Fələk tüğyan edir, bizsə "topu" bir-birimizin üstünə atmaqla məşğuluq

Fələk tüğyan edir, bizsə "topu" bir-birimizin üstünə atmaqla məşğuluq

“Onkologiyanın adı gələndə insan diri-diri məhv olur”

 

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, Azərbaycandakı onkoloji xəstələrin, xüsusilə uşaqların sayında artım var. Artım bütün dünyada qeydə alınıb. Xərçəng üzrə Beynəlxalq Araşdırma Mərkəzinin (IARC) direktoru Elizabet Kardis hazırda dünyada 18 milyon ağır xərçəng xəstəsinin olduğunu bildirib. Qeyd edib ki, 2030-cu ilə qədər onkoloji xəstələrin sayının 30 faiz artacağı proqnozlaşdırılır.

 

Dünyanı cənginə almış bu bəladan qurtulmağın yeganə yolu kimi isə, hələ ki, dövlət tərəfindən Srinninq layihəsinin, yəni erkən aşkarlama islahatının aparılması göstərilir. Artıq bir sıra ölkələrdə, eləcə də qonşu Rusiyada xərçəng xəstəliyi ilə bağlı maarifləndirici televiziya verilişləri yayımlanır.

 

Ancaq bəşəriyyət üçün ciddi təhlükə hesab edilən bu xəstəliklə bağlı Azərbaycanda heç bir kütləvi tədbir nəzərə çarpmır. Aidiyyəti qurumlar, o cümlədən televiziya kanalları tərəfindən hər hansı effektli maarifləndirmə işləri həyata keçirilmir. Bəlkə də keçirilir, ancaq biz görmürük? AYNA-nın əməkdaşı günümüz üçün aktual olan bu məsələyə ayna tutmağa çalışıb.

Картинки по запросу Azərbaycanın baş onkoloqu Azad Kərimli

Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli AYNA-ya müsahibəsində Azərbaycanda onkoloji xəstələrin sayının artmadığını bildirib: “Xəstəliklərlə bağlı “çoxdur” demək üçün demoqrafik göstəricilərə nəzər yetirmək lazımdır. Əhalinin sayı ölkə üzrə artıbsa, təbii ki, xəstələrin də sayı artacaq. Onkoloji Mərkəzdə 2016-cı ildə 43927, 2017-ci ildə 45756, 2018-ci ildə isə 49154 nəfər xəstə qeydiyyatda olub. Yəni xərçəng xəstələrinin sayı hər il 10-11 min artıb. Ümumilikdə götürəndə, 10 milyon əhali arasında 49154 nəfər xərçəng xəstəsinin olması elə də böyük rəqəm deyil”.

 

Baş onkoloqun sözlərinə görə, qonşu ölkələrlə müqayisədə Azərbaycanda onkoloji xəstələrin sayı xeyli azdır: “Onkoloji Mərkəzə müraciət edən xəstələrin ən çox 30 faizi xərçəng xəstəsidir. Müraciət edənlərin 70 faizi müayinə olunmaq üçün gəlir. Çünki Onkoloji Mərkəzdə həm tibbi avadanlıqlar, həm də kadrlar yüksək səviyyədədir. Azərbaycanda xərçəng xəstələrinin sayı çoxdur deməklə insanlarda xof yaradırlar və onkologiyanın adı gələndə insan diri-diri məhv olur”.

 

A.Kərimli vurğulayıb ki, xərçənglə mübarizəyə ilk olaraq əhalinin maarifləndirilməsindən başlanılmalıdır: “Bu gün istər Azərbaycanda, istərsə də digər ölkələrdə ən böyük təbliğat maşını televiziyadır. Əfsuslar olsun ki, Azərbaycanda bu qədər telekanal olmasına baxmayaraq, xəstəliklər barəsində əhalinin maarifləndirilməsi 0 səviyyəsindədir. Hansı kanalı açırsansa, müğənnilərin ad günü qeyd olunur, yemək bişirilir və s. Azərbaycan məkanında bir alim, professor yoxdur ki, onun doğum gününü qeyd etsinlər”.

 

Baş həkim onu da vurğulayıb ki, onkoliji xəstəliklə mübarizə tək onkoloqun işi deyil, bu xəstəliklə kütlə mübarizə aparmalıdır: “Düzdür, Səhiyyə Nazirliyi, həkimlər bu mübarizəyə kömək etməlidir, ancaq kütlənin yardımı mütləqdir. Xəstə onkoloqa axırıncı mərhələdə gəlir və onda da artıq iş-işdən keçmiş olur. Əgər əhali arasında maarifləndirmə aparılsa, xəstəliyin ilk əlamətləri barədə dolğun məlumat verilsə, heç olmazsa, həkimə vaxtında müraciət edərlər. Maarifləndirmə işi olsa, insanlar başa düşərlər ki, vaxtında aşkar olunduqda, xərçəngin də digər sağalan xəstəliklər kimi müalicəsi var. Lokalizasiyasından, yerləşdiyi yerdən asılı olmayaraq, birinci, ikinci mərhələdə xərçəngin sağalmasına nail olmaq mümkündür”.

 

T.Kərimlinin “Siz özünüz hansısa telekanala xərçənglə bağlı maarifləndirmə məqsədilə layihə və ya veriliş təklif etmisinizmi?”sualına cavabı belə olub: “Dövlət kanalımız bir tək AzTV-dir, digərləri özəl kanallardır. Telekanallarda tibbi maarifləndirmə ilə bağlı bir neçə veriliş yayımlanır, ancaq o verilişlərdə də özəl xəstəxanalar reklam olunur. Bizim nə reklam olunmağa ehtiyacımız var, nə də hansısa verilişə sponsorluq etməyə maddi gücümüz. Telekanallar bu işdə özləri təşəbbüs göstərsin, bizi dəvət etsinlər, həkimlərimiz də gedib ətraflı məlumatlar versinlər. Belə verilişlərin yayımlanmasına biz ancaq şad olarıq”.

Картинки по запросу Milli Onkologiya Mərkəzi

Baş onkoloq qeyd edib ki, xərçənglə mübarizənin ikinci üsulu profilaktik baxışdır: “Azərbaycanda xərçənglə mübarizə aparan iki müəssisə - Milli Onkologiya Mərkəzi, o cümlədən də Tibb Universitetinin Onkoloji Klinikası var. Milli Onkologiya Mərkəzi ən müasir, dövrün tələblərinə cavab verən avadanlıqla, kadrla təmin olunub. Mərkəzin tibbi heyəti öz üzərinə düşən işin öhdəsindən bacardığı qədər gəlməyə çalışır. Əvvəllər onkologiya sahəsində yetərincə imkanlar olmasa da, bu gün onkoloji şəhərcik yaradılıb. Bu şəhərcikdə aparıcı mütəxəssislər tərəfindən dünya standartlarına uyğun əməliyyatlar keçirilir. Artıq müalicə üçün xaricə gedənlərin sayı azalıb. Onkoloji xəstənin əməliyyatı, müalicəsi xüsusi prinsiplərə uyğun aparılmalıdır. Bu mərkəzdə də həmin prinsiplərə əməl etmək mümkündür”.

 

Həmsöhbətimiz Milli Onkologiya Mərkəzi tərəfindən həyata keçirilən maarifləndirmə işlərindən də danışıb: “Xəstələrin müayinə və müalicəsi ilə yanaşı əhalinin maarifləndirilməsini də həyata keçiririk. Bütün Avropa ölkələri oktyabr ayını süd vəzisi xərçəngi ilə mübarizə ayı elan etmişdi. Biz də gücümüz çatdığı qədər - iki gün Bakıda, Gəncədə, Naxçıvanda aksiyalar keçirdik. Həmçinin, xərçənglə bağlı qadınlarımıza bukletlər paylanıldı. Qadın həkimlərimiz bu işə cəlb olundular, sualları cavablandırdılar, qadınları maarifləndirdilər. Bu, mütəmadi olaraq həyata keçirilir. Keçirdiyimiz aksiyalardan sonra bir qədər müsbət nəticə əldə etmiş oluruq, xəstəliyin ilkin mərhələsində müraciət edənlər olur. Ancaq müəyyən müddətdən sonra ara kəsilir”.

 

Müsahibimiz onu da bildirib ki, Onkoloji Mərkəzdə səyyar xidmət göstərən iki tibbi maşın da mövcuddur: “Səyyar Diaqnostik Kompleks adlanan iki böyük maşınımız var. Onlardan biri sırf momoqrafiyadır, yəni qadınlarda döş xərçənginin ilk mərhələsini müəyyən etmək üçündür. Digər maşında isə momoqrafiya, rentgen, ultrasəs aparatları, ginekoloji kabinet var. Bundan əlavə, Onkoloji Mərkəzin aparıcı mütəxəssislərindən ibarət 14-16 nəfərlik briqada ilə bölgələrə gedib baxışlar keçiririk. Müraciət edənlər yoxlanılır, xəstəliyin əlaməti aşkar edilən şəxslər Mərkəzə dəvət olunaraq yenidən müayinə olunurlar. Onkoloji xəstəlik təsdiq olunduqda isə müalicəyə başlanılır. Bütün bunları biz öz gücümüzə, heç kimdən maddi dəstək almadan həyata keçiririk”.

 

“May ayının əvvəllərində şimal-qərb bölgəsində olduq, Balakən, Zaqatala, Qax, Şəki rayonlarında profilaktik baxış apardıq. Həmçinin Şəkidə həkimlər üçün “Onkologiyanın müasir müayinə və müalicə metodları” mövzusunda seminar keçirdik. Demək olar ki, olmadığımız 3-4 bölgə qalıb. Biz üzərimizə düşən bütün işləri görməyə hazırıq”, - həkim əlavə edib.

Картинки по запросу MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov

Baş onkoloqun cavabından sonra Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət etdik. MTRŞ-nin Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirdi ki, xərçənglə bağlı maarifləndirmə xarakterli verilişlərin yayımlanması üçün onlara Səhiyyə Nazirliyindən rəsmi müraciət daxil olmalıdır: “Səhiyyə məsələləri birbaşa bizim sahəmizə aid olmadığı üçün mövcud problemlər barədə ətraflı məlumata sahib deyilik. Səhiyyə məsələləri ilə məşğul olan müvafiq dövlət qurumları tərəfindən bu məsələlər qabardılsa və Milli Teleradio Şurasına müraciət olunsa, yayımçılar qarşısında bu barədə məsələ qaldıra bilərik”.

 

“Hazırda televiziya kanallarında, əksəriyyəti reklam xarakterli olsa belə, tibbi maarifləndirmə məqsədilə bir sıra verilişlər yayımlanır. Həmin verilişlərdə xərçənglə bağlı da məlumatlar verilir. Əgər həmin məlumatlar yetərli deyilsə, xərçənglə bağlı daha geniş maarifləndirici verilişlərə ehtiyac varsa, bizə aidiyyəti qurumlar müraciət etməlidir” – deyə Təvəkkül Dadaşov əlavə edib.

Картинки по запросу “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

Məsələ ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən (AzTV) də eyni cavabı aldıq. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, bunun üçün onlara müraciət olunmalıdır: “Xərçəng xəstəliyi ilə bağlı məsələlərin müzakirəsi və maarifləndirilməsi birbaşa Milli Onkologiya Mərkəzinin üzərinə düşür. Əgər səlahiyyətli qurumlar məsələ ilə bağlı AzTV-yə müraciət edərsə, biz həmin verilişləri yayımlamağa, onkoloqları verilişlərə qonaq qismində dəvət etməyə hazırıq”.

 

"AzTV olaraq müvafiq qurumlarla sıx işləyirik. Gün ərzində bizə onlarla maarifləndirici videoçarxlar göndərilir ki, onları təmənnasız yayırıq. Həmçinin, bildiyiniz kimi, AzTV-də yeni tibbi layihə - "Sağlam ol" verilişi yayımlanır. Bir neçə dəfə həmin verilişin mövzusu xərçəng xəstəliyi ilə bağlı olub", – deyə QSC-dən bildirilib.

Похожее изображение

Təəssüflər olsun ki, Səhiyyə Nazirliyindən sualımıza, ümumiyyətlə cavab ala bilmədik. Qurumun mətbuat xidmətindən bizi Milli Onkologiya Mərkəzinə yönləndirdilər. Bildirdilər ki, xərçənglə bağlı bütün tədbirlər Onkoloji Mərkəz tərəfindən həyata keçirilməlidir.

 

Araşdırmamızdan belə nəticəyə gəldik ki, xərçəng xəstəliyi tüğyan etməsinə baxmayaraq, Azərbaycanda rəsmi qurumlar hələ də nəyisə gözləyir...

Müəllif: Rumiyyə Miraslan      12 İyul 2019 10:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar