By: İbrahim Nəbioğlu

MUTLULUQ YOLUXUCUDUR

Bakıya hər gəlişimdə insanların üzündəki hüzn və kədər, ümidsizlik və mutsuzluq məni məyus edir. Kimi dindirirsən barıt çəlləyitək partlayır, alçaq səslə danışan çox azdır. Əsəbi, gərgin, psixikası pozulmuş insanların sayı sürətlə artır. Sosial şəbəkələrdə bir qrup adam isə psixoloq ədası ilə cəmiyyətə müxtəlif diaqnozlar qoyur, adamları depressiyaya sürükləyir. Vəziyyət acınacaqlıdır – depressiv psixoloji çöküntü, sabaha inamsızlıq həyatı cəhənnəmə çevirir. Mutlu, şən, bəxtəvər insanlar qeybə çəkiliblər sanki…

Elm tarixində alimlər ilk dəfə olaraq əzəli bir iddianı isbatlamağa çox yaxındırlar – “Mutluluq və kədər yoluxucudurlar”. Bu gümanı irəli sürən Harvard universitetindən Nikolas Kristakis (Nicholas Christakis) və Kaliforniya universitetindən Ceyms Faulerdir (James Fowler). “Bir buxovla bağlı olanlar. Tanımadığımız insanlar bizə necə təsir edirlər?” adlı kitabları böyük səs-küyə səbəb olub. Məgərsə davranış və zövqlərimizə ancaq şəxsən tanıdığımız insanlar deyil, tanışlarımızın tanışlarının tanışları da təsir edirlər.

“Əgər dostunun qonşusunun xalası oğlu siqaret çəkməyi tərgidirsə, sənin də o zəhrimarı buraxma ehtimalın artır, kökəlsə, sən də şişmanlaya bilərsən”. İlk baxışda buna inanmaq çətindir. Lakin alimlər iddia edirlər ki, tanımadığımız, varlığından xəbərimiz olmayan insanlar bizim həyatımıza, düşüncə və arzularımıza təsir edirlər. Sosial şəbəkələrdə bizə uzaq olan hadisələrə reaksiya verir, rəy bildiririk. Nəticədə, biz istəməsək də həyatımızda müxtəlif hadisələr baş verir. Kristakis və Fauler insanlar arasındakı əlaqə və rabitəni ön plana çıxarırlar. Müsair dünyada “bizi biz yapan”, formalaşdıran, bizi qəliblərə salan şey elə sosial şəbəkələrdir.

Kristakis və Fauler  “İnsan öz taleyini müəyyən edə bilirmi, yoxsa o, sadəcə olaraq sosial şəraitin qurbanıdır?” sualını verərək həyatımızdakı təyinedici faktorun insanlarla olan əlaqə və münasibətlər olduğunu söyləyirlər. Hər birimiz özümüzə ünsiyyət dairəsi seçir, oturub- duracağımız adamları təyin edirik. Bununla da o dostlarımızın vasitəsilə nəhəng bir şəbəkəyə inteqrasiya olur, tanımadığımız adamların təsiri altına düşürük. Lap elə bizim məşhur deyimimiz kimi — “Mənə yoldaşını de, sənə kim olduğunu deyim”.

Bu durumda həyatımızdakı hər şey bizim bu şəbəkədəki yerimizlə təyin olunur. Sosial münasibətlərimiz, yaşadığımız yer, təhsil və statusumuz, hətta genlərimiz kimi faktor da mühüm rol oynayırlar. Müəlliflərin tanışlığı belə bu tezisin doğruluğuna sübutdur — Kristakis və Fauleri bir-biriləri ilə ortaq maraqlarına görə dostları tanış edib. Və nəticədə haqqında danışdığımız kitab yaranıb. Kitab həm də informasiya texnologiyalarının həyatımıza sürətlə girməsilə insan oğlunun bir-birilə necə sıx bağlı olduğundan bəhs edir. Sanki insanlar da “Ümumdünya Torunda”, yəni internetdə bir-birinə bağlanmış bilgisayarlar kimidirlər.

* * *

1948-ci ildə Fremingem (Framingham, USA) şəhərindəki Kardiologiya institutunda ürək-damar xəstəliklərinin irimiqyaslı araşdırılmasına başlanılır. Şəhərin 15 min (!) sakini kompleksli müayinədən keçirilir, onların təzyiq, nəbz, şəkər və başqa analizləri dəqiqliklə qeydə alınır. Bu müayinələr düz 50 (!) il boyunca fasiləsiz davam etdirilir. Və ortaya dünyanın bu günə qədər ən geniş İnformasiya Bazası çıxır.

Amerikalı alimlər də araşdırmalarında bu Bazadan istifadə ediblər. Onlar eyni zamanda sosial şəbəkələrin xəritəsini də hazırlayıb, əllərindəki informasiyanı insanlığın rifahı üçün istifadə olunması haqda baş yorurlar. Bu yaxında Kristakis son araşdırması haqda məlumat verib: Sosial şəbəkələrin vasitəsilə müxtəlif epidemiyaların (təhlükəli sosial davranış və viruslardan tutmuş yeni ideyalara qədər) yayılmasını təsbit etmək olar. Əslində mutluluq, uğur, bədbinlik və s. yoluxucu xəstəliklər kimidirlər. Onlar da virus kimi bir insandan başqasına keçir.

Kristakis və Faulerə görə depressiya, alkoqolizm, narkomaniya, şizofreniya yoluxucudurlar. Bu sensasiyon kəşfə görə daha yaxşı ətrafımız varsa, bu, bizim müdafiə mexanizmimiz, bir növ zərdabımız olur. Oturub durduqlarımız pisdirlərsə onlar bizim immunitetimizi qırır, zəiflədirlər. Bir sözlə, insanı qoruyub uğura aparan da ətrafıdır, uğursuzluğa aparan da. Xoşbəxtlik sanki bir infeksion xəstəlik kimi ətrafına yayılır. “British Medical Journal”a görə bir nəfərin mutluluğu dostunun səadətinə 25%, dostunun dostuna isə 10% təsir edərək yayılır. Əgər ətrafında işində müvəffəq olan biri varsa, bu, sənin uğur payını 34% artırır…

* * *

Məqalə üçün qeydlərimi təsnif edərkən ağlıma belə bir sual gəldi:”Niyə Skandinaviya ölkələri dünyanın ən mutlu insanlarıdırlar?”. Duruxub qaldım…

Gücü və qüdrətinə, topdağıtmaz iqtisadi modelinə, vətəndaşına verdiyi sosial, tibbi imkanlara və ən əsası ədalət sisteminə görə amerikalılar dünyanın ən bəxtəvəri olmalı idilər. Amma onlar isveçlilər, norveçlilər qədər mutlu deyillər. Niyə, nədir bunun səbəbi, Skandinaviya əhalisinin xoşbəxtliyinin sirri nədədir?…

Skandinaviya deyəndə 3 ölkə – İsveç, Norveç və Danimarka nəzərdə tutulur. Amma coğrafi olaraq götürüləndə buraya Finlandiya və İslandiyanı da əlavə edirlər. Nədir bu adamların mutluluq düsturu, onların səadətini fantastik rifah səviyyəsindəmi axtarmaq lazımdır? Aparılan bütün araşdırma və anketlər bunun əsas rol oynamadığını göstərir.

Stokholm, Oslo və Kopenhaqen kimi şəhərlərdə Dubay, Ciddə və Küveytdəki abartılı ultra-lüks həyatı, Ferrari və Aston Martinlərin şütüdüyü geniş prospektləri, işıq saçan dəbdəbəli mağazaları, bahalı restoranları görə bilməzsən. Çeşid-çeşid brendlərə mübtəla olmuş, əllərində bahalı telefon olan insan yox dərəcəsində azdır oralarda. Ensiz küçələrində Fiat tərzi kiçiklitrajlı maşın və velosipedlər dəyir adamın gözünə. Sərt iqlimli bu torpaqlarda gözqamaşdırıcı heç nə yoxdur, amma Skandinaviya ölkələri dünyanın ən mutlu ölkələridir. Cah-calal və ehtişamlı ərəb ölkələri isə heç vaxt mutlu ölkələr anketlərində yer almazlar.

Skandinaviyada insanların əksəriyyəti orta sinfə aiddir, ictimai nəqliyyata üstünlük verir, kiçik mənzillərdə yaşayır, ilin yarısını qarla, çovğunla mübarizə aparırlar. Di gəl ki, mutludurlar, öldür, amma yenə də bəxtiyardırlar. Xoşbəxt olmalarındakı əsas faktorlar mental özəllikləri, mədəniyyətləri və təhsil sistemləridir, başgicəlləndirən var-dövlətləri olmasa da hər bir fərdin gələcəyinin dövlət tərəfindən təminat altına alınmasıdır.

Hər skandinaviyalı azad insan olaraq yetişdirilir, kompleksizdir. Kiçik yaşdan əks cinsə qarşı neqativ hisslər aşılanmır, bu da çocuqların ruhən sağlam böyüməsinə səbəbiyyət verir. Genetik olaraq da yaraşıqlı və gözəldirlər. Həyatları göstərişli deyil, amma gün görürlər.

* * *

“Bir buxovla bağlı olanlar. Tanımadığımız insanlar bizə necə təsir edirlər?” kitabında gəlinən ən əsas nəticə budur ki, xoşbəxt və uğurlu insanla ünsiyyət bizi daha mutlu edir, əhvalımız yüksəlir. Və əksinə, bədbin, neqativ insanla kontakt bizim də ovqatımızı təlx edir, mənfi təsir göstərir. Başqa sözlə, nikbin, şən-şaqraq, içində müvəffəqiyyətli dostlarımız nə qədər çoxdursa riyazi olaraq mutlu olma şansımız daha çoxdur. Faulerin dediyi kimi şəbəkə içindəyik və burada yayılan hər şeyi mənimsəyirik, ən çox da sürətlə yayılan mutluluq dalğalarını.

Mutluluq yoluxucudur və o, həyatı dolu-dolu yaşayan, sabaha inanan bəxtəvər dostların sayı ilə düz mütənasibdir. İndi nə edək, durub skandinaviyalı dostlarmı tapaq özümüzə? Necə edək ki, bizi işıq saçan insanlar əhatə etsin? Vallah, elə ətrafımızda beş-altı işıqlı insan olsa, onların xoş aurası, müsbət enerjisi bəsdir. Daha geniş perspektivdə isə cəhalətə, mövhumata yox demək, elm-irfan yolunu tutmaq, insanlara dəyər verib, onları sevib-saymaq lazımdır.

İki amerikalı dostun kitabından anladıqlarımı sizinlə paylaşmaq istədim bir sonbahar günü…

 

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

 

read more
By: Mehparə Rəhimqızı

Qatarlar və biz

Vağzal yolların başlandığı yerdir. Bizi gözləyən və ya gözləməyən ünvanlara aparar. Qatarlar bilir hara getdiyini, təkərlərin taqqıltısı da, hərdən eşidilən fit səsləri  də, sanki onların işgüzarlığından xəbər  verər, gedərlər, qayıdarlar, təkrar-təkrar. Bizlər də bu ahəngdarlığın bir parçası olarıq, yolboyu düşünərik, fikrə dalarıq, xatirələri çözərik… Bəzən qatar ünvana çatmamış biz “çatarıq”, xəyalən  görüşərik, söhbət edərik, yaxud ilk dəfə olacağımız ünvanları təsəvvür edərik, görməli yerləri  gəzərik , düşüncələrlə səyahət edərik. Biz gedərik, qatarlar qalar. Qatarlar vağzallara doğmadır, çatar-çatmaz həyəcanını  gizlətməz, fit verərlər, nəfəslərini dərərlər, sonra növbəti dayanacağa doğru yol  alarlar, yol gedərlər, qatarlar bilir hara getdiyini. Qatarların yolu birdir, amma gedənlərin yolu başqa-başqa,  bu qədər yol necə ayrılır burdan? Ümidlərini qoyub gedənlər, ümidinə doğru gedənlər, bir parça çörək üçün gedənlər, sərvətinə qovuşmağa gedənlər… Bunlardan kimlər qayıdar, kimlər qayıtmaz, biz bilmərik, qatarlar bilər… Qatarlar daha nə bilər görəsən? Yaşamaq üçün münasib dayanacaq varmı görən- soruşsam, nə deyərlər? Ömür adlı bu yükü çoxmu daşıyacam çiyinlərimdə, yaşamaq üçün fürsətim olmayacaqmı heç? Qatarlar bilir hara getdiyini, biz bilməsək də…

Qatarlar dayanacaqdan-dayanacağa tələsərlər, axşamdan  sabaha, bahardan payıza, həm də hey tələsərlər, kimsə gecikməsin deyə. Biz də tələsərik, amma niyə tələsdiyimizi bilmədən, eləcə tələsərik. Qatarlar istəməz gecikək, qatarlar vaxtında çatarlar, amma biz gecikərik, yaşamağa gecikərik, xoşbəxt olmağa gecikərik, bəzən bahara, bəzən payıza gecikərik. Qatarların bir günahı yoxdur, günahkar bizik. Vaxtında gələn qatara tələsmiş, vaxtında gedən qatara gecikmiş  sərnişin oluruq. Qatarlar bilir hara getdiyini, biz bilməsək də…

Bu qatarda bir qoca da gedər, keçmişini də yükləyib aparar, görən  qatarın xəbəri varmı bu yükdən? Bir zamanlar pəncərəsiz, dəmir vaqonlar da gedərmiş, bu uzun, dəmir yollarla, amma o vaqonlar çox-çox uzaqlara gedərmiş.

Onlar  faciələr, ölən dünyalar  daşıyarmış, gecə-gündüz dayanmadan, nəfəs dərmədən. Taqqıltısı beyinləri oyar, oyar, sanki sonsuzluğa apararmış. Hərdən fit səsləri gələr, ürəklərdə bir sevinc qığılcımı yanar, bu taqqıltı kəsilsin, dayansın,-deyə. Bir anlıq, qatar dayanar, sonra bu işgəncə, əzab yükünü ağır-ağır çəkər, apararmış. Susuzluqdan yanan ürəkləri, havasızlıqdan boğulan, yanan ciyərləri, solan körpə gözləri, partlayacaq qədər qəzəblə, çarəsizliklə dolmuş ürəkləri aparar, çəkə-çəkə bəlkə zorla aparar,bəlkə  istəmədən aparar? Qatarlar bilir hara getdiyini, biz bilməsək də…

Qoca xatırlayır, bu taqqıltıları…

Sonra bu vaqonlar silah daşıdı, mərmi daşıdı, yaralı daşıdı. Əsgər məktubları daşıdı, atlara saman daşıdı, əsir daşıdı, yükü çox oldu bu dəmir vaqonların. Tank daşıdı, top daşıdı, daha nələr daşıdı: vicdan məhbusları, söz məhbusları, əqidə məhbusları. Hərdən xainləri, oğruları daşıdı, amma lüks vaqonlarda. Dözdü vaqonlar, dözdü qatarlar, dəmirdi dözdü.

Qoca düşür qatardan, bir-birini sevinclə qarşılayan insanları görür, qatara tələsən, qatardan düşüb gedən insanlara baxır. Bir anlıq  illərin yükünü çiyinlərində hiss etdi. O da bu yükü daşıyacaq, daşıyacaq, son mənzilə kimi.

Qatar fit verir, yola düşür, hələ kimləri, nələri aparacaq, qatarlar bilir hara getdiyini…

read more
By: Redaksiya

Bakıya aparan yol

Bu verilişimizi Göyçayın Bığır kəndi həndəvərində Qafqaz İslam Ordusunun Bakıya gedən yolda ilk ciddi və dönüş rolunu oynamış döyüş yerindən hazırlamışıq. Şəhidlərimizin ruhuna ithaf olunur.

read more
By: Ramin Deko

Qəbiristanlıq boş qalmır

Kol-kosla əhatələnmiş təpənin üstündən baxanda qəbiristanlıq şahmat taxtasına oxşayır. Rəngi solmuş ağ daşlar, qara mərmərlər… Bəlkə də bu təəssürat torpaq altında uyuyanların da sağ ikən şahmatdakı fiqurlar kimi gedişlər etdiyindəndir. Ona görə də bu qəbiristanlıq kənd camaatının dilində “şahmat yuvası” adlanır.
Əvvəllər burada qızıl dükanları yerləşirdi. Dağıtdılar, yenidənqurmadan sonra qəbiristanlığa çevrildi. Yaşı çox deyil, ancaq qəbir daşları o qədərdir ki, sanki eramızdan əvvəl salınıb.
***
Burada yatanlardan biri at oğrusu olub. Gecələr qonşu kəndlərə gedər, fermalara baş çəkər, qaranlıq çökən kimi tövlələrdə qoyun-quzunu deyil, bir at oğurlayıb gələrmiş. Səhər hay-həşir düşməzmiş. At yoxa çıxıbsa, harada olduğu bilinərmiş. Gedib təhvil alarmışlar. At oğrusu da qonaqları çox nəzakətlə qarşılayar, çaya dəvət edər, sonra onları gülərüzlə, elə öz atlarıyla yola salarmış. Qara mərmərli at oğrusu qəbiristanlıqda başqalarından seçilən, ən hündür başdaşı olan adamdı.
At oğrusuna nisbətən başdaşısı kiçik olanı Fil adlanır. Sağlığında köhnə-külüş maşınını satan bu bəni-adəm çürümüş dişlərini yeniləyir. Soruşanlara da “fil sümüyündəndi” deyirmiş. İndi başdaşında fil şəkli əks olunub, bu, kənd camaatının təkidindən sonra sinə daşına həkk edilib.

Kənd yeridi, belə ünvanlarda hansı quruluşun olmasının heç əhəmiyyəti yoxdu. Şah da olur, vəzir də, topu, topxanası da öz yerində. Qəbiristanlıqda solmuş, ucuz qiymətə başdaşılar piyadalardı. Hamının dadına çatan, sinəsini şah üçün sipər edən, sağlığında quru “sağ ol” kəlməsini eşidən payi-piyada adamlar.
***
Qəbiristanlıq üç hissəyə bölünüb: ağ-qara mərmərli, kimsəsiz və sahibinin yolunu gözləyən qəbirlər.

Başdaşısı taxtadan, çürümüş dəmirlərdən olan kimsəsiz qəbirlər. Onları yalnız təpənin üstünə çıxanda görmək mümkündü. Çünki qəbiristanlığın lap sonunda, ot-alaq basmış yerdədi. Qəbirlər çöküb, baxımsız haldadı. Addım atanda belə diqqətli olmalısan, kimisə narahat edə, uçmuş qəbrini yarğan halına sala bilərsən. Orada uyuyanların sinələri üstündə heç zaman şam yandırılmayıb. Yad edənlər də mal-qara, toyuq-cücə, qurd-quşdu. Gəlib eşələnirlər, çör-çöpü dimdəkləyir, isti havalarda otlara şeh düşmüş kimi yalayırlar.

Bəzi qəbirlər sahibinin yolunu gözləyir. Qazılıb içinə meyit əvəzinə ot-ələf yığılan məzarlar da az deyil. Səngərə oxşayan bu qəbirlər öncədən hazır vəziyyətdədi. Yəqin bu yerin sahibləri qəbiristanlığa gələn qonaqların çox olmasından narahatdılar, ona görə də sağlığında özünə yer sifariş ediblər.
***
Çoxu işləmək üçün başqa yerlərə üz tutub kəndi boş qoysa da, qəbiristanlıq boş qalmır. Hər gün ölülərini ziyarətə gələnlər var. Kimisi kimsəsiz qəbirləri tapdalayaraq ölüsünü ziyarət edir, kimisi də boş, içərisi çör-çöplə, yağış sularıyla dolmuş məzarların yanından ürpənərək sürətlə ötür, mollalara sifarişlərini verib, qəbirlərin yan-yörəsini təmizləyir, su çiləyir, sonra oturacaqlara yayxınaraq gözlərini başdaşılara zilləyirlər.

Qəbiristanlığın yaxınlığında yaşayanlar heç zaman orada insan ah-naləsini eşitməyiblər. Gələnlər ölülərini ziyarət edir, kirimişcə gedirlər. Burada ölümün şəriksiz tiranlığı hökm sürür. Ancaq mat qalası bir şey yoxdu. Mat qaldığın da elə bircə budur…

read more
By: Qulu Məhərrəmli

Milli ruhun diriliyi üçün

Bir çox qədim mədəniyyətlər əxlaqi dəyərləri itirdiklərinə görə dünya səhnəsindən silinmişlər.

Alen Miln (ingilis yazıçısı)

Əxlaq sarıdan axsayan mediamızda mənəvi dəyərlərə hücumun yeni dalğası kükrəməsəydi, Abdulla Şaiq və Abbas Səhhət kimi dühalara dil uzadılmasaydı, yəqin ki, bu yazını yazmağa ehtiyac olmayacaqdı. Min təəssüf! Keçmişə daş yağdırmaqda heç bir ölçü gözləməyən, tarixi şəxsiyyətləri haqq-nahaq məşhər ayağına çəkməkdə pərgar olan bəzi saytlar, yenə də öz “mübarək” missiyalarını davam etdirirlər.   Əvvəllər Bəxtiyar Vahabzadə, Anar, Ramiz Rövşən və başqalarına hücum çəkirdilər, sonra sərhədləri Rəsul Rza və Səməd Vurğuna qədər genişləndirdilər. Orada da dayanmadılar, daha dərinliklərə baş vurub, Üzeyir bəyə, Mirzə Cəlilə, Sabirə daş atmağa girişdilər.

İndi də bu xalqın ictimai düşüncəsinin, əxlaq və mənəviyyatının memarları olan digər böyük kişilərə çamur atırlar. Peyğəmbər kimi A.Şaiqi ədəbi oğurluqda ittiham edir, xəmiri Vətən sevgisi ilə yoğrulmuş A.Səhhətdən poetik analizlər götürüb onu rus DNK-sı ilə tutuşdururlar. Düşünürsən ki, bunlar nə deməkdir? Həqiqət axtarışımı, ucuz sensasiyamı, anlamazlıqmı, yoxsa milli köklərə qəsdmi? Bəlkə nəsillərin amansız davası, tarixə yanaşmanın təzə üsulu, dayaz araşdırmaları gözə soxmağın yeni tərzidir bu? Bəlkə mahiyyətcə infantil və düşüncə qısırlığı yaradan postmodernizm diqtə edir bunları? Bəlkə biz absurd teatrındayıq, zehnimiz kilidlənib və çevrəmizdə baş verənlərin bu milləti hansı mənəvi fəlakətlərə aparmasından xəbərsizik?

Təbii ki, baş verənlərin hardasa teatra aidiyyəti ola bilər, çünki aktyorlar ortada, hərdən hənirtisi gələn dirijorlar isə pərdə arxasındadırlar. Amma bütün hallarda klassiklərə belə aşağılayıcı yanaşmanın nə nəsillərin toqquşmasına, nə həqiqət axtarışına, nə də tarıxə münasibətdə mahiyyətə deyil, fraqmentlərə önəm  verən postmodernizmə aidiyyəti yoxdur. Mənim düşüncəmə görə, bu, birbaşa tarixi şəxsiyyətləri vurmağa, milli dəyərləri gözdən salmağa, xalqa milli əskiklik kompleksi yaşatmağa, dəyərsizlik mühiti yaratmağa hesablanmış siyasətdir.

Tarixin mürəkkəb anlarında dəyərlər bəzən bir millət və xalq üçün mənəvi kompas rolunu oynayır. Bəzən də taleyinə və tarixinə biganəlik birbaşa mənəvi boşluqdan, dəyərləri tapdalamaqdan qaynaqlanır. Tarix də sübut edir ki, milli köklərə bağlılığını itirən, dəyərləri tapdalanan xalq və cəmiyyət mütləq “ölümlə rəqs” oynamağa məhkumdur…

* * *

Orta əsrlərdə birdən-birə  Avropa rəssamlığında insanların skeletlərlə qol-qola rəqsini əks etdirən çoxsaylı şəkil və qravürlər meydana çıxmağa başladı. İntibahdan əvvəlki Qərb incəsənətində «La danse macabre» (“Ölümlə rəqs”) adlanan bu qravürlərdəki ölüm mövzusu, ən ciddi rəssamların yaradıcılığına da sirayət edirdi. Ədəbiyyatda, incəsənət və boyakarlıqda makabr obrazları dəbə mindikcə “Ölüm rəqsləri”nin havası tədricən teatra da keçirdi, artıq aktyorlar belə ölüm rəqslərini səhnələşdirir və saraylarda canlı oynayırdılar.

Makabr təlqin edirdi ki, insanla onun ölümü ekizdir,  yəni rəqs edən ölüm və ya ölü deyil, ölmüş “Mən”dir. Bir də insanlara anladılırdı ki, həyat əbədi deyil və sən bu dünyada elə yaşamalısan ki, sanki ölürsən. Ara-sıra üzə çıxan vəba epidemiyaları bu qorxunu bir az da aktuallaşdırırdı. Təbii ki, belə  düşkün fəlsəfə insanların sabaha inamını qıraraq tərkidünyalıq, ümidsizlik, həm də kütləvi psixoz və depressiya  yaradırdı. Ölüm kabusu insanların bir qismini kilsələrə ibadətə, bir qismini isə şərab içmək və əylənmək üçün vakxanaliyalara dartırdı…

Burası da var idi ki, insanları həyat eşqindən və mənəvi gücdən məhrum edən makabr düşüncəsi o dövrdə hakim feodallar, diktatorlar, despotlar üçün ideal kütlə yetişdirirdi. Tənqid hissini itirmiş bu məğmun kütlə dinib-danışmır, heç nə tələb etmirdi. Bu kütlə nə bilik toplamaq, nə də düşünmək hayındaydı, onu nə azadlıq, nə ictimai duyğu, nə mübarizə, nə mənlik və ləyaqət hissi, nə də siyasət maraqlandırırdı. Qorxu içində dünyanın sonunu gözləyən, insan həyatına və cəmiyyətə, hansısa məna verə biləcək ideallardan uzaq olan bu kütlənin yalnız heyvani qorxusu, bir də qarnını necə doyurmaq qayğısı var idi. Elə o vaxtdan belə ümidsiz, üzüyola, kütləvi nevroza mübtəla olmuş toplum manipulyasiyalar üçün ideal hədəf sayılır…

* * *

Vaxtilə Üzeyir Hacıbəyli yazırdı ki, bir millətin dünyanın gərdişinə tab gətirə bilməsi üçün hərbi, iqtisadi və mənəvi qüdrəti olmalıdır. Bu üç şərtin içərisində mənəvi gücü önə çəkən böyük mütəfəkkir qeyd edirdi ki, millətin ruhu diri, mənəviyyatı üstün olarsa, o zaman hərbi və iqtisadi qüdrəti də yaratmaq asanlaşar. Deməli, bəzi media “cəngavərləri” millətin ruhunu diri saxlamaq, onu güclü görmək istəyirsə, dəyərləri gözdən salmaq şakərindən əl çəkməlidir. Əlbəttə, məqsəd mənəvi burulğana düşmüş cəmiyyəti batırmaq yox, onu xilas etməkdirsə.

 

read more
By: Fərrux Şıxlı

500 illik ömür və kömür

Son günlər dünyada olub-bitənləri öyrənmək üçün hara yollanırdımsa (Ağlınıza başqa bir şey gəlməsin, söhbət virtual səyahətdən gedir, internet, televiziya və s.) 500 rəqəmi məni qarabaqara izləyirdi. Demə, bu il Reformasiyanın, yəni Qərbi Avropanın bir sıra ölkələrində katolik kilsəsinin mənəvi diktaturasını məhv edən, nəticədə elmin və dünyəvi mədəniyyətin inkişafını asanlaşdıran ictimai-siyasi və ideoloji hərəkatın başlanmasının 500 illiyi imiş. Məhz 1517-ci ilin oktyabr ayının 31-də bu hərəkatın lideri Martin Lüter özünün 95 tezisi ilə çıxış edibmiş.

Sonra bir qrup alimin (əvvəlcədən alimlərin bizimkilər olmadığını deyib, bütün şübhələri onların üzərindən götürmək istəyirəm) yeni texnologiyaların inkişaf etməsi nəticəsində insanların 500 il yaşaya biləcəkləri barədə bəyanatı ilə tanış oldum. Onların belə texnologiyaların işlənib hazırlanmasının yaxın 30 ildə başa çatacağı fikirlərini oxuyandan sonra istədim səhifəni bağlayım, düşündüm ki, mənə nə. Sonra dedim, yaxşı deyil, adam təkcə özünü düşünməz, görək bir kişilər nə deyir (elm fədailərinin adları yazılmadığından aralarında qadın olub-olmadığını dəqiq bilmirəm). Nə isə, həmin alimlər hətta günü bu gün insanların asanlıqla 120 il ömür sürmək imkanları olduqlarını bildirirlər. Ancaq bir şərtlə: gərək sağlam həyat tərzi sürəsən. Amma bunu necə etməyin yollarını göstərmirlər. Məncə, səhər durub ora-bura qaçmaqla düzələn iş deyil. Zəhərli havada yüyürməkdənsə bir saat artıq yatsaq, məncə daha çox yaşamaq şansımız olar.

Növbəti öyrəndiyim o oldu ki, astronomların “Qaya” adı verdikləri JO25 asteroidi son 400 il ərzində planetimizə ən yaxın məsafədən keçib. Növbəti belə yaxınlaşma sizcə nə vaxt baş verəcək?! Tamamilə doğrudur! Düz 500 ildən sonra. Məncə alimlər məhz buna görə elə texnologiyalar üzərində işləyirlər ki, insanın ömrünü cəmi 500 il uzatsın. Yoxsa, xərc tök, 1000 illik texnologiya hazırla, asteroid də gəlsin çırpsın özünü bura. İt də gedər, ip də.

Gələcək nəsillərin uzun, xoşbəxt həyatı, iki tanışın təsadüfən küçədə rastlaşanda bir-birinə “Xoş gördük, nə var, nə yox, düz 398 ildir ki, görüşmürük” deyəcəkləri (görəsən təqaüd yaşı neçə olacaq o vaxt?) barədə xoş xəyallardan məni Deniel Uitmir adlı birisi ayırdı. Birisi deyəndə ki, o da alimdir, keçmiş astrofizikdir (astrofizikin də keçmişi olurmuş) və hal-hazırda Arkanzas Universitetində riyaziyyat dərsi deyir. O “İnternational Journal of Astrobiology” jurnalında dərc etdirdiyi məqaləsində bəşəriyyətin uzaq başı 500 ildən sonra məhv olacağını iddia edir. Onun fikrincə texnoloji sivilizasiyaların milyon illərlə mövcud olması ağlabatan deyil. İnsan sivilizasiyasının da o cümlədən. Bu alimin fikrincə, Homo sapiens, ümumiyyətlə, texnoloji cəhətdən ən geridə qalmış məxluqdur, çünki kosmosun fəthi və atom enerjisinin əldə edilməsi son 100 ildə baş verib. Eyni planetdə növbə ilə bir neçə sivilizasiyanın yaranması da mümkün deyil.

Bu alimlər də qəribə adamlardır. İndi, hansına inanasan? Gəl, bunların dediyi ilə həyatını planlaşdır görüm, bacarırsanmı?

Bu dəfə gələcək nəsillərin halına acıyırdım ki, sanki zaman maşını məni durğunluq dövrünə qaytardı. Kremlin Qurultaylar sarayı (düzdür, indi adını dəyişiblər): fəhlə, kəndli və ziyalıların nümayəndələri zalda, rəhbər isə kürsüdə. “Yoldaşlar, Rusiyanın hələ 500 illik kömür ehtiyatı var. Kömür hələ on illərlə əsas enerji daşıyıcısı olacaq. Bu nəhəng ehtiyatlar isə Rusiyaya hələ uzun müddət bu sahədə lider olmağa kömək edəcək”, ‒ deyə Rusiya prezidenti Putin, Şaxtaçı gününə həsr olunmuş təntənəli yığıncaqda söyləyirdi.

Fikirləşdim, deyəsən Reformasiya hələ oralara çatmayıb. Dünyanın bütün aparıcı avtomobil istehsalçıları gələn onillikdən benzinlə işləyən maşın buraxmayacaqlarını bəyan ediblər, bunlar isə hələ yaxın 500 ildə kömürdən istifadə etmək fikrindədirlər. Belə getsə parovozları da bərpa edəcəklər. Hələ neçə-neçə Staxanovlar yetişdirmək olar. Təsəvvürünüzə gətirin, 20 yaşlı sağlam cavan bir oğlan tapırsan, qərb alimlərinin hazırladıqları həbdən-zaddan verirsən, ömrünü 500 il uzadırsan. Sonra da külüngü əlinə verib salırsan yerin altındakı mədənə. O da, gözünə döndüyüm 500 il oraları eşib kömür çıxardır.

Bu vaxt televizordan ayırıb kompüterə yönəltdiyim gözlərimə yerli əhəmiyyətli bir xəbər dəydi. Sonradan məlum oldu ki, o, beynəlxalq statusa malikdir. Xəbərdən təhsil nazirimizin “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzaladığını öyrəndim. Əmrdə deyilirdi ki, ölkənin 5… Bu yerə çatanda tər məni basdı. Deyəcəksiniz, bu yay kimi tər basmayıb ki? Amma sizi inandırıram bu tər, o tərdən deyildi, onun üstünə gələn ikinci dalğa idi. Qorxa-qorxa sıfırları saymağa başladım: bir… İkincisini görmədim. Gözlərimi ovuşdurub bir də baxdım. Bircə dənə idi! Ürəklənib xəbərin ardını oxumağa başladım. “…50 ümumi təhsil müəssisəsində rus dili tədris ediləcək. Layihənin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsinin təmin edilməsini nəzərdə tutur”.  Sonra həmin məktəblərin adları sadalanırdı. Bu layihənin davametmə müddəti barədə isə bir söz yox idi. Lap gözəl. Təsəvvürünüzə gətirirsiniz, birdən bu müddət 500 rəqəmi ilə bağlı olardı. Nə yaxşı ki, 500 rəqəmi vaxtında məndən əl çəkmişdi. Yoxsa Kremldəkinin dili ilə çox danışsaq, qorxuram yaxın 500 ildə biz də kömürdən əl çəkə bilməyək.

Deyəsən, yaxşı qurtarmışıq…

 

 

 

read more
By: İbrahim Nəbioğlu

ÖLƏN ÖLÜR, QALAN SAĞLAR BİZİMDİR

Anası erməni idi, atası isə əslən Azərbaycandan. Siyasi tabularını yıxaraq “Karabağ” mahnısı oxudu. Solçu bir sənətçinin pantürkist hayqırışı da dedilər, “Anası erməni olan bir adamın səmimiyyətinə inanmaq olarmı?” da. Şöhrətinin zirvəsində idi. Sosialist fikirli bir adam göz görə-görə milliyyətçiyə çevrildi… 

AzTV-nin Türkiyə Təmsilçisi olduğum vaxtlardı. Enerji layihələrinin gündəmi ən məşğul edən zamanda Türkiyənin BOTAŞ (Boru Hatları İle Petrol Taşıma) şirkətinin Baş direktoru Hayrettin Uzundan müsahibə götürəcəkdim. 1995-ci ilin sonbaharında çətinliklə yanına düşdüm. Çəkilişə yenicə başlamışdıq ki, katibəsi içəri girib təcili zəng var dedi. Təbəssümlə telefona cavab verib, “Doğrudur, yanımdadırlar” dedi.

Hayrettin bəyin köhnə dostu imiş, maşınla BOTAŞ-ın önündən keçərkən məni və operatorumu, kameramızın üzərindəki Azərbaycan bayrağı ilə mikrofondakı “AzTV” loqosunu görüb dostuna zəng eləyir ki, məni onlarla görüşdür…

* * *

Türkiyədə rok musiqisinin qurucusu, məşhur müğənni, kino və teatr aktyoru Cem Karaca 1945-ci ildə İstanbulda sənətçi ailəsində doğulub. Atası tanınmış teatr aktyoru Mehmet Karaca, anası isə məşhur opera və teatr sənətçisi Toto Karaca (əsil adı İrma Fələkyan) idi. Kiçik yaşlarından xalası Roza Fələkyan Cemə piano dərsləri verir. Musiqiyə marağı belə başlayır. İndi proqressiv və alternativ rok, ümumən “protest musiqisi” deyəndə ağla ilk gələn Cem Karacanın musiqisi və qurduğu Apaşlar, Kardaşlar, Moğollar kimi rok qruplarıdır.

Cem Karaca siyasi kimliyi ilə də diqqət mərkəzində idi. Sol fikirlərilə gənclərin kumiri olmuşdu. Baxışlarına görə həm dövlət, həm də milliyyətçi cərəyanlar tərəfindən təzyiqlərə məruz qalıb. Xalq ozanı Dadaloğlunun sözlərinə bəstələdiyi “Dadaloğlu” mahnısı avtoritar rejimlərə qarşı mübarizənin simvolu olmuşdu. “Fərman padişahın, dağlar bizimdir” deyən bu mahnı bir vaxtlar sosialistlərin himninə çevrilmişdi.

Kalktı göç eyledi Avşar illeri
Ağır ağır giden eller bizimdir.
Arap atlar yakın eder ırağı
Yüce dağdan aşan yollar bizimdir.

Belimizde kılıcımız kirmani
Taşı deler mızrağımın temreni.
Hakkımızda devlet etmiş fermanı
Ferman padişahın, dağlar bizimdir.

Dadaloğlu yarın kavga kurulur
Öter tüfek davlumbazlar vurulur.
Nice koçyiğitler yere serilir
Ölen ölür, kalan sağlar bizimdir.

“Moskof” paranoyasının artdığı illərdə Cem Karaca Almaniyaya mühacirət etməyə məcbur qaldı. “1 May” adlı qramofon valına “Kommunizm təbliğatı” damğası vurdular. Xaricdən istintaqa çağırdılar, gəlməyincə də Türkiyə vətəndaşlığından atdılar.

Karaca 1987-yə qədər Almaniyada yaşadı. Turqut Özalın bu ölkəyə səfəri zamanı onunla görüşməyə nail oldu. Özalın köməyilə vətəndaşlığı bərpa olundu. 8 illik mühacirəti zamanı atası vəfat etdi, dəfnində iştirak edəmmədi.

Azərbaycanda Qarabağ hadisələri başladı. Və Türkiyəyə döndükdə ilk çıxartdığı musiqi albomu “Nerede Kalmıştık” (1992) oldu. Bu albomun 7-ci mahnısı sözlərini və musiqisini özünün yazdığı “Karabağ”dır.

* * *

Müsahibə bitəndən sonra Hayrettin bəy Cem Karacanın mənimlə görüşmək istədiyini dedi. Nömrəmi verib o gözəl insanın yanından çıxdıq (Hayrettin Uzun sonralar BOTAŞ-dan istefa edərək, Ana Vətən partiyasından millət vəkili seçildi. Təəssüf ki, 55 yaşında çox erkən həyatdan getdi. Nur içində yatsın).

O gün gecə gec saatlarda Ankaradakı ev telefonum çaldı. Dəstəyi qaldıranda tütün və içki qarışımı bir səs “İrvam qardaş (kardeş deyil, qardaş –İ.N.), seher kahve içelimmi?” dedi salamsız-kəlamsız.

Ankaranın Aşağı Ayrançı səmtindəki sakit bir qəhvəxanada məni gözləyirdi. Qırmızı köynəyi, qara günəş gözlüyü ilə masadakı şlyapasından tanıdım Cem Babanı. Xoş-beşdən sonra “Karabağı dinlədinmi” deyə sordu. “Dinləmədim, belə bir mahnı olduğunu ilk dəfə eşidirəm” dedim. Cibindən çıxartdığı kaseti qəhvəxananın sınıq-salxaq maqnitofonuna yerləşdirdi (O mahnının linkini aşağıda paylaşıram sizlərə). Qulaqlarıma inanmadım, gözlərim doldu. Bu möhtəşəm mahnıdan xəbərsiz olduğuma inana bilmirdim.

Bitincə başa sardı. “Demirsən durum gedim/Gözü yolda qalan var” deyəndə onun də gözləri doldu. İri gözlüklərini taxıb, uzun-uzun düşündü. Bakını çox görmək istəyir, atalarının torpaqlarını görməyi xəyal edirdi…

Müsahibə vermək gəldi ağlına. Azərbaycan sevgisindən danışacaqdı. “Gerisi kolay” dedi, “Məni dəvət edəcəklər, əminəm”

Axşam yenə gec saatda zəng elədi. Kefli idi, amma səsində kefdən əlamət yox idi. Kameramızın markasını sordu xırıltılı səsi ilə. Təmirdədir dedim kameramız (Bizim BETECAM-ı Zeynəb Xanlarovaya klip çəkərkən dənizə düşürmüşdülər, tez-tez təmirə gedirdi). Ertəsi gün TRT-nin kafesində görüşmək üçün vədələşdik.

Atatürk bulvarında, Amerika səfirliyinin yanındakı TRT-nin o vaxtkı binasına gəldiyimdə Cem Karaca studiyanı açdırmış, işıq və mikrofonları qurdurmuşdu.

Əvvəl nənəsindən danışdı, ata nənəsindən. Onun danışdığı nağıllardan, oxuduğu ninnilərdən, bişirdiyi “murabbalardan”, çaldığı xaşıldan bəhs etdi sevgi ilə. Atalarının əslən Azərbaycandan olduğunu dedi qürurla. Sonra “Karabağ” mahnısını necə yazmasını nəql elədi, erməni zülmünü lənətlədi. Solçu Karaca bir türk milliyyətçisi kimi Qarabağın işğalını pislədi və o torpaqların ata torpaqları olduğunu dedi. Anasından söz açmadı. Çəkilişdən sonra qolumdan tutub “Anam ermənidir, amma mən türkəm” dedi…

Dilə gətirməsə də bəlli ki, Barış Mançoya qibtə edirdi. “Niyə mən də gedə bilməyim” deyə içində fırtınalar qopurdu. “İrvam qardaş, məni niyə qoymasınlar öz Vətənimə” dedi ayrılanda.

Onu nəinki Azərbaycana dəvət etdilər, heç müsahibəsini də vermədilər efirə. “Anası ermənidir, başımız ağrıyar” dedilər. Bu mənim senzuradan keçməyən ilk və son televiziya materialım idi.

Çəkilişin kaseti isə Bakıda qeybə çəkildi. O müsahibə nə mənim özümün, nə də AzTV-nin arxivinə düşmədən it-bat oldu.

Aradan 2 ay sonra yenə çox gec saatda zəng gəldi Cem Karacadan. “Bakıya gedəndə mənə Azərbaycan rok musiqisi gətirərsənmi” dedi. Bu xahişini də yerinə yetirəmmədim — bizdə rok musiqisi nə gəzirdi.

Aşağıdakı 2-ci linkdə Cem Karacanın ölümündən çox az əvvəl çəkilən bir verilişdə “Ayrılıq” mahnısını necə yanğıyla, necə ürəkdən və necə dərdli oxuduğunu görəcəksiniz. Bu məşhur mahnını belə fərqli və belə içdən, zənnimcə, kimsə söyləməyib. Dinlədikcə onun Azərbaycan sevgisi o qədər aydın görünür ki…

* * *

8 il sonra İstanbula köçdüm, qısa bir müddət sonra – 2004-ün fevralında Cem Karaca ani bir infarktla 59 yaşında vəfat etdi. Onu atası ilə eyni məzara dəfn etdilər. Bakıda məzuniyyətdə idim. Dəfnində iştirak edə bilmədim…

* * *

2017-nin 23 avqust günü can dostum Zeki Polatın Marmaris yaxınlığındakı Datça adlı sahil qəsəbəsində qonağı idim. Axşam “Qarabağ” klubunun Kopenhagendəki tarixi oyununu birgə seyr edəcəkdik. “Periscope”dan bir kanal seçdim. Zeki Bəyin mükəmməl ev sahibliyi və futbol şöləni. Əvvəlcə hər şey yaxşı idi, amma elə ki, bizimkilər qol vurdular zaman durdu sanki- oyun bitmək bilmirdi.

İxtisasca inşaat mühəndisi olan dostum həm də gözəl rəssam və ozandır. Sazını kökləyərək zamanı ətalətdən çıxarmaq üçün Xətaidən “Melüllenme (Hüzünlenme) Deli Gönül”ü söylədi –

Melüllenme Deli Gönül
Gez Bir Zaman Gör Nic’olur.
İndir Tahtını Yücelerden
Yık Bir Zaman Gör Nic’olur.

Oyun bitdi. Sevincimizi tərif etmək indi imkansızdır. O zəfər sərxoşluğunda Zeki Bəy birdən “Sen Karabağ parçasını bilir misin?” sordu. “Bilməz olurmuyum” deyib, Spotify-dan o parçanı tapdım. “Qarabağ”ın qələbəsini Cem Karacanın “Karabağ”ı ilə taclandırdıq.

“Bu asla bir Turan değil, muhteşem bir tufandır” oxuyurdu Cem Karaca. Onun bənzərsiz səsi Datçanın ən yüksək səmtindəki Yamanevlərdəki balkondan dalğa-dalğa şəhərə və oradan da dənizə doğru yayılırdı. Cem Baba “İki gözüm, bu işin yok sağı solu” deyəndə zəfərə necə tamarzı olduğumuzu və alagözlü Qarabağı düşünürdüm. Mənim xəyalımda Qarabağ alagözlüdür…

* * *

Böyük sənətkarla tanışlığımdan 22 il keçir. Bu illər ərzində düşünürəm ki, niyə “Karabağ” mahnısı “Dadaloğlu” qədər populyar olmadı, hitə çevrilmədi. Güman ki, bunun günahı anasının erməniliyini hər fürsətdə ortaya atanlardadır. Özlərini solçu adlandıran bəzi qruplar Cem Karacanın sonralar sağa — milliyyətçiliyə könül verməsini də qəbul etmək istəmədilər.

Cem Karacaya bizim mədəniyyət xadimlərinin sahib çıxması lazım idi. Erməni təəssübkeşi Sezen Aksu, Yavuz Bingöl, Özcan Deniz kimi müğənnilərin yerinə biz qucağımızı Cem Karacaya açmalıydıq məncə. Çünki, yazdığı o bircə mahnı ilə alagözlü Qarabağ üçün bütün türk musiqiçilərinin toplamından daha çox etmişdi.

Ölen ölür kalan sağlar bizimdir…

 

KARABAĞ

Karabağ’da talan var
Ak gerdana saldıran var.
Demirsen durum gedim
Gözü yolda kalan var.

Şeyh Ahmet Yesevi`nin yaktığı ateş
Ateş değil sanki şerbet iç dolu.
Binbir nakış söyler yerde kilimler
Ata yurttan Balkana ille Anadolu.

Bu asla bir Turan değil, muhteşem bir tufandır
Kavuşan elalem değil, can ile canandır.
Şimdi türkü söylemenin işte tam zamanıdır
İki gözüm, bu işin yok sağı solu.

 

Karabağ—  https://www.youtube.com/watch?v=KosF-BXblqs

Ayrılıkhttps://www.youtube.com/watch?v=dg96Zrp5fNs&index=33&list=RDm3JEXPTykNI

 

 

read more