“İranda müharibə başlayarsa, Azərbaycana qaçqın axını olmayacaq”

“İranda müharibə başlayarsa, Azərbaycana qaçqın axını olmayacaq”

Rauf Mirqədirov: “ABŞ-ın İrana hərbi müdaxilə zamanı Cənubi Qafqaz ölkələrinin ərazisindən istifadə edəcəyi ağlabatan deyil”

 

ABŞ-la İran arasında yaşanan qarşıdurma bütün dünyanın diqqət mərkəzindədir. ABŞ-ın nüvə razılaşmasından çıxması ilə iki ölkə arasında yenidən şiddətlənən gərginlik tərəflərin bir-birini müharibə ilə hədələməsinə qədər gəlib çıxıb.

 

Regionumuzda nələr baş verir? Və proses bizə hansı sürprizləri yaşadacaq? AYNA əməkdaşı mövzu ətrafıbda politoloq Rauf Mirqədirovla həmsöhbət olub.

- Rauf bəy, ABŞ İrandan nə istəyir?

 

- ABŞ-la İran arasında problemlər, prinsip etibarilə 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra yaranıb. İki ölkə arasında münasibətlərin pisləşməsində 2 subyektiv amil var:

 

Birinci amil İrandakı siyasi rejimlə bağlıdır. İnqilabdan sonra şah ABŞ-a qaçdı və diplomatiya tarixində baş verməyən bir hadisə oldu – Tehranda amerikalı diplomatlar girov götürüldü və İran İslam İnqilabının lideri Xomeyni bu hadisəni alqışladı. Onu qeyd edim ki, hətta nasist Almaniyası İkinci Dünya Müharibəsi başlayanda diplomatları girov götürməmişdi, onlar üçüncü dövlətlərin vasitəsilə öz ölkələrinə geri dönmüşdülər. İranda baş verən bu hadisə ABŞ üçün utancverici hal idi, dünyanın supergücünə qarşı misli görünməmiş təhqir idi. İndi İranda hakimiyyətdə olanlar da Xomeyninin tərəfdarları, sələfləri, ardıcıllarıdır. Ona görə də nə qədər ki, bu siyasi rejim İranda mövcudluğunu davam etdirəcək, ABŞ-la İran arasında münaqişə bitməyəcək.

 

İkinci amil isə, Prezident Donald Trampla bağlıdır. Bildiyiniz kimi, Tramp ənənəvi siyasi elitanın nümayəndəsi deyil, biznesmendir. Buna görə də o, dünyada baş verən hadisələrə biznes nöqteyi-nəzərindən baxır. Bu, bəlkə də bir qədər yaxşıdır, amma nəzərə almaq lazımdır ki, özünü supergüc adlandıran bir dövlətin iqtisadi maraqlarından daha vacib geosiyasi maraqları var. Bu geosiyasi maraqlar bəzən iqtisadi mənfəətlərə cavab verməyən öhdəlikləri yerinə yetirməyi tələb edir.

 

Tramp, təəssüflər olsun ki, İran məsələsində də siayasətçidən çox sıravi insan kimi davranır. Onun qızı Amerikada fəaliyyət göstərən yəhudi lobbisinin rəhbərlərindən olan Cared Kuşnerə ərə gedib və iudaizmi qəbul edib. Artıq Trampın qızı və nəvələri yəhudidir.

 

Trampdan öncəki ABŞ prezidentləri hakimiyyətə gəldikdən sonra Qüds məsələsi ilə bağlı ənənəvi sayasəti davam etdirirdilər. Yəni Qüdsü İsrailin paytaxtı kimi tanımırdılar. Lakin Tramp əksini etdi - Qüdsü İsrailin paytaxtı kimi tanıdı.

 

İndi isə bir qədər obyektiv amillərdən danışaq. İran regionda ənənəvi imperiyalardan biridir. Ümumiyyətlə, region imperiyalar regionudur. Rusiya, İran, Türkiyə, bir qədər o tərəfdə Çin və Hindistan var. Rusiya ilə Çini çıxmaq şərtilə, digər sadaladığımız ölkələr regionda öz üstünlərini sərgiləmək üçün mübarizə aparır. Bir regionda bu qədər imperiya təfəkkürlü toplumların olması həm təhlükəli, həm də ağrılı məsələdir. Və İran bu rəqabət mühitində məğlub olmağa məhkumdur.

 

- Hazırda İran ABŞ-a qarşı dirənmək üçün Rusiyanı dəstəyinə arxalanır. Vəziyyət daha da gərginləşib açıq müharibə səviyyəsinə çatarsa, Putin Tehran rejimini dəstəkləcək?

 

- Mən düşünmürəm ki, İranı dəstəkləmək Putinin marağındadır. Bu cür zəif, Rusiyadan müəyyən mənada asılı İran rejiminin olması hal-hazırda Putinə lazımdır. Amma İranın ABŞ-la və ya İsraillə münaqişələrində Tehran rejimini müdafiə etmək Rusiyaya maraqlı deyil. Bunun bir çox səbəbləri var. Səbəblərdən birini bayaq dedim. Hər iki dövlət imperiya təfəkkürlü dövlətdir və bir-biriləri ilə rəqabət aparır. İkinci səbəb ondan ibarətdir ki, Rusiya İsraillə münasibətlərini korlamaq istəmir. Çünki İsrail Rusiya üçün çox vacib kommunikasiya vasitəsidir.

 

- Son zamanlar İranın şimal qonşusu olan Ermənistanın öz ərazisindən İrana qarşı əməliyyatlarda istifadə olunmasına razılıq vermə ehtimalı müzakirə olunur. Siz Baş Nazir Nikol Paşinyanın belə bir addım atmasına ehtimal verirsiniz?

 

- Düşünürəm ki, bu, çox fantastik variantdır. Nəzərə alsaq ki, Qafqaz regionunda, o cümlədən Ermənistan ərazisində Rusiyanın hərbi qüvvələri var, bu halda Amerika ordusu necə burada yerləşdirilə bilər. Bu variant istisna edirəm.

 

- Müharibə variantının Azərbaycana təsirləri bizi ən çox qayğılandıran məsələdir. Açıq savaş halında bizi nələr gözləyəcək?

 

- Bu məsələdə müxtəlif fikirlər səsləndirilir. Azərbaycana çox sayda qaçqın gələ bilər, Azərbaycan ərazisinə zərbələr endirilə bilər və s. Mən ümumiyyətlə düşünmürəm ki, ABŞ İrana hərbi müdaxilə edərsə, Cənubi Qafqazdan, o cümlədən Azərbaycan ərazisindən isitifadə edə bilər. Çünki bu, birbaşa Rusiya sərhədlərinə çıxış deməkdir və Moskva rejimini qıcıqlandıra bilər.

 

ABŞ İrana şimal istiqamətindən hərbi müdaxilə etmək qərarına gələrsə, bu, btün regionda güc balansının dəyişməsinə səbəb olar. İnanmıram ki, onlar bu variantı gözardı edərlər. Və düşünmürəm ki, belə bir müdaxilə üçün zərurət var. Çünki İraq, Əfqanıstan sərhədlərindən İrana girmək daha asandır. Əgər ABŞ İrana hücum etmək qərarına gələrsə, ilkin mərhələdə raket və hava hücumlarından istiafadə edəcək. Ki, bunun üçün də ABŞ-ın kifayət qədər imkanları var.

 

Qaçqın məsələsinə gəlincə, onu qeyd edim ki, müharibə olarsa, Azərbaycana gözlənildiyi qədər qaçqın gəlməyəcək. İraq və Əfqanıstan kimi, ərazisində illərlə müharibə olan ölkələr bizdən çox da uzaqda deyil. Bu ölkələrin vətəndaşları Avropaya üz tuturlar, Azərbaycana yox.

Müəllif: İbrahim Məmmədli      15 İyul 2019 15:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar