövlətin hər il milyonlarla vəsait ayırdığı telekanalın inkişafinın qarşısına feodal zənciri çəkib.

Mən fevraldakı müsahibəmdə bunları  demişəm, rəhbərinin qeyri-peşəkar olmasını AzTV-nin ciddi problemlərindən biri kimi göstərib A.Alışanovun sədrliyə yaramayan keyfiyyətlərini tənqid etmişəm. O da problemi şəxsi müstəviyə çəkərək öz əxlaqına uyğun davranışlarla yanaşı, məhkəmədə mənə cinayət işinin açılmasına (bunun tam əsassızlığı barədə ayrıca məqalə ilə çıxış edəcəm) nail olub ki, guya bu vücudu təhqir eləmişəm… Əlbəttə, məhkəmə mənə cəza verə bilər, amma onun qərarı nə AzTV sədri haqqında ictimai fikri dəyişəcək, nə onu peşəkar edəcək, nə verilişlərin səviyyəsini yüksəldəcək, nə də TV-də sıxılan peşəkarlara yaradıcılıq meydanı açacaq. Burada məsələ başqa şeydədir…

*   *   *

Ha deyirəm ki, bu barədə danışmayım, amma məhkəmə söhbəti imkan vermir. Anlatmağa məcburam ki, müsahibəmdə təhqir yoxdur, yalnız tənqid var və bu tənqidin də canı odur ki, 60 illik tarixi və bəlli yaradıcılıq ənənələri olan bir televiziya niyə bu qədər axsayır. Yalançı yubiley yazılarını və  şit tərifləri bir yana qoyun, reallıq başqadır: bu gün AzTV baxılmır, çünki verilişlərin əksəriyyəti auditoriyanı maraqlandırmır, bəsit, quru və cansıxıcıdır. Televiziyanın ölçüləri kiçilir, yaradıcılıq miqyası daralır, verilişlərdə sxematiklik artır, dilin süniləşməsi gedir, proqramlar və sədr lağ obyektinə çevrilir. Dövlətin hər il 50 milyon manata yaxın pul ayırdığı telekanal bir ortabab sayt qədər auditoriya toplaya bilmir. Əlbəttə, bu pula yaxşı texnika da almaq, əla dekorasiya da qurmaq mümkündür. Amma həmin texnikaya ruh verən, dekorasiyaya məna gətirən yaradıcı insandır, AzTV-də, məhz yaradıcı insan, yaradıcılıq enerjisini məharətlə yönəldən prodüser və menecer çatmır. Əsas səbəb sədr A.Alışanovun yaradıcı havanı duymaması, onu lazımınca yönəldə bilməməsidir.

Adını peşəkar qoyub AzTV-nin uğuru kimi “Səs Azərbaycan”ı nümunə gətirmək biabırçılıqdır. Axı bu beynəlxalq layihədə yaradıcılıq adına nə var ki? İngilis və ya holland formanı, italyan rejissuranı, ukraynalı operator işini tənzimləyir. Bəyəm biz o günə qalmışıq ki, texniki icra ilə öyünək?! İkincisi, dövlətdən maliyyələşən heç bir telekanal, məsələn, TRT, yaxud RTR kimi kanallar ömründə belə layihələrə məhəl qoymaz, pul xərcləməz. Yalnız bəsit təfəkkürlü adamlar dövlətin pulunu havaya sovurması ilə öyünə bilər.

Əlbəttə, mən AzTV şəraitində siyasi proqramlar hazırlamağın çətinliklərini, belə proqramlara verilən tələbləri, bunun üçün hansı yüksək hazırlığın olmasını  anlayıram. Bəs maraqlı elm, tədris proqamlarına, öyrədici verilişlərə nə söz? Cəmiyyəti düşündürən problemlərə dair söhbətlər, diskussiyalar niyə hazırlanmasın? Niyə telekanala həmişə uğur gətirmiş teletamaşalar yoxa çıxsın? Hələ yaxşı ki, “Məclisi-üns” kimi nümunə var və bu veriliş ona görə yaxşı izlənir ki, ideyası, forması, rejissurası, xüsusən aparıcısı və dəvət olunan qonaqları maraqlıdır. Bir az milli “hayd park”a oxşasa da, veriliş özünün xoş aurası, yaradıcı enerjisi ilə tamaşaçını cəlb edir. Bütövlükdə AzTV ekranında, məhz bu təbiilik və yaradıcı enerji çatmır. Bu səbəbdən də bəzi istisnalarla telekanalda yaradıcı həyat ölü gündədir. Gözə dəyən verilişlərin əksəriyyətini prodakşn studiyalar hazırlayıb verir. Yaxşı, adamdan soruşmazlar ki, bəs dövlət milyonları sizə nə üçün ayırır və o pullar verilişlərə xərclənmirsə, hara gedir?

Mən Alışanovu bu deyilən nöqsanlara görə tənqid etmişəm, o da özünü elə aparır ki,  guya  belə sərt tənqidləri birinci dəfədir eşidir, heç adı uzun illər müxtəlif qəzetləri bəzəməyib, bu ad qalmaqallarda, istintaq və yoxlama materiallarında hallanmayıb. Halbuki Alışanovun sədrliyə gəlişi (baxmayaraq ki, içi mən qarışıq AzTV-də çoxları buna ümidlə baxırdı) elə ilk gündən ölkənin yaradıcı adamları arasında rişxəndlə qarşılanmışdı. Çoxları hələ o vaxt “buxalter hara, TV sədrliyi hara” kimi ironik suallar verirdilər. O, özü də bunu bilirdi və ilk dövrlərdə (elə indi də) geniş ünsiyyətdən, xüsusən ziyalılarla, yaradıcı adamlarla üz-üzə gəlməkdən çəkinirdi, tənələrdən, iradlardan qorxurdu. Sanki ürəyinin dərinliyində tutduğu vəzifəyə yaramamasının əzabını yaşayırdı, axı bəzən bu yaramazlığını onun üzünə deyənlər də tapılırdı. Bircə epizodu Alışanovun yadına salmaq istəyirəm, kinli olduğu üçün əminəm ki, unutmayıb…

*   *   *

2007-ci il aprelin əvvəlləri idi. Görkəmli söz ustası, “müsibət oluruq biz, səhv düşəndə yerimiz” kimi ölməz şeirlər yaratmış mərhum şairimiz Qabilin hüzr məclisinə AzTV sədri ilə getmişdik. Təbii ki, vəzifəsinə görə adamı yuxarı başa keçirdilər. Yuxarı başda isə biz sözü adamın üzünə şax deməkdən çəkinməyən görkəmli bəstəkarlarımızdan biri ilə üzbəüz oturduq. Maestro əl uzadıb mənimlə görüşdü, Alışanova əhəmiyyət vermədi. Mən dərhal onu təqdim etdim ki, AzTV-nin sədridir, xasiyyətinə yaxşı bələd olduğum üçün, hər ehtimala qarşı, əlavə etdim ki, dostumuzdur. Adam heç dost-zad nəzərə alan deyilmiş, halını pozmadan dedi ki, “qardaşı tanıyıram də, sizdə buxalteriyada işləyirdi”. Alışanov tutuldu, rəng verib-rəng aldı, əslində mən də belə sərt yanaşma gözləmədiyim üçün pərt oldum. Sən demə, maestronun əsas sözü geridə imiş. Dedi ki, “Arif müəllim, inciməyin, sədrlik sizin yeriniz deyil, orda milləti, mədəniyyəti təmsil edə bilən yaradıcı adam oturmalıdır”… Sonra da həmin vəzifəyə layiq bildiyi 2-3 adamın adını çəkdi. Onda Alışanov düz və sərt sözü həzm edə bilirdi, çünki ayağı torpaqda idi… Amma deyəsən, indi adam özünü “peşəkar” olduğuna inandırıb.

 *   *   *

Yaradıcı qabiliyyət və istedad məsələsi Allah vergisidir, kimdəsə az, kimdəsə bir az çox ola bilər. Bir də var heç olmasın! Əslində Alışanovun yaradıcı olmaması  da problem deyil, problem adamın olmayan bu səviyyə ilə televiziya kimi mürəkkəb sahəyə rəhbərlik etməsidir, peşəkar jurnalistlərə, studiyalarda saç ağartmış rejissorlara ağıl öyrətməsi, yaradıcılıq işinə yersiz müdaxiləsidir. Adamın faciəsi, həm də özünü kənardan görə bilməməsidir.

Əlbəttə, Alışanov istedadsız da deyil, istedadsız olsaydı, bu qədər pul qazanmaz, saysız-hesabsız yoxlamalardan, istintaqlardan quru çıxıb, bu imic və bioqrafiya ilə sədr ola bilməzdi. Adamlara tələ qurmaq, tabeliyindəkiləri bir parça çörəyə görə rəzil etmək, onları daim qorxu içində saxlamaq, şəxsiyyəti olanları alçaltmağa çalışmaq – bunlar Alışanov istedadının cüzi bir hissəsidir. Özü də onun “qəhrəmanlıqları” təkcə bu günə aid deyil. Bu günlərdə mənə iki qovluq qəzet veriblər,  90-cı illərdən bu yana ana TV haqqında nə yazılıbsa hamısı burada səliqə ilə toplanıb. Vərəqləyib heyrətə gəlirəm: son 20 ildə ayrı-ayrı ciddi qəzetlər (reket saytlar yox, ha!) Alışanovdan nələr yazmayıblar, onu hansı ifadələrlə “yağlamayıblar”?! Mən bu yazıların bir qismini seçib məhkəməyə təqdim etmişəm ki, onlar da şərəf-ləyaqət davası aparan bu “məsum” adamın kim olduğunu bilsinlər, zatən bilirlər də…

*   *   *

Dünya köhnə dünyadır, min illərdir ki, nəfsinə hakim ola bilməyənlər, həyatlarının məqsədini pul yığmaqda görənlər Şərin itaətkar nökərinə çevrilirlər. Zaman keçər, nökərlərin xisləti dəyişməz. Belədə biz özümüzü həm də vaxt oğrusu olan bu nökərlərdən qorumalıyıq, çünki vaxt köhnə dəyirman kimi günləri üyüdür, insan ömrü günbəgün əriyib gedir, təknədə qalan ömür payı azalır, adamın  qalan vaxtına və enerjisinə heyfi gəlir. O səbəbdən də bu yazıya da sərf etdiyim vaxta çox heyfim gəldi…

e-mail:meherremli@ya.ru

read more
By: Elçin Şıxlı

Öz torpağında mühacirətdə olanlar

1_team

“Yenə də deyirəm — Messini «Barselona»dan gətirib, «Qəbələ» klubunda ehtiyat oyunçular skamyasında otuzdursaydınız, heç kəs onun istedadının miqyasını anlaya bilməzdi”…

Azər Rəşidoğlu

 

Raufu (Mirqədirovu) uğurladıq getdi…

Ərəstun Oruclu da getdi…

Vahid Qazi neçə ildir gedib…

Rəşid Hacılı da Bakıda yoxdur…

Siyahı uzundur. Bu insanlar media ilə bağlı olanlardır. Və bu, hələ şəxsən tanıdıqlarımdır. Səbəb aydındır desəm, çox bəsit olar. Əsl səbəbsə, zənnimcə, hələ dərk edə bilməyəcəyimiz qatlardadır.

Amma bir şey aydındır – insan öz potensialını doğma torpağında gerçəkləşdirə bilmirsə, başını götürüb gedir, KÖÇür. Və bu KÖÇ başlayıb. İşləməyə, düşünməyə şərait olmadıqca KÖÇ güclənəcək. İnsanlarımızın qədrini bilmədikcə, onlar gedəcək və bir də ayılıb görəcəyik ki, ölkəni normal yönləndirə biləcək, fikir mübadiləsi apara biləcək kimsə qalmayıb. Ən pisi isə odur ki, bu gedişlə bu barədə düşünməyə heç həvəs də qalmayacaq…

Necə olur ki, vaxtilə “Ayna”da çalışmış İdrak Abbasov mühacir həyatı yaşadığı Norveçdə yerli dili 11 aya öyrənib yerli qəzetın müxbiri olur və yad bir dildə məqalə yazır, amma doğma torpağında ona yer tapılmır…

***

Xorxe Luis Borxesin “Averroesin araşdırmaları” hekayətində belə bir məqam var:”Onu işindən nəğməyə bənzər bir səs ayırdı. Alim qəfəslənmiş eyvandan bayıra baxıb xırı belə omayan balaca patioda oynayan uşaqları gördü. Biri dostunun çiyninə qalxıb gözünü yumaraq müəzzin kimi əlini qulağının dibinə qoyub:”Allah birdir və ondan başqası yoxdur” oxuduğu halda, digəri də yerdə dizin-dizin sürünərək guya o gözəgörünməzə sitayiş edirdi. Amma az keçmədi ki, oyun bitdi, çünki üçü də yalnız müəzzin olmaq istəyirdi – nə minarə olmaq istəyən vardı, nə də Allaha sitayiş etmək istəyən”…

İndi biz də orta əsr əndəlus çocuqlari kimiyik – başa düşmək istəmirik ki, inanan olmasa, nə minarə olacaq, nə də müəzzinə ehtiyac…

***

Niderlandda 2013-2016-cı illərdə cinayətkarlıq 90% azaldığından həbsxanalar bağlanır.

İslandiyada yaxın gələcəkdə keçiriləcək ümumxalq referendumuna bir məsələ çıxardılıb — ənənəvi hökümət modelindən imtina. Yəni, ölkədə məmur zümrəsi ləğv ediləcək və ölkə xalqın öhdəsinə buraxılacaq, çünki İslandiyada hələ 930-cu ildə altinq, xalq toplantısı vardı. Yəni, ölkə “crowdsoursing”, xalqın iradəsinə əsasən idarə olunacaq. Alınacaqmı, bilən yoxdur, amma hər halda bu səviyyədə düşünənlər var.

İsveçdə — dünyanın ən xoşbəxt əhalisi olan ölkədə — vətəndaşların daha xoşbəxt olması üçün hamılıqla 6 saatlıq iş gününə keçmək məsələsi gerçəkləşdirilməkdədir. Əsas səbəblərdən biri insanların ailələrinə, yəni uşaqlarının tərbiyəsinə daha çox vaxt ayırmaq istəyidir. Bunun iqtisadi əsaslandırması da var – adam fikrini işində cəmləşdirərsə, ona 6 saat da bəs edər. Amma bunun üçün şərait olmalıdır. Məsələn, 2014-cü ildə Rusiyada istehsalçı 1 saata 25,9$-lıq əmtəə istehsal edirdisə (indi, yəqin ki, vəziyyət, Qərb sanksiyalarını nəzərə alsaq, bir qədər də pisləşib), ABŞ-da bu göstərici 67,4$-a bərabər idi. İzahı çox bəsitdir – Rusiyadakı köhnəlmiş avadanlıq və texnologiyalar, əməyin qeyri-effektiv təşkili, aşağı motivasiya, idarəetmədə peşəkar vərdiş qıtlığı. SSRİ vaxtından heçnə dəyişməyib. Yadıma sovet zamanındakı iş rejimi düşdü – saat 9-dan 10-a kimi laqqırtı və siqaret çəkmək, saat 10-dan naharadək gündəlik iş normasının tamamilə yerinə yetirilməsi, nahardan sonra isə yuxulu vəziyyətdə siqaret çəkmək və həsrətlə iş vaxtının nə zaman bitəcəyini gözləmək… Sovet rəhbərliyinin ağlı olsaydı, hamımızı elə o vaxtlar xoşbəxt edə bilərdi. Nə isə…

Və nəhayət Kosta-Rika. Bu ölkədən söz açmazdan öncə, həmkarım Gülnar xanıma təşəkkür etmək istəyirəm, çünki məni yönləndirməsəydi, Kosta-Rika heç yuxuma da girməzdi. Növbəti dəfə bərpa olunan enerji mənbələrindən yazandan sonra öyrəndim ki, bu ölkə artıq 120 gündür ki, enerjiyə olan tələbatını ənənəvi yanacaq növlərindən istifadə etmədən ödəyir. Yazının üstündən təxminən bir ay ötüb. Deməli, Kosta-Rika artıq 150 gündür yaşıl enerjinin hesabına yaşayır. Mənə çox maraqlı gəldi, Mərkəzi Amerika cəngəlliklərində itib-batmış bu kiçicik ölkə bu düşüncə səviyyəsinə necə gəlib çıxıb, axı? Və haqqında oxuduqca anladım ki, Kosta-Rika kiçicik-filan deyil – çox böyükdür. Təsəvvür edirsinizmi, ölkə sonuncu vətəndaş müharibəsindən sonra, 1949-cı ildə ordunu ləğv edib. Polisdən başqa heç bir güc strukturu yoxdur. Buna rəğmən, bölgənin ən təhlükəsiz yeridir, cinayətkarlıq olduqca aşağı səviyyədədir. Və məni Kosta-Rikanın böyük olduğu əminliyində möhkəmləndirən daha bir məqam – bu ölkədə ölüm hökmünün hələ, bir düşünün, 1871-ci ildə ləğv edilməsi! Düz 145 il bundan əvvəl…

Sevimli Türkiyəmdəsə millət ölüm hökmünün bərpasını istəyir…

Biz isə 15 ildən artıqdır ki, Diffamasiya haqqında qanunu belə qəbul edə bilmirik, deyirik ki, qəbul etsək, insanlar yazısını bəyənmədikləri jurnalistlərlə dədə-baba qaydalarına uyğun haqq-hesab çəkəcəklər…

***

Bu barədə son günlər tez-tez söz düşür – mühacirət etmiş tanışlarımızdan. Və növbəti belə bir söhbət zamanı Arif (Əliyev) məni sarsıdan bir həqiqəti söylədi. Dedi ki, onların yad ölkədə necə yaşayacaqlarının dərdini çəkmə. Bir özümüzə bax. Biz artıq öz torpağımızda mühacir həyatı yaşayırıq…

***

qumruEvin kandarında, düz giriş qapısının üstündə bir ay olar ki, bir cüt qumru yuva salıb. Yuvanı quranda bu bir cüt göyərçinin necə də çalışdığını müşahidə etmək böyük bir zövqdü. Sonra dişi tayı qırt düşdü. Erkəyi ondan aralanmadı, gecə-gündüz onu qorudu. Bir on gün əvvəlsə yuvada iki bala göründü. Düzü, havaların soyuyacağından ehtiyat edirdim, qorxurdum ki, balalar soyuğa düşüb tələf olar. Amma havalar üzümüzə baxdı və balalar tüklənib yuvanın hündürlüyündən maraqla muncuq gözlərini bizə zillədilər. Bu səhnə mənə olmazın zövq verirdi. Neçə gündükü yatmağa getməzdən əvvəl onlara öz aləmimdə şirin yuxular diləyirdim. Onlara əməlli-başlı isinişmişdim… Bu gün səhərsə yuvanı boş gördüm… Getmişdilər…

YURDUMUZ BOŞ QALMASIN…

 

e-mail: qlavred@hotmail.com

 

read more
By: İbrahim Nəbioğlu

Hyperloop

 

2_team“Dəmiryolu kommunist işidir”. Turqut Özalın sözüdür. 1950-lərdən etibarən iqtidardaki sağ partiyalar ənənəvi olaraq sol hərəkatı və kommunistləri quleybanı və əcinnə kimi görürdülər. Özal:“Avtobusa harda istədin minib enə bilərsən, amma qatar elə deyil”, — sözləri ilə tezisini gücləndirmək istəmişdi.  Özal kimi islahatçı və türk iqtisadi sıçrayışının memarının dəmiryollarına “sosialist anaxronizmi” deməsi anlaşılan deyil.

Nəticədə, bu gün Türkiyə Dəmiryolları Avropanın ən az 50 il gerisindədir… 

G20-nin Quançjou zirvəsində Çinin Edirne-Kars yüksək sürətli dəmiryolu inşa edəcəyinə dair ilkin razılaşma əldə edildi. Layihənin büdcəsi 30-40 milyard dollardır. Bu xətt gələcəkdə London-Pekin dəmir yolunun bir parçası olacaq.

Türk qəzetləri xəbəri manşetlərə daşıdılar, bəziləri hətta “Dünya bizi qısqanacaq” belə yazdı…

* * *

İlon Mask (Elon Musk) – mühəndis, ixtiraçı və milyarder, ambisioz və futuristik SpaceX , Tesla Motors şirkətlərinin qurucusu.

1971-ci ildə Cənubi Afrikada, Pretoriyada doğulub. O, Stanford universitetindən sonra kompyuter proqramları yazan Zip 2  və X.com adlı şirkətlər qurur. Bir müddət sonra Zip 2-ni 308 milyon dollara Compaq-a, X.com-u isə 1.5 milyarda Pay Pal-a satır.

ilonİlon Mask astronomik gəlirinin bir hissəsinə “Musk Foundation” adlı bir fond qurub. Hər il 10 milyon dollar bağışladığı bu fond süni intellekt üzrə araşdırmalar aparır. Parasının digər hissəsini isə  kosmik raketlər buraxacaq SpaseX şirkətinə yatırıb. Ayzek Azimov kitabları ilə böyüyən İ.Mask, çocuqluq xəyalını həyata keçirməyə hazırlaşır– Marsa səyahət və Marsda koloniya qurmaq. Bunun üçün maliyyəti müasir daşıyıcı raketlərdən 10 dəfə ucuz olacaq kosmik aparatların istehsalına başlayıb.

Mask ən gec 2025-ə qədər Mars səfərinə start verəcək.

İlon Maskın ən fantastik işlərindən biri Hyperloop (Hyperilgək) layihəsidir. Hyperloop təyyarədən 2 dəfə daha sürətli, vakuumda hərəkət edən qatardır.

hyperloop Maskın bu ağlasığmaz təşəbbüsü həyata keçdiyində 561 km olan San-Fransisko-Los Angeles arası 30 dəqiqəyə (!!!) qət ediləcək. Bakıdan Tiflisə də 560 km-dir. İndi görüm inana bilirsinizmi — yarımca saata Tiflisə…

Maskın dahiliyi məsələyə sadə baxmasındadır – “Hərəkətə müqavimət edən havadır, borudan havanı çıxarınca vakuumda kapsul-qatar 1200 km/saat   sürət yığa bilir”.

loopLayihənin dəyəri 6 milyard dollardır (Müqayisə üçün, Rusiya Soçi Olimpiadasına 50 milyard, “Vostoçnıy” kosmodromuna isə 180 milyard dollar xərcləyib).

3 ay əvvəl Nevada səhrasında Hyperloop-un ilk sınağı keçirildi. Plana görə, vakuumlu borularla 2019-dan yük qatarları, 2021-dən isə sərnişin kapsulları şütüyəcəklər.

Lakin, İlon Mask Hyperloop-un inşaat qismindən ayrılıb. O, bütün gücünü Tesla (avtonom, sürücüsüz avtomobillər) SpaceX (Marsa səyahət və məskunlaşma) layihələrinə verəcək. Hyperloop-un inşasındakı 2 şirkətdən biri Hyperloop One -dır.

Hyperloop One-ın qurucusu Şərvin Pişevar İranda doğulub, Şah rejiminin devrilməsindən sonra ailəsi ABŞ-a köçüb, atası Vaşinqtonda taksi sürücüsü işləyib. Bu da Ş. Pişevarın Uber-in ən böyük sərmayədarı olmasında əsas rol oynayıb.

iranli

Əfsanəvi Berkeley universiteti məzunu olan Pişevar, qurduğu Webs.com servisini 117 milyona sataraq pullarını Tumblr, Warby Parker və Uber kimi uğurlu layihələrə yatırıb.

Hyperloop One Direktorlar Şurasının sədri Pişevar siyasətə də girişir, Hilları Klintonun seçki kampaniyasında Demokrat partiyasının sponsorudur. O, Hyperloop layihəsinin əsasən investisiya tərəfi ilə məşğuldur. Xarizması sayəsində ObamaPutin ilə görüşür, onlardan dəstək alır. Çünki, Hyperloop artıq fantastik olmaqdan çıxıb, layihəyə bir sıra dövlətlər maraq göstərir. İngiltərə Mançester-London, Polşa Qdansk-Varşava, Rusiya isə Peterburq-Moskva kapsul-qatar xəttini düşünür.

Yeni Dünyanın gücü, onun açıq cəmiyyətinin verdiyi imkanlara bundan yaxşı misal varmı – bir iranlı mühacir, taksi sürücüsünün oğlu Amerikada milyarder olur, Obama ilə görüşür, Putinə innovasiyalar brifinqi verir.

Pişevar Putin ilə Peterburq İqtisadi Forumunda görüşüb. “18 investisiya fondunun rəhbəri və prezident Putin. Otaqda 10 trilyon dollar vardı” — Pişevar görüşməni belə təsvir edir. O, Putinə Rusiya üzərindən Çindən Avropaya yeni İpək Yolu sözünü verib.

Rusiya “Dünya nəqliyyat inqilabında” avanqard rol oynamaq istəyir. Caspian Venture Capital və “Summa” qrupun sahibi, əslən avar olan Ziyavuddin Maqomedov Hyperloop-a  110 milyon dollar sərmayə qoyub. Rusiya axır ki, fərqli düşünərək qlobal layihələrə maraq göstərir və bunda Putinin komandasındakı texnokratların rolu böyükdür.

Di gəl ki, rusların plaskart vaqondan səsdənsürətli kapsul vaqona keçməyini, öldürün məni, hələ təsəvvür edəmmirəm…

* * *

Bakı-Sumqayıt elektrik qatarı xətti bərpa olunaraq 2015-in payızında yenidən çalışmağa başlayib. Çox önəmli, yerində bir lojistik həmlə idi və bunu ancaq alqışlamaq lazımdır. Lakin bizim TV kanalları aylarla Bakı-Sumqayıt “elektriçkasını” az qalsın dünyanın ən böyük nəqliyyat yeniliyi kimi qələmə vermişdi. Allahdan türk mediası kimi  bizimkilər  də qalxıb “Elektriçkamıza görə bizi qısqanırlar” yazmadılar.

* * *

Mançesterdən Londona 18, Bakıdan Tiflisə 30 dəqiqəyə səyahət etmək urbanizasiyaya baxışı təməldən dəyişdirəcək, şəhərləri bir-birinə qatıb fərqli bir yaşam modeli yaradacaq. Bir şəhərdə yaşayıb, başqasında çalışmaqdan, Marsa köçüb orada koloniya qurmaqdan, sürücüsüz, avtonom maşınlara minməkdən danışır Mask. Bu keyfiyyətcə yepyeni, artıq utopik olmayan dünyada Bizə yer olacaqmı?  Taqqaturuqlu elektriçkamız bizi hara aparıb çıxaracaq?..

İlon Mask uşaqlıqda çox sayda dini və fəlsəfi ədəbiyyat oxuduğunu deyir və əlavə edir:”Oxuduqlarımdan bunu anladım ki, ən önəmli şey doğru sual verməyi öyrənməkdir”.

Bəs sualı cavablayacaq kimsə yoxdursa, necə? Bax, İlon, görürsənmi, sual verməyi öyrənmişəm, di cavab ver görüm…. 

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

www.facebook.com/inebioglu

 

 

read more
By: Qulu Məhərrəmli

“İyirmilər”in görüşündən Qarabağadək: hər şey mavi, masmavi…

5_teamDünya ekranlarında sayrışan xəbərlər planetin kədərli mənzərəsini yaradır. Baxırsan, məyus olursan, həm də heyrətə gəlirsən: bir tərəfdən təbiət insanlara qarşıdı, o biri tərəfdən də insanlar da bir-birinə qənim kəsilib. Təbii fəlakətlər bir yana, siyasət deyilən nəsnənin yaratdığı gizli dalğalar da öz işini çox amansızlıqla görür. Bu məkrli dalğaların alov dilləri ara-sıra Avropa və Rusiya çevrəsində şölələnsə də, onun istisi daha çox müsəlman Şərqini, bir də geridə qalmış Afrika ölkələrini qarsır. Siyasət təndirinin hərarətinin yüksəldiyi regionlarda və cəmiyyətlərdə gedən proseslər insan həyatını dəyirman kimi üyüdür. Deyəsən, Allah bəndələrindən kəramətini əsirgəyib, ya nədəndirsə baş verən olayların çoxu bədlik saçır. Tək bizdə yox, ağlı-qaralı dünyanın hər yerində belədir, elə bil yer kürəsıni qarğıyıblar, Şər güclü kimi görünür.

Sentyabrın yola saldığımız ilk ongünlüyü məndə belə bir təəssürat yaratdı…

*  *  *

Dünyada gedən mənfi tendensiyaları qloballaşma prosesi ilə əlaqələndirmək doğru deyil, çünki qloballaşma bağlı qapıları açaraq birgə qorunmaq instinkti yaradır, təhlükələrə qarşı birgə dayanmaq şansı verir. Bu proses, həm də millətlər, xalqlar, fərdlər, müxtəlif iqtisadiyyatlar və mədəniyyətlər arasında yeni şəbəkələr yaradılmasını sürətləndirərək, Şərə müqavimət göstərməyə, onu cilovlamağa kömək edir.

Təbii ki, Şərə müqavimət həmişə olmalıdır. Istənilən yerdə işığı boğanlara susqun qalmaq qaranlıq və fəlakət üçün meydanı genışləndirmək deməkdir. İşığı qorumaq üçün hərəkət həmişə ağ cığırlar açır. Bir də məlum Berk qanununa görə, Şərin qalib gəlməsi üçün, Xeyiri təmsil edənlərin, yaxşıların hərəkətsiz qalması kifayətdir. Bu mənada söz sahibi olan dövlətlərin – “İyirmilər”in ötən həftə dünyaya düzən vermək üçün Çində keçirilən növbəti görüşü bəşəriyyətə təhlükə yaradan tendensiyaların qarşısını almaq yönündə labüd bir hərəkət idi. Həmin görüş bizim mətbuatda, xüsusən TV-lərdə sıradan bir toplantı kimi solğun işıqlandırıldı, amma Rusiya və Türkiyə TV-lərinin əsas mövzusu oldu.

20-lərin görüşü ənənəvi olaraq iqtisadi problemlərə həsr edilir, amma bu dəfə daha çox geopolitika məsələləri müzakirə olundu. Təbii ki, əsas skripka özünü ağayana aparan ABŞ-ın əlində idi. Qonşu Rusiya özünün yaratdığı və alovlandırdığı münaqişə ocaqları üzərində monopliya hüququnu səylə müdafiə edirdi, qardaş Türkiyə böyük dövlətləri Suriya məsələsində ədalətli olmağa çağırırdı, Almaniya və Fransa isə Ukrayna alovunun söndürülməsinin vacibliyi haqqında danışırdılar. Təkcə Qarabağ münaqişəsinin adı çəkilmirdi…

*  *  *

Qarabağ problemi haqqında isə keçən həftə Xankəndindəki erməni separatçıları özləri danışdılar. Qurduqları qeyri-qanuni rejimin 25 illik yubileyini öz aləmlərində təntənə ilə qeyd etdilər. Aşkar duyulan qorxu, nigaranlıq və səksəkə içində olsa belə, böyüklü-kiçikli küçələrə çıxıb nümayiş keçirtdilər, Yerevandan gələn qonaqlarla birgə şənləndilər, dedilər-güldülər və bizə də qıcıqlandırıcı mesaj verdilər ki, bu torpaqlardan əlininzi üzün.

Bir də Qarabağ söhbəti iki-üç gün əvvəl Parisdə, Rusiyanın xarici işlər naziri K.Lavrovun ifasında həzin bir tərzdə səsləndi. Xankəndindəki “yubiley təntənələr”inə reaksiya verməyən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşən nazir mətbuata bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslər onu qane edir. Yəni hər şey yaxşıdır, Rusiyanın qəlbini oxşayacaq dərəcədə gözəldir, yalnız məşhur “mavi, mavi, masmavi” mahnısını oxumaq qalır…

 

Email:meherremli@yandex.ru

read more
By: Arif Əliyev

Sevimli Yaşılgözlümdən müjdə

 

 4_teamYəqin, çoxlarınıza tanış hissdir: hərdən köhnə mahnıdan bir bənd düşür yadına və təkrar-təkrar qulaqlarında səslənir. Ya bir şeir girir beyninə və sətirlər gözlərinin qabağında qaynaşır. Qova bilmirsən, sanki maşın sürdüyün yerdə qəfil başlayan yağış qabaq şüşəni elə tutur ki, qurulamağa macal tapmırsan.

Okudjavanın 53 il əvvəlki «Dua»sı fikrimi cəmləşdirməyə qoymur. Bilmirəm, nə istəyir? Axırda ümidim ona qalır ki, tərcümə edim, bəlkə, yaxamdan əl çəkdi.

Hələ ki, dünya işıqdır, hələ ki, fırlanır Yer,

Kimin nəyi yox, İlahi, ondan əsirgəmə, ver.

Müdrikə baş yetir, qorxağa ver at,

Xoşbəxtə – bir az pul. Məni də et yad.

 

Hələ ki, dünya fırlanır, hökm et adil sözünü! —

Hakimiyyət hərisinin, Tanrım, doydur gözünü.

Mərd də nəfəs dərsin, yükünü azalt,

Qabilə tövbə ver, məni də et yad.

 

İnanıram qüdrətinə sadiq bəndən tək, məgər,

Yeri cənnət olduğuna inanmır ölü əsgər?!

Qulaq kəsilmişik hər sözünə biz

Ancaq davam edir əməllərimiz.

 

İlahi, ey ulu Rəbbim, sevimli Yaşılgözlüm!

Hələ ki, dünya fırlanır, buna mat qalıb özü,

Hələ ki, vaxt da var, eşit bəndəni,

Kimin nəyi yox, ver… Unutma məni.

Bu şeirin tam adı «Fransua Viyonun duası»dır. Viyon (François Villon) orta əsrlərin sonuncu fransız şairlərindən olub. 1449-cu ildə, 18 yaşında Paris universitetində bakalavr dərəcəsi alıb. (Azərbaycanda ilk universitet təxminən beş əsr sonra yaradılacaq, bunun da peşmançılığını çəkənlər var). Viyonun həyatı çox keşməkeşli keçib. «Hamı tərəfindən qəbul edilib və hər yerdən qovulub» (öz sözləridir). «Balladalar kralı və oğru» olub (Ezra Paund). Puşkin onu «meyxanaları, dar ağacını mədh edən şair və fransızların ilk xalq nəğməkarı» adlandırıb. Bu adamın şəxsiyyəti və yaradıcılığı Rable, Bualo, Beranje, Volter, Molyer, Hüqo, Stivenson, Brext, Mandelştam kimi onlarla dahi sənətkarın diqqətini cəlb edib. Universitetdən sonra Viyon gəncliyinin bir hissəsini zəngin salonlarda, digər hissəsini üfunət qoxuyan dalanlarda, qaçaqlıqda, həbsxanalarda keçirib, təsadüf nəticəsində dəfələrlə ölümdən qurtarıb. 32 yaşından – məhkəmə onun növbəti ölüm cəzasını Parisdən qovulmaqla əvəz edəndən sonra Viyonun harada olduğu, necə yaşadığı bilinmir, hərçənd, 60 il ömür sürdüyü güman edilir. Şairdən əfsanələr, o cümlədən məşhur duası qalır…

Bu paradoks barədə düşünə-düşünə birdən anlayıram ki, şeir niyə beynimdən çıxmırmış. Viyon çılğınlıqla Yaşılgözlüdən qorxağa at verməyi, hakimiyyət hərisinin gözünü doydurmağı, qardaş qatili Qabilə tövbə göndərməyi diləyir, amma özünə gələndə pıçıltıya keçir, heç nə istəmir, yalnız unudulmamasını xahiş edir. Lakin əsrlər keçəcək, qorxaqlar atsız qalacaq, hakimiyyət hərislərinin gözü doymayacaq, qardaş qatilləri tövbə etməyəcəklər. Viyonun pıçıltısı isə eşidiləcək: o, unudulmaycaq…

Sentyabr ayının 12-si, qurban bayramı günü, şəhərdən Göradilə qayıdanda hər mələşən qoyun topasının yanından keçdikcə həmin şeir yenə yadıma düşür. Suraxanıda, Balaxanıda, Mehdiabadda yol qırağında doqquz yerdə qurban kəsilir. Onuncu dəfə də təxminən eyni mənzərə ilə qarşılaşanda – qan gölməçəsini, «qurbangah»ın dörd-beş metrliyində qalaqlanmış poxlu qarın-qalta üstündə dalaşan itləri görəndə bu yoldan qaçmaq üçün maşını dənizə tərəf döndərirəm.

Niyə, görəsən, bizim insanlar sevimli Yaşılgözlüyə də istəklərini belə eybəcər formada çatdırırlar? Bilmirlərmi ki, O, yalnız pıçıltıları eşidir? Bilmirlərsə, niyə bu adamları başa salan, «davam edən əməllər»indən çəkindirən, həyatını tənzimləyən yox? Kim başa salmalıdır? Əlbəttə, hökumət! Amma hökumət özü heç cür fərqinə varmaq istəmir ki, Azərbaycan təkcə aeroportdan şəhərin mərkəzinə gedən və bir də prezident keçən yollardan ibarət deyil: onlardan kənarda başqa həyat, başqa insan (əslində, qeyri-insan) münasibətləri hökm sürür. Ziyalılar? Əlbəttə ziyalılar! Amma «ziyalı» dediyimiz şəxslərin əksəriyyəti çoxdandır Viyonun 32 yaşından sonra yaşadığı həyatı keçirir və gücləri yalnız öz qurbanlıq qoyunlarına çatır: kiminin qolu bağlıdır, kiminin dili, kiminin hesabı, kiminin qəzeti.

Dəniz qırağında mən də pıçıltı ilə diləyimi Rəbbimə çatdırıram və… qəfil çisələyən yağışı müjdə kimi qəbul edirəm.

 

Email: arif@yeninesil.az

read more