Gül, Davudoğlu və Babacanla bağlı ilginc iddia: Ərdoğan “B” planını işə salır

Gül, Davudoğlu və Babacanla bağlı ilginc iddia:       Ərdoğan “B” planını işə salır

Əziz Əlibəyli: "Yeni partiyalar yaranmasa, boşluğu barışmaz mövqedəki CHP tuta bilər"

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən yaxın silahdaşlarından və Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan Əli Babacanın partiyadan istefa verməsi Türkiyə gündəmində şok effekti yaratdı. Ə.Babacanın 18 ildən sonra qəfil istefası ilə yanaşı, sabiq Türkiyə Prezidenti Abdullah Güllə birlikdə yeni partiya yaratması barədə açıqlaması ciddi müzakirələrə səbəb oldu.

 

Artıq bir çoxları düşünürlər ki, Babacanın istefası hakim partiyanın tənəzzül dövrünü yaşadığından xəbər verir. Ehtimal olunur ki, AKP-dən istefa verənlərin sayı daha da çoxalacaq.

 

Qeyd edək ki, bir müddət öncə AKP-dən istefa vermiş sədr müavini Əhməd Davudoğlunun da yeni partiya yaradacağı bildirilmişdi. Qeyd olunmuşdu ki, həmin partiyada Əli Babacanla yanaşı bir çox tanınmış simalar təmsil olunacaqlar.

 

Maraqlıdır, Türkiyədə hazırda baş verənlər, həqiqətən də AKP-nin siyasi arenadan silinəcəyinə zəmin yaradacaqmı? AYNA-nın bu sualına beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli aydınlıq gətirib.

Aziz Alibeyli adlı şəxsin şəkli.

Ə.Əlibəyli düşünür ki, Əli Babacanın AKP-dən  istefa verməsini faciə kimi yox, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın alternativ yol axtarışı kimi qəbul etmək lazımdır: “Eyni qaydada, istər keçmiş Baş Nazir Əhməd Davudoğlunun, istərsə də sabiq Prezident və indilik "qara qutu" hesab olunan Abdullah Gülün atacağı addımlar olsun. Çünki AKP mental yorğunluq dövrünü yaşayır. 17 illik iqtidar dönəmi durğunluq ab-havasında sıradan bir İstanbul seçkilərini də uduzdu”.

 

Şərhçinin fikrincə, mesaj çox ciddidir: “Ərdoğan artıq AKP-nin bir işə yaramayacağını, partiyada islahatların istənilən nəticəni verməyəcəyini, bürokratik aparatın yük olduğunu başa düşür. Bunlar o zaman baş verir ki, Türkiyə Suriyada döyüşür, İraqda əməliyyat aparır, Aralıq dənizində qarşıdurmaya hazırlaşır, iqtisadiyyatı çökməkdədir, ABŞ ilə problemləri qalmaqdadır. O baxımdan iqtidar partiyasının daxilində baş verənlər Ərdoğanın “B” planı kimi görünür və öz cameəsinə “tərs sillə” effekti yaşatmalıdır”.

 

Müsahibimizin sözlərinə görə, bu arqumenti gücləndirən səbəb sözügedən hər üç şəxsin AKP “şineli”ndən çıxması, eyni zehniyyət sahib olmasıdır: “Onların partiya yaradaraq Türkiyə Böyük Millət Məclisində AKP-nin səslərini bölməsi Ərdoğanı o qədər də narahat etməyəcək. Çünki həmin partiyalar yaranmasa, boşluğu barışmaz mövqedəki CHP tuta bilər”.

 

“Bax, bu amil Ərdoğan üçün olduqca təhlükəlidir. Ona görə də əmin şəkildə demək lazımdır ki, her şey Ərdoğanın nəzarətindədir”, - deyə ekspert vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      10 İyul 2019 16:37
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar