Baş Prokurorluq həbsxanadakı ölüm faktı ilə bağlı daha bir açıqlama yayıb

Baş Prokurorluq həbsxanadakı ölüm faktı ilə bağlı daha bir açıqlama yayıb

“Aydın Qurbanovun vəfatı barədə ictimaiyyət vaxtında məlumatlandırılıb”

 

Baş Prokurorluq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində dünyasını dəyişən, Gəncə hadisələrində təqsirləndirilən Aydın Qurbanovla bağlı növbəti məlumat yayıb. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumatda deyilir:

 

“Xəbər verildiyi kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq, iyulun 9-u saat 21:50-də vəfat edib. Bu barədə Nizami Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirib.

 

A.Qurbanovun meyiti ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə iyulun 10-u saat 00:20-də Məhkəmə - tibbi ekspertiza və patoloji anatomiya birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu, 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. Bundan sonra, həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub.

 

Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olmuş və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib”.

 

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dövlət qurumlarının informasiya siyasətini düzgün qurmadığından narazılıq edib: “Məsələn, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanov həbsxanada öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama verdi. Bu, düzgün yanaşma deyil. 3 gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.

 

Spiker Oqtay Əsədov isə Z.Oruca irad bildirib: “Burada gündəlik ətrafında çıxış etmək lazımdır. Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, sən danışmayanda darıxırıq. Amma gündəlik ətrafında danış!”

Müəllif: Ayna.az      12 İyul 2019 17:10
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar