Bir “Facebook”luq barıtımız var - AXI NİYƏ?!

Bir “Facebook”luq barıtımız var -       AXI NİYƏ?!

Sənin hüquqlarını tapdayırlar və sən dərdini sosial şəbəkəyə danışmaqla işini bitirirsən

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”,- cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

“Təzə və təravətlilik yalnız bir cür olur – o həm birinci, həm də sonuncudur. Əgər nərə balığı ikinci təravətini yaşayırsa, deməli o iylənib”.

 

Mixail Bulqakovun “Master və Marqarita” əsərindəki Volandla balıq satan iaşə işçisinin bu dialoqu bu günlərdə bütün yerli saytlar tərəfindən verilən bir xəbəri oxuyarkən yadıma düşdü. Sən demə, Bakıdakı məşhur marketlər şəbəkələrindən olan “Araz” supermarketdə “Çin yumurtaları” satılırmış. Bir sakin kampaniya çərçivəsində 10 ədəd yumurtaya sevincək 30 qəpik verib, evdə isə məlum olub ki, bu yumurta heç “kitayski” də deyilmiş. Kim bilir, “nə zibilski imiş”.

İçindən mənşəyi bəlli olmayan yarıbərk halda maddə çıxıb. O dəqiqə sensasiya dalınca qaçan saytlarımız səs-küylü başlıqlar fikirləşərək, bu xəbəri özləri bildiyi kimi, özlərindən ağıllı-ağıllı əlavələr etməklə tirajladı. Biri yazdı ki, “bu yumurtanın qabığı gips, kalsium və parafindən ibarətdir”, o biri yazdı ki, “içindən çıxan maddə plastmasdır” və s.

 

Daha başa salan olmadı ki, ay balam, bu adını çəkdiyiniz kimyəvi qatqılardan düzəldilən yumurtaların qiyməti 3 qəpik ola bilməz, axı. Bu, heç maya dəyərini də ödəmir. Deyirsiniz ki, hətta, “MİQ 35” təyyarəsinin bənzərini düzəltməklə, dünyanı öz barmağına sarıyan çinlilər özlərinə ziyan edirlər? Çox güman ki, bu, sadəcə olaraq ambarın qarşısına yığılmış, aylardır günün qarşısında qalan, istehsal tarixi dəyişilərək, ömrünün “ikinci baharını” yaşayan yumurta partiyasından çıxan “kampaniya” məhsuludur.

 

Təbii ki, Bakının marketlərində mənşəyi bəlli olmayan və istehsal şəraiti bərbad olan, istifadə vaxtı çoxdan keçmiş kifayət qədər mallar var və olacaq da. Amma problem bunda deyil. Problem ondadır ki, bu tipli mallara rast gələn insanlar öz pullarına və vaxtlarına, həmçinin özlərinin və digərlərinin sağlamlıqlarına hörmət etmirlər.

 

Yumurtanı qoyaq kənara. Dəfələrlə yazırıq ki, bu ölkədə insan hüquqlarının pozulması halları var. Bəs bu hüquqların qorunması üçün vətəndaş özü nə edir? Götürək elə bu yumurta alan Bakı sakinini. Ay qardaş, sən yumurtadan çıxan maddəni telefona çəkib, sosial şəbəkələrə qoyaraq, layk və kommentlər qazanmaqdan əlavə, öz pulunu, həm özünün, həm də bu yumurta kampaniyasından yararlanmaq istəyən özgələrinin canını qorumaq üçün nəsə etdinmi? Yəqin ki, yox.

 

Axı sən ABŞ-ın Delaver şəhərinin sakini Otem Lampkin deyilsən ki, işçi və insan haqlarını pozduğuna görə məşhur KFC şirkətindən 1,5 milyon dollar təzminat udasan.

 

Axı sən maşının əyləc sistemindəki nasazlığa görə qəza törədən, ağır bədən xəsarətləri alan Sintiya Kastilyo deyilsən ki, “Ford” şirkətindən 23 milyon dollar alasan.

 

Axı sən Virciniya sakini Luis Slemp deyilsən ki, işlətdiyin kremin sənin sağlamlığına ziyan vurması ucbatından “Johnson & Johnson” şirkətindən 110 milyon dollar alasan.

 

Sən heç Rusiyanın Krasnoyarsk şəhərinin Boqotol adlı kiçik şəhərciyinin sakini İvan Kuzmiç də deyilsən ki, 144 rubla aldığın, vaxtı keçmiş toyuq ətinə görə məhkəmə yolu ilə marketdən 20 min rubl udasan.

 

Sən Məmməd, yaxud Əhməd, ya da Həsənsən! Sənin pozulan hüququna görə, vəkil vasitəsi ilə məhkəmə instansiyalarını gəzməyə, bu yumurtanı yeyəcəyin halda başına nələrin gələ biləcəyini öyrənmək üçün həkimlə məsləhətləşməyə vaxtın və ən əsası, “oxotun” yoxdur.

Bəhanən də var: Bütün iri marketlər və broylerlər “yuxarıda oturan” kiminsə adamınındır, onlara baş qoşmağa dəyməz, məhkəmələr tapşırıqla qərar çıxaracaq və sair. Haradasa, məntiq də var dediklərində. Amma mənə maraqlıdır: heç olmasa bir dəfə cəhd edən olubmu? Olmayıb!

 

Axı niyə?! Axı belə bir hay-küylü cəhd olsa, o “yuxarıda oturan” da istəməz ki, bir çürük yumurtaya görə onun obyektinin adı hallansın. Deməli, öz adamına tapşırar ki, diqqətli olsun.

 

Nə qədər ki, belə cəhdlər olmayacaq, bizim pozulan hüquqlarımızın müdafiəsi yalnız sosial şəbəkələrdə aparılacaq, kommentlərdə “can-can” deməklə dəstək qazanacağıq, məhkəmələri, hakimləri, “yuxarıda” oturanları tənqid edəcəyik və... SON! Çünki, “oxot” yoxdur! Axı niyə?!

 

P.S.

Mütəxəssislərin bildirdiyinə görə, uzun müddət belə “kitayski”  yumurtaları istifadə etmək əsəb sistemlərinə neqativ təsir edə bilər, uşaqlarda isə əqli inkişafı azalda bilər. Yaşadığımız cəmiyyətdə baş verən bəzi hadisələri görəndə, mənə elə gəlir ki, biz bu yumurtaları çoxdan yeyirik. Laaap çoxdan. Uşaqlıqdan...

Müəllif: Yoldaş Mircəfər      15 İyul 2019 10:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar