Azərbaycan döyüşçüsü ermənilər qarşısında şərt qoydu: "Döyüş Yerevanda olmalıdır" - Ayna TV

Azərbaycan döyüşçüsü ermənilər qarşısında şərt qoydu: "Döyüş Yerevanda olmalıdır" -     Ayna TV

Fariz Məmmədov: “Qadınların idmanla məşğul olmalarına çox pis yanaşıram, boksa yazılan qızları da Allah islah eləsin"

 

Azərbaycanın peşəkar boks üzrə yeganə dünya çempionu Fariz Məmmədov AYNA-ya müsahibə verib. O, boks idman növünün inkişafından, boksçuların qarşılaşdıqları problemlərdən danışıb.

 

- Azərbaycan boksunun inkişafından razısınız?

 

- Yüz faiz razı deyiləm. Amma ötən illərə nisbətən çox inkişaf var. Ən azı, 2016-cı ildə Rio Olimpiya Oyunlarında ilk gümüş medalımızı qazandıq. İnanıram ki, ikinci Avropa Oyunlarında yaxşı iştirak edəcəyik.

 

- Yeni fariz məmmədovlar yetişirmi?

 

- Mən həvəskar boksda çox az iştirak etmişəm. Əsas məqsədim peşəkar boks olduğu üçün qısa müddət sonra peşəkar boksa keçdim. Bizdə isə peşəkar boksa maraq çox azdır. Həvəskar boksla peşəkar boks tam fərqlidir. Hətta başqa-başqa idman növləri olduğunu da deyə bilərəm. Mən Azərbaycanın ilk peşəkar boksçusuyam. Etiraf edim ki, bu gün Azərbaycanda peşəkar boks çox zəifdir, demək olar, inkişaf etməyib, yeni-yeni addımlar atılır.

 

- Sizcə, milli komandamızda peşəkar boksda karyeralarını davam etdirə biləcək idmançılar varmı?

 

- Var. Kamran Şahsuvarlını, Cavid Çələbiyevi misal göstərə bilərəm. ABŞ peşəkar boksun beşiyidir. Biz danışıqlar aparırıq. Tokio-2020 Olimpiya Oyunlarından sonra artıq ABŞ-a yola düşəcəyik. Orada peşəkar boks üzrə müqavilələrə baxacağıq.

 

- Dünyada peşəkar boksçular yaxşı pul qazanır. Bizdə necədir?

 

- Mən 2001-ci ildə ilk döyüşümdə 200 dollar qazanmışdım. 2004-cü ildə axırıncı döyüşümdə, yəni, cəmi 3 il sonra 90 min dollar qazandım. 2016-cı ildə isə 190 min dollar qazanmışam.

 

- Amma bu gün peşəkar idmanı atmısız...

 

- Uşaqlıqdan bu günə kimi keşməkeşli həyat sürmüşəm. Buna görədir ki, həm fiziki, həm də mənəvi baxımdan çox yoruldum. Qərara gəldim ki, artıq idmanda gənclərə dəstək olum, vaxtımı daha çox ailəmə sərf edim. Etiraf edim ki, bəzən rinq üçün darıxıram, qayıtmaq istəyirəm. Hətta döyüşlər üçün danışıqlar da olub. Qarşı tərəf sərt şərtlər qoyub deyə, döyüş alınmayıb. 

 

- Hansı şərtlər olub?

- Peşəkar boksdan gedəndən sonra qayıtmağım çətin olar. Amma 2015-ci ildən Rusiyanı təmsil edən peşəkar erməni boksçu ilə döyüşümü keçirmək istəyirdilər. Hələ onda karyerama son qoymamışdım. Amma döyüş alınmadı. Bu yaxınlarda da 2018-ci ilin oktyabr ayında yenidən təklif gəldi. Erməni idmançı məndən cavandır və 10 illik təcrübəsi var. Mənsə 10 ildir karyeramı dayandırmışam. Hətta buna görə uduzduğum halda 300 min dollar təklif də olunur. Dedim ki, o pul məni rinqə geri qaytara bilməz, daha çox məbləğ verməlisiz, əks halda mənim şərtim var və bu, sizə sərf edər. Şərtim belə idi ki, pul istəmirdim, amma yarışın Rusiyada yox, məhz Yerevanda olmasını tələb edirdim. Elə başa düşürəm ki, Ermənistan buna razı olmayıb. Amma hər an döyüş ola bilər.

 

- Etiraf edirsiniz ki, rəqib gəncdir və döyüş olarsa, onun qələbə qazanmaq şansı çoxdur. Bəs niyə məhz Yerevanda bu döyüşün keçirilməsini istəyirsiniz?

 

- Real danışaq. Bu döyüş mənim üçün çətin olacaq. Dostum da mənə onu deyir. Deyir ki, “Fariz, sən ondan cəsarətlisən, ürəkli və qeyrətlisən, vətənpərvərsən, amma fiziki göstəricilərin rəqibinə qalib gəlməyə imkan vermir”. Mən də dedim ki, bilirəm, amma yarışın məhz Yeravanda keçirilməsi mənə motivasiya olar. Peşəkar boksa qayıtmaq istəmirəm, qayıdıramsa, böyük bir döyüşlə qayıtmalıyam. O döyüş səs salmalıdır, ən azı 7-8 milyon insan döyüşü canlı izləməlidir. Bu da mənə qalib gəlməyə motivasiya verəcək. Əks halda rinqə çıxmağa dəyməz.

 

- Valideynlər uşaqlarını boksa yazdırmaqdan qorxurlar. Səbəb?

 

- Mən özüm də övladlarımı boksa qoymayacağam. İstəkləri olsa da, çalışacam ki, boksdan uzaqlaşdırım. Boks çox qəddar idman növüdür. İstəmirəm ki, çəkdiyim çətinlikləri onlar da çəksinlər. İdmanda o qədər başdan travma almışam ki, yaddaş pozulur, əsəbi oluram. Müsahibəyə gəlmədən öncə maşında uşaqlar əsəbləşdirdilər məni. Onları maşında qoyub düşdüm, uzaqlaşdım ki, bir az sakitləşim. Əsəbləşirəm, sonra peşman oluram.

 

- Kubalı idmançıların milli komandaya cəlb edilməsinə necə baxırsız?

 

- Çox gözəl olardı ki, öz idmançılarımız olsun. Amma bizdə boksa axın çox azdır. Ona görə də peşəkar idmançılarımız barmaqla sayılacaq qədərdir. Azərbaycanı istəməyən düşmənlərimizin qarşısında başımızın uca olması üçün Kubadan idmançı gətiririk.

 

- Boksda belə bir deyim var: Rəqibin məğlubiyyəti yarışın əvvəlində onun gözlərinə baxmaqdan başlayır...

 

- Boş söhbətlərdir. Hamısı filmlərdən götürülən fikirlərdir. Yarışa 6 ay hazırlaşırsan, rəqibin nə yeyib, nə içdiyini belə, bilirsən. Bir baxışla məğlub olmaq nədir? Peşəkar boksda bunlar keçərli deyil. Peşəkar boksda bir məşqçi yox, 3-4 məşqçi, psixoloq idmançı ilə işləyir. Mənəvi cəhətdən güclü olmaq lazımdır. Əks halda uduzacaqsan.

 

- Dünyada baş verən kriminal hadisələrdə ən çox boksçuların adı hallanır. Niyə məhz boksçular?

 

- Bunun sadə bir cavabı var. Boksda hədəf başdır. İnsan orqanizmini də baş idarə edir. Dünyanı da insanların başı idarə edir.

 

- Küçə döyüşlərində də boksçular daha çox döyürlər...

 

- Bir lətifə yadıma düşdü. Deyirlər ki, küçədə döyüşəndə, başqa idmançılarla dalaşanda üzr istəməyə vaxtın olur. Boksçu ilə mübahisən düşəndə isə buna şansın olmur. Bir də gözünü açırsan ki, artıq xəstəxanadasan (gülür - T.X.). Küçədə çox sayda döyüşlərim olub. Amma rəqibimə üzr istəməyə şans vermişəm.

 

- Peşəkar idmançıların əksəriyyəti ibadətə meylli  olur...

 

- İdmançılar tək mübarizə aparırlar. Bütün ailənin yükünü çəkirlər, ailənin ayaqda durması üçün bütün ağrılara, acılara dözməli olurlar. Bizim də köməyə ehtiyacımız olur. Axı biz də insanıq, yoruluruq. Bu zaman idmançıya ancaq Allah kömək edir, ancaq Allahdan kömək istəyirik.

 

- Xanımların boksa gəlməsinə münasibətiniz?

 

- Çox pis. Qadın incə olmalıdır. Azərbaycan xanımlarının boksda olmasını istəmərəm. Boksa yazılan qızları da Allah islah eləsin.

 

- Fariz Məmmədovu nə vaxtsa siyasətdə görə bilərik?

 

- Heç vaxt. Mən özümü siyasətdə görmürəm. Özümü idmana sərf etmişəm, belə də davam edəcək. Hər kəs özünü gördüyü və uğur qazanacağı yerdə olmalıdır. Mən də boksun inkişafı üçün əlimdən gələni edirəm, edəcəyəm də.

 

Müəllif: Təranə Xudabaxşiyeva      12 İyul 2019 20:41
Ayna TV bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar