Dövlət əcnəbi şirkətlərin "artıq yüklərindən" qurtulmağa çalışır

Dövlət əcnəbi şirkətlərin "artıq yüklərindən" qurtulmağa çalışır

Ekspert: "Əməyin Mühafizəsi Fondu sahibkarların sui-istifadə hallarına əl atmasına imkan verməyəcək"

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, yaxın zamanlarda Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq. Maraqlıdır, belə bir fondun yaradılması hansı zərurətdən meydana çıxır? Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yeni bir qurumun yaradılmasına ehtiyac vardımı?

 

AYNA-nın bu barədə suallarına əmək qanunvericiliyi və sosial hüquq üzrə ekspert Ruslan Hümbətov aydınlıq gətirib.   

 

O bildirib ki, belə bir qurumun yaradılması günün tələbi idi: “Bu məsələ, həmçinin qanunvericilikdə də öz əksini tapmışdı. İstehsalatda baş verən bədbəxt hadisələr 2013-2014-cü illərə qədər Nazirlər Kabinetinin 3 nömrəli qərarı ilə tənzimlənirdi. Əmək Məcəlləsinin 221-ci maddəsində də qeyd olunur ki, Əməyin Mühafizəsi Fondu yaradıla bilər”.

Ekspert Əməyin Mühafizəsi Fondunun yaradılmasının əsas səbələrini belə izah edib: “Beynəlxaq şirkətlər ölkəmizdə müəyyən müddətə layihələr həyata keçirirdi. Layihə bitəndən sonra isə öz ölkələrinə qayıdırdılar. Həmin şirkətlərin fəaliyyət göstərdiyi vaxtda hər hansı bir işçi əmək xəsarəti alırdısa, peşə xəstəliyinə tutulurdusa, həmin işçi sonradan dövlətin üzərində yük olaraq qalırdı. Və ya hər hansı bir müəssisə fəaliyyətini dayandırdıqdan sonra, orada xəsarət almış işçilər dövlətə yük olurdular. Ona görə də belə düşündülər ki, işçilər sığorta şirkətləri tərəfindən sığortalansın. Xəsarət aldıqda da sığorta şirkətindən pul alsınlar və müalicə olunsunlar”.  

 

R.Hümbətov onu da qeyd edib ki, icbari sığorta işini həyata keçirmək üçün ancaq 3 şirkətin - "Paşa Həyat", "Qala Həyat" və "Atəşgah Sığorta"nın lisenziyası var: “Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ilin oktyabr ayının sonlarında həmin sığorta şirkətləri ilə memerandum imzalayıb”.

 

Ekspertin sözlərinə görə, Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən, işçilər məcburi qaydada sığorta olunmalıdır: “İşçilərini bu sığorta üsulu ilə sığortalamayan şirkətlər İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən cərimə olunurdu. Fiziki şəxslər üçün 500, vəzifəli şəxslər üçün 1500, hüquqi şəxslər üçün isə 5000 manat məbləğində cərimə nəzərdə tutulurdu”. 

 

“Prezidentin 2015-ci ildəki sərəncamına əsasən, əmək qanunvericiliyinə nəzarət edən orqanın - Dövlət Əmək Müfəttişliyinin yoxlamaları dayandırılıb. Ona görə də bu gün bazarda bundan sui-istifadə edərək işçilərini sığortalamayan sahibkarlar var. İstehsalatda da bədbəxt hadisə baş verəndə işçilərin hüquqları pozulur. Ona görə də bu fondun yaradılması zəruri idi” – deyə müsahibimiz vurğulayıb.

 

Hümbətov onu da əlavə edib ki, gələn aydan başayaraq icbari sığorta da elektron informasiya sisteminə salınacaq: “Bundan sonra müəssisə rəhbərləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə işçi haqqında bildiriş yerləşdirərkən, onun icbari sığortasını da sistemə yerləşdirməyə məcbur olacaqlar. Bunu etməyən müəssisə rəhbərləri birbaşa olaraq məsuliyyətə cəlb ediləcək”.

Müəllif: Rumiyyə Miraslan      16 İyul 2019 12:48
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar