“Dövlət bayrağı haqqında” qanun dəyişdirilir

“Dövlət bayrağı haqqında” qanun dəyişdirilir

Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir  

 

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunlara dəyişiklik edilir. AYNA xəbər verir ki, dəyişiklik dəqiqləşdirmə xarakterlidir.

 

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib.

 

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilir.

 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

 

Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

 

Dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyulun 12-də keçiriləcək sonuncu plenar iclasında müzakirə olunacaq.

Müəllif: Ayna.az      10 İyul 2019 11:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar