İçəridə nəyiksə, çöldə də oyuq!

İçəridə nəyiksə, çöldə də oyuq!

Bizimkilər üçün millət öz ailəsi, dövlət də ailəsinin məskunlaşdığı divarların arxasıdır

 

Dəyərli Arif müəllimin “Diasporun portretinə cizgilər” yazısı və Ayna TV-dəki “Hicrət edənlərin izi ilə” verilişindəki müzakirələrlə tanış oldum. Nə qədər pozitiv olsanız da, vəziyyətin acınacaqlı olduğunu görmək çətin deyildi. Bu üzdən, təxminən 5 illik mühacirlik təcrübəsi olan biri kimi mən də bəzi məqamları diqqətinizə çatdırmaq istərdim.

 

Əvvəla deyim ki, Norveçə yeni gələndə çox həvəsli idim, bizimkilərlə tanış olmaq, cəmiyyətdə bir mövqe tutmaq, təşkilatlanmaq və s. kimi utopik olsa da, gözəl arzularım var idi. Amma sən demə, uzaqdan bəzi şəxslər və bəzi məsələlər adama başqa cür görünür. Hətta qısamüddətli səfərlər də gerçək durumu anlamağa imkan vermir.

 

Başqa yerləri deyə bilmərəm, amma Norveçdə diasporçuluq yox səviyyəsindədir və insanımızın əksəriyyəti buranın cəmiyyətinə, demək olar ki, inteqrasiya etməyib. İnteqrasiya etdiyini düşünənlər də, əslində, assimilyasiyaya uğrayıblar və artıq ortalıqda milli kimlik və təfəkkür, azərbaycançılıq qalmayıb. Barmaqla sayılacaq qədər adamlar tanıyıram ki, hələ də ürəkləri Azərbaycanla döyünür. Amma onlardan sonra gələnlər, xüsusilə yerlilərlə ailə qurandan sonra izlər itəcək.

 

Azərbaycanda olanda Avropa Parlamenti, AŞPA, BMT, ATƏT, NATO və digər qurumların tribunalarının önündə poza verib şəkil çəkdirənlərə və hətta oralarda tədbir keçirənlərə fəxrlə baxırdım, adamları əjdaha sayırdım. Amma bu, o qədər sadə və hər kəs üçün əlçatımlıdır ki, istənilən bekar adam gedib bunu edə bilər və deyim ki, bu kimi işlərin də demək olar, heç bir faydası yoxdur. Sadəcə bu, Azərbaycandakı ordan-burdan pənah gözləyən insanlar üçün nəsə bir rezonans yaradır ki, guya nəsə ciddi bir şey baş verir, hansısa proseslər gedir. Deyim ki, əgər o institutlarda təmsil olunan səlahiyyətli şəxslərlə onların dilində və ya başa düşdükləri dildə səlis və savadlı danışa bilmirsənsə, onlara hansısa sənəd və sübutlar təqdim etmirsənsə, hətta öpüşüb şəkil çəkdirməyin də heç bir faydası yoxdur.

 

Qeyd edim ki, Norveçdə qanuni əsaslarla, təxminən 3 min nəfərə yaxın azərbaycanlı yaşayır və onların yalnız 15-20 faizi Azərbaycan Respublikasından köçənlərdir. Digərləri isə indiki İranın şimalında, yəni Cənubi Azərbaycandandırlar. Azərbaycandan bura gələnlərin çoxu da norveçlilərlə ailə qurub gələn xanımlardır və deyim ki, həmin xanımlar Azərbaycanı buralarda bir sıra mühacirlərimizdən daha yaxşı təbliğ edirlər və öz aralarında da çox yaxşı əlaqələrə malikdirlər. Hətta həyat yoldaşlarını da azərbaycansevər ediblər. Məsələn, iki ik əvvəl Osloda Norveç-Azərbaycan yığması oynayanda həmin sözügedən norveçli kişilər də bizimlə eyni tribunada “Azərbaycan” qışqırırdılar. Əminəm ki, o xanımların övladları da azərbaycanlı olacaq.

 

Bəli, azlıqda olmaqla azərbaycanlı qalmaq və xüsusilə uşaqları azərbaycanlı kimi böyütmək çox çətindir. Biz uşaqlarımızı maksimal şəkildə azərbaycanlı böyütməyə çalışırıq, amma artıq bir ildən çox olar ki, uşaqlar evdə də öz aralarında norveçcə danışırlar. Bizdə xanım daha çox mühafizəkar olsa da, mən də artıq onlarla çox zaman Norveç dilində danışası oluram. Amma bir cəmiyyət, bir kurs, məktəb və s. imkanı olsaydı, azərbaycanlı qalmaq daha rahat olardı. Bu işi rahatlıqla möhkəm diaspor təşkilatı edə bilərdi. Amma bizdə bu, yoxdur, səbəblər də çoxdur. Məsələn, siyasi baxışlar, diasporçuluğa yalnız qazanc yeri kimi baxmaq, millətçilik etmək və s. Biz niyə bir yerə yığışa bilmirik?

 

Yuxarıda bura yeni gələndə çox həvəsli olduğumu yazmışdım. Amma elə ilk ilin sonlarında Fransada bir toy şənliyində oldum. Toyda 500 nəfər azərbaycanlı var idi... Bəli, beş yuz...! Amma toyda oynamaq üstündə bir qırğın saldılar ki, lap biabrçılıq oldu. Bir-birini al qana buladılar. Fransanın əliavtomatlı jandarmları aranı zorla sakitləşdirdilər.

 

Bu toydan əvvəl isə məni dəhşətə gətirən başqa bir məqam olmuşdu. Demək, toy keçirilən restoranın, bəlkə də min maşın üçün avtoparkı var idi və üstəlik maşını saxlamaq da havayı. Amma bizim azərbaycanlılar maşınlarını çəməndə, əlillər üçün nəzərdə tutulan yerlərdə, hətta Bakıdakı kimi yolların kənarlarında saxlamışdılar. Bir də dava-dalaşda “bərkgedən” kim idi və fəxr etdiyi nə idi, bilirsinizmi? Ağzında düz-əməlli dişləri belə, olmayan, Fransada 15 ildən çox yaşasa da, dil dilməyən, amma dediyi kimi Maqadandan bu yana bütün türmələrdə yatan biri...

 

Bu adamlara baxdım və onlar məndəki İdrakı öldürdülər, o gözəl planlar, arzular alt-üst oldu! Amma problem yalnız budurmu...?

 

Bizlər çox təkəbbürlüyük. Kimsə-kimsənin kitabını oxumur, hamı özünü digərindən daha ağıllı və bacarıqlı bilir və göstərir. Bəli, göstərir! Adam bir heç olsa da, özünü elə göstərir ki, guya bütün alçaq yox ha, iri zirvələri şəxsən özü yaradıb. İllərdir yaşadığı ölkənin dilini belə, əməlli öyrənməyən, hansısa yollarla yalnız sosial yardımla, qara-qura işlərlə yaşamağı özünə peşə seçəndən nə gözləyəsən?

 

Amma Avropada, hətta 40 yaşından sonra da dil öyrənmək, təhsil almaq, cəmiyyətdə təmsil olunmaq çox rahatdır. Düzdür, Avropanın əksər ölkələrində rasizm xəstəliyi ilbəil güclənir, gəlmələrə o qədər də geniş əl-qol açmağa imkan vermirlər. Gəlmələrə çox yerdə potensial olaraq qara fəhlə, qara işçi qüvvə kimi baxırlar. Amma gəlmələrin də əksəriyyəti canına əziyyət verməkdə maraqlı olmur. Adamların çoxu sanki kurorta gəlib, inteqrasiya qalır kənarda, məqsəd nə yolla olursa olsun, pul qazanmaq, Bakıda və ya hansısa başqa rayonda ev almaq və guya eyşt-işrət içində yaşadığını nümayiş etdirən şəkillər çəkib paylaşmaqdır. Hökumət və idarətmə haqqında da nəsə deməmək, çünki sabah Bakıya, vətənə qapıları bağlanacaq. Digər qisim də qəhrəmanlıq etalonu olub - Azərbaycandakı mövcud hakimiyyətdəkiləri tənqid və təhqir edir.

 

Anlayıram ki, Norveçdən qat-qat gözəl olması mümkün olan Azərbaycanı bir ovuc acgöz söküb-dağıdır və onlara 3-cü dünya ölkəsinin milyarderləri olmaq xəcalət gətirmir, arada kimlərisə buradakıları da söyüb cavablarını da alırlar və bütün körpülər yanır. Bu isə, bizə gələcək azərbaycançılıq işlərini bərabər aparmaqda ciddi-cəhdlə mane olur.

 

Məsələn, siz verilişinizdə ermənilərdən və onların diasporçuluqlarından da danışdınız. Onların artıq uzun illik təcrübələri var və əksəriyyətini də birləşdirən vahid düşmən var - türk. Onların vahid inancı var - qriqoryan kilsəsi. Erməni öz adını və soyadını dəyişsə də, bu iki məqam onların hətta 5 və 6-cı nəsil mühacirlərini də erməni kimi qoruyub saxlayır.

 

Bizləri isə birləşdirən vahid düşmən və inanc yoxdur. Onlar bir yazar, bir rəssam və ya bir musiqiçinin belə, cəmiyyətə inteqrasiya olunması üçün hər şey edirlər. Özləri ac qalırlar, amma həmin adamlara ayaqda durmağa dəstək verirlər. Amma keçən il bu vaxtları mən bütün azərbaycanlıların qrupunda fəryad qaldırdım ki, Osloda mənə öz pulumla kirayə qalmağa münasib qiymətə bir ev tapmağa kömək etsinlər. Kimsənin tükü də tərpənmədi.

 

Belə yerlərdə ev tapmaq çox çətin və bahalıdır, 3 aylıq da depozit istəyirlər. Özüm Oslonu tanımırdım və elanlarla da cibimə uyğun gələ biləcək bir yarızirzəmi də tapa bilmədim. Nəticədə 4 aydan çox hər gün 6 saat gediş-gəlişə sərf edərək bizim qəsəbədən Osloya işə gedib-gəldim. Amma adam var ki, özünün boş evi var və ya ev kirayə verən türklərlə oturub-durur.

 

Bunlarla yanaşı, Osloda işləyəndə nisbətən müsbət amil o oldu ki, mən ötən ilin avqustundan dekabrın sonuna qədər NRK-nın mərkəzi redaksiyasında (Marienlyst) həm təcrübə keçdim, həm də (Östlandsendingen) Oslo və Akerhus redaksiyasında işlədim. Redaksiyanın, təxminən 3-4 kilometrliyində Azərbaycan-Norveç Tələbə-Gənclər Təşkilatı ilə rastlaşdım və hətta orada gənclərin fotosərgisi ilə bağlı radio üçün kiçik reportaj da hazırladım. Uşaqlarla danışdım və xoşuma gəldilər, müasir, cəmiyyətə inteqrasiya edən, hakimiyyətlə müxalifət arasında "qızıl xətti" qoruyan və sairdirlər.

 

Bizim uşaqları da oraya üzv etmişik ki, bu qurum bizimkilərlə ünsiyyət üçün yaxşı olar. Məsələn, İsveç, Fransa, Almaniya, Hollandiyada azərbaycanlılar və türklər çoxdur. Oralarda azərbaycanlı qalmaq o qədər də çətin deyil. Amma Norveçdə və bizim kimi kiçik bir qəsəbədə yapa-yalnız azərbaycanlı qalmaq mümkünsüzdür. Qəsəbəmizdə hətta türk də yoxdur. Bəli, bu təşkilat bizi Dünya Azərbaycanlıların Həmrəyliyi, Yeni il və Çilə Gecəsi bayramına dəvət etdi. Tədbirə getdik, çox sevindik, ilk dəfə idi ki, doğma dildə danışanları eşidirdik, uşaqlar da ayrı aləmə düşmüşdülər.

 

Di gəl, bəzi cənublu bacı-qardaşlar tədbirdə qanqaraçılıq saldılar. “Niyə”si də o idi ki, tədbirdə Müslüm Maqomayevdən rus dilində “O more, more” əsəri səsləndirildi. Bəzi cənublular da dedilər ki, “biz də farsca oxudaqmı?” Amma bunun müzakirəsi sonra “Facebook”da davam etdi. Mən də tədbirdən razı qalan biri kimi yazdım ki, əla tədbir idi, biz 300 illik tariximizdən və mədəniyyətimizdən imtina edəsi deyilik axı... İndi deyək ki, Nizami də bizim deyil və s. Sosial şəbəklərədə müzakirə açan cənublu narazı da dedi ki, “sən, umumiyyətlə danışma, biz özümüz öz aramızda öz dövlətçilik işlərimizi “çözərox”” və sonra da yazdı ki, “bu bayram «Dünya Azərbaycan Türklərinin Həmrəylıyı» idi”.

 

Demə, cənublu narazının ağlına görə, mən ümumiyyətlə azərbaycanlı deyiləmmiş və təəssüf ki, şimallı və ya cənublu bəzi bacı-qardaşlar milli azlıqlarımızı özləri kimi tamhüquqlu azərbaycanlı kimi görmürlər. Amma məlumdur ki, yeganə söz sahibi olan diasporumuzun özəyini də, məhz milli azlıqlar olan dağ yəhudiləri təşkil edir. İndi biz deyək ki, onlar yəhudidir, bizlik deyil? Yəni, Azərbaycan türkü olmadığım üçün analoji münasibəti cənublu-şimallı çoxlarından gördüm. Düşünürəm ki, məhz bu səbəbdəndir, hətta atam, həm də çox cavan yaşda rəhmətə gedəndə bu boyda Norveçdə bir azərbaycanlı taplmadı ki, gəlib qapımı aça və mənə bir ürək-dirək verə. Çünki, məni özlərinki hesab etmədilər.

 

Çox ağır günlər idi, amma yalnız qalmadım, qapımı açan, başsağlığına gələn norveçlilər oldu. Yəqin, bilirsiniz ki, heç zaman özümü gözə soxmağı xoşlamamışam. Amma deyim ki, Norveç kimi bir ölkədə yaşadığım cəmi 11 aydan sonra xırda qəsəbə qəzeti olsa da, yerli media ilə əməkdaşlıq etmək, təxminən 3 ildən sonra isə ölkənin bir nömrəli teleradio şirkətində işləmək böyük uğurdur və bu, yalnız mənim fərdi yox, həm də hamımızım uğurudur.Ən azından Norveç mediasında məndən başqa işləyən heç bir azərbaycanlı yoxdur. Amma təəssüf ki, bəzi azərbaycanlılarımız mənim Norveçin ictimai teleradio şirktətində işə başlamağımı, guya «hakimiyyətdəkiləri söydüyümə görə Qərbin mənə verdiyi mükafat» kimi dəyərləndirdilər.

 

Düzdür, mən əsasən gündəlik yerli xəbərlərlə işləyirəm. Amma artıq 3 ildən çoxdur ki, Norveç mediasında işləyirəm və heç bir zaman ölkəmizi gözdən salacaq, qəbilə təfəkkürlülər şəklində nümayiş etdirəcək bir şey yazmamışam, deməmişəm. Bəli, demokratikləşmə, korrupsiya, insan hüquqları və s. problemlər barədə yazmışam, demişəm və bundan sonra da yazacam və deyəcəm. Çünki Azərbaycanı Norveçdən də inkişaf etmiş və bütün azadlıqların qorunduğu bir ölkəyə çevirmək olar! Sadəcə, bunu hamı istəməlidir. Amma biz istəmirik, hamılıqla istəmirik, ayrı-ayrılıqda özümüz üçün, balamız üçün, qohumumuz üçün, uzaq əqrəbamız üçün də bəlkə istəyirik, amma ölkəmiz üçün istəmirik!

 

Sonu da budur, əksəriyyət ölkədən qaçmağa yollar axtarır, acgözlər doymur, kimsə kimsəni bəyənmir, xəbislik, xüdpəsəndlik, bir-birinin ayağını dartmaq və s. cövlan edir. Yəni biz buyuq! Təəssüf ki, Azərbaycanda olduğu kimi ölkə xaricində də çoxları üçün millət ailəsi, dövlət də ailəsinin olduğu divarların arxasıdır.

 

Dəyərli ziyalılar, bilirəm ki, çox yazdım, qüsurlarla yazdım, məni üzrlü sayın, ürəyim doludur. Yanıram, amma əlimdən bir şey gəlmir. Bizlər ölkədə nəyiksə, çöldə də oyuq!

 

İdrak Abbasov (Norveç), AYNA

9 İyul 2019 10:09
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar