By: Arif Əliyev

HƏRBİ NAZİRİ KÖVRƏLDƏN ƏSGƏR

Biri var idi, biri yox idi. Az qala bir əsr bundan əvvəl, 1919-cu ilin qışında Bakıda Xanmirzə Məlikəhmədoğlu adında bir əsgər yaşayırdı. Xanmirzə 1-ci Tatar süvari alayında xidmət edirdi.

O zaman milli ordu yenicə yaranırdı, nəinki xidmətinə sədaqət və vicdanla yanaşan, hətta tüfəng ata, qılınc oynada bilən hər əsgər qiymətliydi. Çar Rusiyasında azərbaycanlıları əsgər aparmırdılar, ona görə belələrini tapmaq asan deyildi. Üstəlik, nəyə əl uzatsan, qıtlıq hiss olunurdu: alayda hər iki süvariyə bir at, bir tüfəng, bir qılınc, hər üç ata bir yəhər düşürdü. Paltar çatışmırdı, şinel olmadığı üçün qışda 600-dən çox süvariyə vur-tut 250 ləzgi şalı paylanmışdı. Ayaqqabı ehtiyatı yoxuydu. Keçmiş rus ordusundan qalmış bütün əmlak Ermənistanda və Gürcüstanda cəmlənmişdi. Azərbaycanın bu əmlakın bir hissəsini münasib qiymətə satın almaq istəyinə Tiflisdən cavab gəlməmişdi. Ona görə də anbarlarda olan azacıq dəri və altlıqlar hərbi nazirin əmri ilə əsgərlərə paylanmışdı ki, onlar özlərinə çəkmə, ya çarıq tikdirə bilsinlər. Hətta özü ilə paltar gətirən çağırışçılara köhnə şinelə, şalvara, ayaqqabıya görə pul da verilirdi…

Fevral ayında Xanmirzə alay komandirindən icazə alıb Saray kəndinə xəstə anasına baş çəkməyə getdi. Necə oldusa, əsgər evlərində keçindi. Amma ölümündən əvvəl anasından xahiş etdi ki, dərdi nə qədər ağır olsa da, unutmasın, dəfndən sonra libasını hərbi hissəyə qaytarsın.

Xəstə ana oğlunun vəsiyyətini yerinə yetirdi. Gözətçilər əsgər paltarı və çəkmələrini bağrına basıb hərbi hissənin qarşısında ağlayan yaşlı qadını görəndə dərhal növbətçi zabitə xəbər verdilər…

Bu əhvalatı müdafiə naziri Səməd bəy Mehmandarova danışırlar. Nazir mərhumun kimliyi, alayda necə xidmət etməsi ilə maraqlanır. Öyrənir ki, Xanmirzə Məlikəhmədoğlu nizam-intizamı, təmizliyi, çalışqanlığı ilə fərqlənirmiş. Süvarinin öz ordusuna sədaqəti və onun yaşlı anasının hərəkəti Mehmandarovu çox təsirləndirir. Mart ayının 3-də nazir ordu üzrə 130 saylı əmr imzalayır. Həmin əmr bu cümlələrlə bitir:

«Belə bir süvarinin ölümü xidmət etdiyi hissə üçün böyük itkidir. Hamının diqqətini bir məsələyə cəlb edirəm ki, ölüm anına qədər Xanmirzə Məlikəhmədoğlu bütün xidməti əmlakı öz hissəsinə qaytarmağa borclu olduğunu unutmamışdı. Onun qoca anası isə, çox kasıb olmasına baxmayaraq, oğlunun iradəsini yerinə yetirməyə imkan tapmışdı. Allah bizim Vətənimizə belə təmiz insanlardan daha çox qismət eləsin».

Milli təsisatlarımızın hansı çətin şəraitdə, necə böyük fədakarlıqlar hesabına yaradıldığına dəlalət edən bu əmri oxuduqdan sonra mən iki hərbi yürüşün, üç müharibənin od-alovundan keçmiş 64 yaşlı artilleriya generalını, «Port-Artur qəhrəmanı»nı kövrəldən əsgərin qəbrini ziyarət etmək istədim. Aramsız yağan qar kəsən kimi tarixçi dostum professor Sadıqovu və onun ərəb əlifbasını bilən saraylı tələbəsini götürüb kəndə getdim.

İcra hakimiyyətinin və Saray bələdiyyəsinin nümayəndələri «məsələni araşdırmaq» üçün bizdən vaxt istədilər. Həqiqətən, araşdırmağa çalışdılar, ancaq sənədlərdə bir iz tapa bilmədilər.

Kənd ağsaqqalları da kara yetmədilər. Əslində, «köklü-köməcli» saraylı tapmaq burada o qədər asan deyildi: 1950-ci illərin torpaq sürüşməsindən sonra kənd tarixi yerindən 3-4 kilometr cənub-şərqə köçürüləndə yerli əhalinin əksəriyyəti başqa qəsəbələrə, şəhərlərə dağılmışdı.

Hərbçilər demiş, «şəraiti qiymətləndirəndən» sonra başa düşdüm ki, bircə ümidimiz — professorun ərəb əlifbası bilən tələbəsi qalır. Ağsaqqalların da məsləhət gördüyü kimi, köhnə qəbristanlığa üz tutdum.

Qədim qəbristanlıq Saraydan xeyli aralı – təpənin üstündə yerləşirdi. Ora aparan enli cığır (yol deməyə dilim gəlmir) bomba dağıtmış səngəri xatırladırdı. Cığırın tən ortasında bu yerlərə necə düşdüyü bilinməyən marşrut avtobusu batıb qalmışdı. Maşının qabaq təkərləri içi lığla dolu «səngərə» düşmüşdü. Tank kimi nərildəyən sarı traktor avtobusun sağına-soluna keçir, onu dartışdırır, batdaqdan çıxarmağa çalışırdı. Mənim «KİA»m  traktor-tankın inadlı həmlələrinə dözməzdi, onu kənara çəkib təpəyə piyada qalxmağı qərarlaşdırdıq.

Biz bir qəbirdən o birinə keçir, professor Sadıqovun tələbəsi baş daşlarının üstünə yazılmış adları və tarixləri höccələyirdi, lakin buna heç də həmişə müyəssər olmurdu: yazıların bəzilərini zaman pozmuş, bəzi baş daşları yerə batmışdı. Bəzi qəbirlərin isə yanları açılmışdı. Yazıya baxmaq üçün əyilən professorun ayağının altında qar çökdü və o, belə qəbirlərdən birinin içinə yuvarlandı. Köməkləşib çıxardıq, üst-başını təmizlədik. Axtarışı yarımçıq qoyub kəndə qayıtdıq.

Təpədən enəndə professor qolumdan yapışıb: «ora bax», dedi. Arxaya döndüm. Lap yuxarıda, sonuncu məzarın yanında məktəb yaşlı uşaqlar qardan adam boyda Şaxta baba düzəldirdilər. Şaxta baba gülürdü, ağzı qulaqlarının dibinə qədər uzanmışdı.

Sən demə, qəbristanlıq o qədər də kimsəsiz deyilmiş. Qar dalınca uşaqlar buralara da gəlib çıxıblarmış…

Sarayda bələdiyyə işçiləri, ağsaqqallar söz verdilər ki, əsgərin ailəsi haqqında nəsə öyrənə bilsələr, zəng edib xəbər çatdıracaqlar, telefon nömrəmizi götürdülər.

***

O gündən bir ay vaxt keçirdi. Moskvaya tələbə dostlarımla görüşməyə getmişdim. Hərdən yığışırıq: ya onlar gəlir, ya mən keçmiş SSRİ-nin paytaxtına uçuram. Moskvada dostlarım günümü belə planlaşdırmışdılar: əvvəl Puşkin muzeyində impressionistlərə baxırıq, sonra «alma-mater»ə gedirik, fakultəni gəzirik, Lomonosovun heykəlinin qarşısında şəkil çəkdiririk, restoranda otururuq, gecəni Şeremetyevo yaxınlığındakı isti və rahat bir bağda keçiririk, səhər isə hamılıqla məni aeroportdan yola salırlar.

Puşkin muzeyində basırıq idi. Növbədə dayanıb gödəkçələrimizi verdik və ikinci mərtəbəyə qalxdıq.

İmpressionistləri sevirəm: Deqa, Mone, Renuar, Sezann, Pikasso, Van Qoq, Qoqen, Matis, Tuluz-Lotrek… Hətta iş otağımda da divardan Elçin Şıxlının verdiyi «Mavi rəqqasələr» (Deqa) rəsmi asılıb.

Amma Puşkin muzeyində məni bu rəqqasələrdən də çox heyrətləndirən səhnənin şahidi oldum. Üç zalda müxtəlif yaş qruplarına aid şagird topaları ilə rastlaşdım. Uşaqlar dərs keçirdilər: kimi ayaq üstə, kimi parket döşəmədə oturub müəllim-bələdçiyə qulaq asırdı. Təsəvvür edin ki, onlardan biri görmə qabiliyyəti zəif olan, digəri kadet korpusunda oxuyan uşaqlar qrupu idi. Müəllim əsərlərin müəllifləri, rəsmlərin tarixçələri, onların əks etdirdiyi dövrün xüsusiyyətləri haqqında həvəslə danışırdı…

İzi-tozu itmiş Xanmirzə Məlikəhmədoğlu, qədim qəbristanlıqda gördüyüm uşaqlar, muzeydə dərs keçən kadet şagirdlər xəyalımda bir assosiativ cərgəyə düzüldülər. Fikirləşdim ki, sovet illərində keçən uşaqlığımızın çətinlikləri olduğu kimi, çox maraqlı və indikindən fərqli, hətta üstün cəhətləri də var idi. Məsələn, bizim məktəbdə «Qırmızı ləpirçilər» dəstəsi yaradılmışdı. Biz o dəstədə oğlanlı-qızlı nəinki yaxın hərb tariximizi öyrənir, onu bərpa etməyə çalışırdıq. İkinci Dünya müharibəsində (o zaman «Böyük Vətən müharibəsi» deyirdik) həlak olmuş, harada dəfn edildikləri bilinməyən azərbaycanlı hərbçilərin qəbirlərini axtarırdıq, adsız məzarlarda kimlərin yatdığını müəyyənləşdirməyə çalışırdıq, əsgər qəbirlərinə qulluq göstərirdik.

İndi başqa dövrdür, tarix də başqa tarixdir. Nə olsun?! Adlarını da bilmədiyimiz şəhidlərimiz (yenə «Yalama qəhrəmanları» yadıma düşür), Xanmirzə Məlikəhmədoğlunun qəbri kimi itmiş, yaxud kimsəsiz əsgər məzarları o vaxtkından azdırmı?! Maşallah, uşaqlarımızın da sayı artıb, millət böyüyüb.

Bu böyümüş millətin Müdafiə və Təhsil nazirliklərinə bir təklifim var. Gəlin, Azərbaycan Xalq Cümhurriyyətinin yüzilliyi ərəfəsində məktəblərdə həmin hərəkatı dirçəldək. Qazancımız çox olar. Həm uşaqlar hərb tariximizi öyrənərlər, həm əsl vətənpərvərliyin nə olduğunu bilərlər, həm də indidən xeyirxah əməllərə alışarlar.

Yoxsa, biz belə iş üçün artıq bir az ağırlaşmışıq. Qəbrə yuvarlanırıq.

Email:arif@yeninesil.az

read more
By: Redaksiya

«Ölülər»dən «Dəli yığıncağı»nadək

Qarğanın azadlıqda, bülbülünsə qəfəsdə olması səbəblərini araşdırırıq

read more
By: Elçin Şıxlı

Bəs biz?

 Fəxri Legion dirilərin elitasıdır

Şarl de Goll

 Fəxri Legion Ordeni (Ordre national de la Légion d’honneur) 1802-ci ildə Napoleon Bonapart tərəfindən orta əsr ordenləri timsalında yaradılmış ali təsisatdır. Fransa və fransız xalqı qarşısında müstəsna xidmətlərə görə verilir. Ölümündən sonra demək olar ki, heç kimə verilməyib.

 ***

Yuxudan başağrısıyla oyanmışdım. Çay-çörəkdən sonra iş otağıma keçib kompüteri açmağıma peşiman oldum – insanların ağrısı, kədəri, kini, umu-küsüsü ayaqlanıb üstümə gəldi. Sevinc bu “qələbəliyin” içində itib batmışdı. Hiss etdim ki, qulaqlarımdakı küy başımın ağrısını üstələyir. Tezcə kompüterdən aralandım. Anladım ki, evdən qaçmaq lazımdır. Yadıma tuapseli (Tuapse Qara dəniz sahillərində bir şəhərdir) əskər yoldaşımın məni Bakıya yola salanda dediyi son sözlər düşdü:”Передавай привет морю”. Elə də etdim, evə çatan kimi sahilə çıxıb Qara dənizli Yuranın salamını Xəzərə yetirdim.

Dəniz fırtınadan sonra sanki fağırlamışdı. Sakitliyi qırçın ləpələrin səsi, bir də təkəm-seyrək qağayi çığırtısı pozurdu. Qulağımdakı küy də elə bil səngimişdi. Deyəsən, həyat mənimçün məcrasına qayıdırdı. Amma bu çox davam edə bilməzdi. Əvvəlcə qulağıma traktor səsi gəldi, sonra da yükünü düz ləpədöyənə boşaldan maşınları gördüm. Təəccübləndim, çünki bizdə adətən sahil qumlarını ekologiya-filan demədən tikinti üçün dənizdən aparırlar. Bu dəfə isə tərsinə idi. Qaldırılmış daş hasarlar təbiətə yenilmişdi – külək və qum birləşib insanların bir-birindən gizlətmək istədiklərlərini qorumaq niyyətiylə ucaltdıqları divarları aşmışdı. İndi hər kəs bir vaxtlar olduğu kimi düz yolla gedirmiş tək sahilə kəsəsinə çıxa bilərdi və həmin traktor hasarların arxasındakı gizlinlər üzə çıxmasın deyə küləyin meydanda tək qoyub getdiyi qumu kürüyürdü. Eyni mənzərə, demək olar ki, hər yaz təkrarlanır. Qumsal Abşeron hələ də döyüşür. İnsanlar onun üstünə gəldikcə geri çəkilir, amma ilk fürsətdəcə təslim olmadığını göstərir, çünki təslim olmaq təbiətində yoxdur…

***

Bu günlərdə Parisdə Fransa “Oskar”ı olan “Sezar” kinomükafatının təqdimetmə mərasimi keçirilib. Fəxri “Sezar”ı almaq üçün səhnəyə qalxan əfsanəvi Jan-Pol Belmondonu bütün zal ayağa duraraq 2-3 dəqiqə ərzində sürəkli alqışlara qərq edib. Çox təsirli səhnə idi. Məni isə xəyalım 84 yaşlı Belmondoya baxdıqca ən azı 40 il geriyə, qayğısız və saf gəncliyimizə qaytardı…

Jan Qaben, İv Montan, Jan Mare, Jerar Filip,  Lino Ventura, Filip Nuare, Rober Osseyn, Jan-Pol Belmondo, Burvil, Jan-Lui Trentinyan, Lui de Fünes, Alen Delon və daha kimlər… Fransa və dünya kinematoqrafının qaymaqları. Bizim nəslin kino zövqünü məhz onlar formalaşdırmışdı. Jan Marenin “Paris sirrləri”, Jerar Filipin “Fanfan tülpan”ı, Filip Nuarenın “Köhnə tüfəng”i, İv Montanın “Vəhşi”si, Lino Ventura və Alen Delonun “Macəra axtaranlar”ı bizim gəncliyimizdi. “Şəhərdə iki nəfər” filmində eşafota aparılan Alen Delonun Jan Qabenə necə baxdıxını unutmaqmı olar? Onlar bizim qəhrəmanlarımız, o zamankı “dəmir pərdəni” azca da olsa, aralayıb Qərbin ruhunu bizə çatdıran “nəhənglər”di.

Onlar doğrudan da qəhrəmandır, çünki adlarını sadaladığım aktyorların əksəriyyətini kinodan başqa birləşdirən bir ümumi cəhət də var – onlar Fransanın ali mükafatı Fəxri Legionun Kavalerləridir. Jan Qaben, Lui de Fünes, Filip Nuare,  Jan Reno, Jan Pol Belmondo və nəhayət təkrarolunmaz Alen Delon. Onun necə bir aktyor olduğu barədə yazmaq niyyətində deyiləm, çünki bu barədə çox yazılıb və deyilib. Həm də indi məni aktyor Delon deyil, vətəndaş Delon maraqlandırır. Diqqəti onun necə bir fransız olduğuna çəkmək istəyirəm.

Alen Delon (Alain Delon) 1935-ci ildə Yuxarı Sena departamentinin So şəhərciyində Edit Arnold və damarlarında Napoleon Bonapartın qanının axdığını iddia edən Korsika qraf ailələrindən olan Ramolino de Kol’Altonun törəmələrindən biri Fabyen Delonun ailəsində doğulmuşdur. Anası o zamanlar qürrələnərək “Mənim balam Napoleon nəslindəndir” deyərmiş. Delonun ali təhsili yoxdur. Uşaqlıqda olduqca çılğın və dalaşqan olduğundan heç əməlli-başlı məktəb də bitirməyib. Qəssab atalığı ona birtəhər öz peşəsini öyrədib. Bir təsəvvür edin, dünya kinematoqrafının şəksiz ulduzu, 60-80-ci illərdə Fransanın seks simvolu sayılan aktyorun kolbasa ustası olduğundan başqa heç bir diplomu yoxdur…

***

Şarl de Qoll – onu XX əsr Fransasının Atatürkü də adlandırmaq olar. II Dünya müharibəsi zamanı III Reixin qoşunlarının tapdağı altına düşən Fransanın müqavimət hərəkatını yaradır, faşistlərə qarşı döyüşür, Fransanın işğaldan qurtulması və savaşdan sonra dirçəlməsində böyük rol oynayır. V Fransa Respublikasının yaradıcısı və prezidenti olur (1959-1969), Əlcəzairin Fransadan müstəqilliyini tanıyır. 1944-cü ildə bir neçə gün Bakıda da olub. Qız Qalasının yanındakı Haçınskinin evi kimi tanınan binada qalıb. 50-ci illərdə də Bakıya səfər edib. Deyə bilərsiniz ki, bunları yazmağa nə ehtiyac var, de Qollu kim tanımır ki? Düz də deyirsiz, amma təəssüf ki, gənclərimizdən onu sadəcə Fransadakı aeroport kimi tanıyanlar da var…

***

Alen Delonun nə qədər dolğun və maraqlı bir həyatı olduğunu deməyə ehtiyac yoxdur, ancaq onun haqqındakı məqalələrin birində diqqətimi bir məqam çəkdi. General Şarl de Qoll 1940-cı il iyunun 18-də London radiosi ilə işğalçılara qarşı müqavimət hərəkatına qalxmaqla bağlı qısa bir  çıxış etmişdi. Həmin çıxışdakı:”Fransa döyüşü uduzmuşdur, müharibəni deyil” cümləsini bilməyən fransız yoxdur. Müqavimət hərəkatı beləcə başlamışdı. Çıxışın əlyazması isə yoxa çıxmışdı. İllər sonra məlum olur ki, həmin çıxışın qeneral De Qollun öz əliylə yazılmış orijinalını yazı masasının üstündən icazəsiz götürmüş adam onu satmaq istəyir, amma bir şərtlə, “raritet”i heç bir fransız almamalıdır. Beləliklə, Fransa tarixinin bir zərrəciyi ölkədən gedəcəkdi və… Delon sayağı detektiv əhvalat başlayır. Aktyor əlyazmanı almaq üçün Argentinalı dostunu işə qoşur və onun vasitəsilə çox böyük məbləğə (söhbət milyonlardan gedir) de Qollun ikicə səhifəlik çıxışını vətəndə saxlayır. Sonra da milyonlar bahasına əldə etdiyi bu sənədi Müqavimət iştirakçıları Assosiasiyasına hədiyyə edir. Bu hadisə 1976-cı ildə baş vermişdi. Sənədi Müqavimət müzeyinə təqdim edəndə Ordenin magistrı aktyora:”Siz əskər olmusunuz. Sizə təşəkkür edir və özünüzü hələ də Fransanın əskəri kimi apardığınızla qürrələnirəm”.

***

Herostrat eramızdan əvvəl 356-cı ildə Efesdəki Artemida məbədini yandırmış bir gəncdir. Məbəd dünyanın yeddi möcüzəsindən biri sayılırdı. Rəsmən deyilənə görə, Herostrat bunu məşhurlaşmaq üçün edibmiş. Təəssüf ki, məşhurlaşıb da.

Alen Delonun milyonlarla pul verib Şarl de Qollun 20-30 cümləlik çıxışını nə üçün alması barədə düşünəndə öz-özümə sual verdim ki, görəsən bizdə də buna bənzər hadisə olubmu? Belə bir şeyə şəhadət edən heç bir fakt tapa bilmədim. Olmayıb. Bəs nədən olmayıb, görəsən?

Düşünürəm ki, həm Şarl de Qoll, həm də Alen Delon ölkə və millətləri üçün dəyərə çevrilə bilmişlər. Və həmin dəyərləri şübhə altına almaq istəyənlər yoxdur. Delonun bu hərəkətində heç bir konyunktur məna da axtarmayın, çünki General 1976-cı ildə artıq Prezident deyildi və altı il idi ki, dünyasını da dəyişmişdi…

Deməli, dəyərlər. De Qoll dəyərdir, Alen Delon dəyərdir, Mopassan dəyərdir, Balzak dəyərdir, Belmondo dəyərdir, Katrin Denöv dəyərdir və daha kimlər… dəyərdir. Və bu dəyərlərin ümumi çəkisi herostratların yaranmasına macal vermir. Fransızlar dəyərlərin yükünü mənən çiyinlərində hiss edirlər və bir toplum olaraq yarımçiqlıqdan uzaqdırlar. Natamamlıq deyə bir şeyin nə olduğunu bilmirlər. Ona görə də küll halında sərbəst və azaddırlar. Özlərini içəridən yemirlər.

Delon dəyər olduğu üçün dəyərlərin qədrini bilir. O özünə əmin bir insandır. Bioqrafiyasında bu hərəkəti barədə heç bir şey yazılmayıb, çünki bunu gözə soxmaq üçün etməyib.

Bir məqam da var. Delonun pulları təmizdir, çünki onları hamının gözü qabağında qazanıb. Buna görə də o, mənən azad və sərbəstdir, əmindir ki, “oğrusan” deyə qazandığını əlindən heç kim almayacaq. Pulların təmizliyi həm də azadlığın və sənin heç kimdən asılı olmamağının təminatıdır.

Bəs bizdə necə? Dəyərlər varmı? Varsa da onlara dəyər veririkmi? Dəyərli insanlarımız ehtiyac içində onun-bunun ümidinə qalıb, dəyərsizlərimizsə dəyərlərimizi dəyərsizləşdirməklə özlərinə haqq qazandırmağa çalışırlar və təəssüf ki, bacarırlar da…

***

“İbn Sinanın şağirdi” deyə çox güclü bir Hollivud filmi var. Bədii təxəyyülün də yer aldığı bu əsərin qəhrəmanı bir kimsəsiz ingilis gəncidir. İbn Sinanın mədrəsəsində oxumaq üçün min-bir əziyyətlə İsfahana gələn, hətta dərs ala bilmək üçün özü-özünü sünnət də edən bu xristian İbn Sinanın ən bacarıqlı və sevimli şagirdinə çevrilir. Edama aparılan müəllim və şagird arasında qısa bir dialoq olur. Şagird İbn Sinaya deyir:”Ustad, sağ olun ki, bildiklərinizi mənə öyrətdiniz” və cavabında eşidir:”Sən sağ ol ki, öyrətdiklərimi öyrəndin”. Filmin sonunda cahil və nadanlar əsl elm məbədi olan mədrəsəni yandırırlar. Qaragüruh Şərqin nurunu, elmini məhv edir. İngiltərədən gəlmiş Qərbli gənc isə Londonda ilk xəstəxana açır. İndi hamımız müalicə üçün Şərqdən Qərbə gedirik…

***

Yazımı elə Alen Delonla da bitirirəm. Müsahibələrindən birində o, zarafatla deyib:”Yaponiyada olanda otel işçilərindən biri Fransadan gəldiyimi biləndə soruşdu ki, siz də Alen Delon və Şarl de Qoll kimi fransızsınız?”.

Bəs Biz?

 

email:qlavred@hotmail.com

 

 

 

read more
By: Redaksiya

Zərdabi dəyərləri

Arif Əliyevin Zərdabidən «küsməsinin» səbəblərindən danışırıq

read more
By: Redaksiya

Keyfiyyətli informasiya

Bu dəfə keyfiyyətli informasiya, söz azadlığı və informasiya təhlükəsizliyindən danışırıq

read more