Bakı əks qütbləri birləşdirir: NATO və Rusiya generalları İlham Əliyevin qəbulunda

Bakı əks qütbləri birləşdirir: NATO və Rusiya generalları İlham Əliyevin qəbulunda

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi paytaxtımızda görüş keçirəcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olunub. Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edilib.

 

İlham Əliyev bu gün, həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Görüşdə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Müəllif: Ayna.az      10 İyul 2019 17:59
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar