Hökumət vətəndaşları çaş-baş salacaq qərar verdi

Hökumət vətəndaşları çaş-baş salacaq qərar verdi

Ekspert: “İlin ortasında dəyişikliklər elan etməklə biznesin planlarına ziyan vurduqlarını düşünürlərmi?”

 

Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

AYNA NK-nın rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər çəkisi 3500 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınıb.

 

Dəyişikliyə əsasən, bundan sonra 1600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin də hər bir ədədinə gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq ediləcək.

 

Dəyişikliyi sosial şəbəkədə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, vergidə, gömrükdə "oyun qaydalarını" tez-tez dəyişmək olmaz: “Əks halda, biznes bundan ürkür. Yaxşı, bunu da keçdik, rüsumların ödəyicisi kimdir? Sahibkarlar, biznes çevrələri. Onların bu dəyişikliklərdən öncədən xəbərləri olubmu? Təbii ki, yox. Çünki qərar verənlər məsləhətlə iş görmürlər”.

“Bəs ilin ortasında dəyişikliklər elan etməklə biznesin planlarına ziyan vurduqlarını düşünürlərmi? Təbii ki, yox. Onları öz iri biznesləri maraqlandırır, kiçik-orta sahibkara qul, sağmal inək kimi baxırlar. Tutaq ki, Mamed öz biznesini ilin əvvəlində 2017-ci il qərarına uyğun planlayıb, amma indi qaydalar dəyişir, planları alt-üst olur, bunun məsuliyyəti kimin üzərinə düşməlidir? Mamedinmi, ya planlama qabiliyyəti olmayan, öz verdiyi qərarları özləri də tez-tez dəyişdirənlərinmi?”

 

N.Cəfərli daha sonra yazıb: “İki il keçib, qaydaları dəyişirlər, son 3 ildə Vergilər Məcəlləsinə 400-dən çox əlavə və dəyişikliklər ediblər (pis-yaxşı, ayrı söhbətdir, mən mexanizmi deyirəm). Amma bir dəfə də bu dəyişiklikləri ictimai müzakirəyə açmırlar, öncədən elan etmirlər, sanki idarə etdikləri insanlar deyil, robotlardır, 5 dəqiqəyə proqramlarını yeniləmək olar. Normal ölkələrdə vergi-gömrük dəyişikliyi, azı bir il öncədən elan olunur ki, biznes yeni qaydaları öyrənsin, onlara uyğun planlarını qursunlar. Bizdə isə dünən verdikləri qərarı bu gün dəyişdirirlər, sabah isə tamam ləğv edib ayrı qaydalara keçirlər”.

Müəllif: Ayna.az      12 İyul 2019 11:30
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar