Azərbaycan dövlətinin xaricdəki soydaşlarımıza münasibəti dəyişməyə başlayıb

Azərbaycan dövlətinin xaricdəki soydaşlarımıza münasibəti dəyişməyə başlayıb

Vüqar Abbasov: “Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi çox lazımlı və vacib bir layihədir”

 

“Bu günlərdə Diaspor Gənclərinin II Yay Düşərgəsi başladı. Mətbuatda yazıldığına görə, düşərgədə dünyanın 48 ölkəsindən 120 gənc iştirak edir. Əslində, bu məsələyə münasibət bildirməyəcəkdim. Ancaq bu baxımdan müxtəlif fikirlərin olduğunu gördüm deyə müxtəlifliyi artırmaq üçün mən də öz fikirlərimi bölüşmək istədim”.

 

AYNA xəbər verir ki, bu fikirləri Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının rəhbəri, Niderland Jurnalistlər Birliyinin üzvü, Azərbaycan diasporunun fəal təmsilçisi Vüqar Abbasov sosial şəbəkədə paylaşıb. O, daha sonra yazıb:

“Düşünürəm ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi çox lazımlı və vacib bir layihədir. Belə düşünmək üçün bir neçə əsasım olduğu qənaətindəyəm:

 

1. Xaricdə yaşayan gənclərimizin vətənləri ilə bağlarının möhkəmlənməsində (bəzən yaranmasında) mühüm rol oynaya bilər. Bu isə, çox önəmlidir. Vətənə, millətinə sevgi tək evdə aşılanmaqla olmur. Gənclərimizin Azərbaycandan da istilik, sevgi hiss etməsi çox önəmlidir. “Vətən sevgisi üçün hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır”, - deyib Əbu Turxan və əgər bu layihə Azərbaycanı xaricdə yaşayan gənclərimizə bir qədər daha da doğmalaşdıracaqsa, o zaman mən bunu alqışlayıram.

 

2. Gənclərimizin yaşadıqları ölkələrdə yerli sakinlərlə ünsiyyəti bizlərdən daha çoxdur ki, onların arasında gələcək jurnalistlər, siyasət adamları və s. də ola bilər. Əgər gənclərimiz Azərbaycanda gördüklərini öz yaşadıqları ölkələrdə dostlarına, ətraflarında olan insanlara anlatsalar, hesab edirəm ki, bu da çox güclü bir təbliğat yoludur və gələcək üçün önəmli ola bilər.

 

3. Yuxarıdakı səbəbdən mən bu layihəni diaspor sahəsində gələcəyə qoyulmuş sərmayə hesab edirəm. Ancaq unutmaq lazım deyil ki, xaricdə yaşayan gənclər bir qədər fərqli böyüyür, fərqli düşünürlər. Odur ki, layihə çərçivəsində kimlərsə onlardan öz xeyirləri üçün istifadə etməli deyil, ölkəni gəzdirməli, göstərməlidirlər. Sözügedən gənclər ölkəyə dövlətin vəsaiti ilə gəliblər, ayrı-ayrı şəxslərin deyil.

 

4. “Vətəni sevdirməzdən öncə, onu tanıtmaq lazımdır”. Bu fikir də görkəmli fikir adamlarımızdan olan Xudu Məmmədova məxsusdur. Əgər bu layihə Azərbaycanı xaricdə yaşayan gənclərimizə tanıtmağa xidmət edirsə, edərsə, buna ancaq və ancaq sevinmək və alqışlamaq olar, deyə düşünürəm.

 

Çox yaza bilərəm, ancaq bu qədər bəsdir. Məni izləyənlər bilirlər ki, sözügedən Komitənin heç də bütün işləri haqqında müsbət fikirdə deyiləm. Ancaq hər zaman düz bildiyimə düz, əyri bildiyimə də əyri deməyə çalışdım. Kiminsə yanlış iş gördüyünü düşünsəm, doğmam da olsa, deyərəm. Kiminsə düzgün və faydalı iş gördüyünü görsəm, düşmənim də olsa (ki, kimisə düşmən kimi görmürəm), demişəm və deyərəm”.

Müəllif: Ayna.az      11 İyul 2019 14:42
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar