“Sabiq nazir ibadət edərkən, o 100 milyonluq “heç nə”ni yada salır?”

“Sabiq nazir ibadət edərkən, o 100 milyonluq “heç nə”ni yada salır?”

Osman Gündüz: “Ziya Məmmədovun rəhbərliyi altında olan qurum 100 milyonlarla vəsait ayrılmasına baxmayaraq iflas oldu”

 

“Son günlər keçmiş nazir Ziya Məmmədovun ibadətləri ilə bağlı yazıları oxuyanda nədənsə hər dəfə Nəqliyyatın İntellektual İdarəetmə Sistemini xatırlayıram. Azərbaycanın ən böyük İT layihələrindən, həm də Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihədən biri olub”.

 

AYNA xəbər verir ki, bu fikirləri sosial şəbəkədə Milli İnternet Forumunun (MİF) prezidenti Osman Gündüz paylaşıb. “Tam səmimi deyirəm, əgər NİİM uğurlu olsaydı, indi hər gün yollarda baş verən dəhşətli qəzalar minimuma enə bilərdi. NİİM-in bütün ölkə boyu reallaşdırılması nəzərdə tutulmuşdu. Lakin Ziya Məmmədovun rəhbərliyi altında olan NİİM 100 milyonlarla vəsait ayrılmasına baxmayaraq iflas oldu”, - bildirib.

Ekspert sual edib: “Maraqlıdır, NİİM MMC bir qurum olaraq indi hardadır? Mən özüm də bilmirəm, hardadır. Bakı Nəqliyyat Agentliyinin strukturuna nəzər salın, görək orada NİİM MMC varmı. Yoxdur. Halbuki qanunvericiliklə NİİM bir struktur vahidi olaraq, bir MMC olaraq BNA tərkibində olmalıydı. Amma yoxdur”.

 

“İndi ibadətlə məşğul olan olan cənab eks nazirdən və BNA rəhbərliyindən soruşurmaq istərdik ki, hardadır NİİM MMC? Nə üçün görsənmir strukturda? Nə üçün 100 milyonluq qurum yoxa çıxıb? Cavab çox sadədir. Çünki BNA NİİM-i bir qurum olaraq, MMC olaraq təhvil almayıb. Sadəcə, indiyədək də təhvil-təslim olmayıb. Prezidentin bununla bağlı fərmanı indiyədək də icra edilməyib. Güman ki, BNA rəhbərliyi təhvil almağa bir şey tapa bilməyib, güman ki, 100 milyonluq “heç nə”ni balansına almaq istəməyiblər. Əks halda, bu, BNA strukturunda öz əksini tapmalıydı”, - deyə O.Gündüz vurğulayıb.

 

“Amma bütün bunlara baxmayaraq, BNA rəhbərliyi NİİM-in ayrı-ayrı komponentlərindən istifadəyə cəhdlər edir. Bura yenidən böyük vəsaitlər ayrılır. Lakin hələlik yetərli nəticələr yoxdur. Çünki “heç nə”nin üzərində normal infrastruktur bərpa etmək çox çətin olardı. Kimdir günahkar? Adətən ibadət edərkən günahların da bağışlanması arzu olunur. Görəsən, hörmətli Ziya müəllim ibadət edəndə NİİM-i yada salırmı?”, - o yazıb.

Müəllif: Ayna.az      11 İyul 2019 12:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar