Şəbnəm Tapdıq “şıltaqlığı” və ya öz adına görə kimsə həbs olunarsa...

Şəbnəm Tapdıq “şıltaqlığı” və ya öz adına görə kimsə həbs olunarsa...

Şəbnəm Tapdıq, əslində nə istəyir?

 

Dünəndən bəri müğənni Şəbnəm Tapdıq yenidən sosial şəbəkələrin “fenomeninə” çevrilib. İfaçının “Şəbnəm” adını patentləşdirməsi ilə bağlı yayılmış fotolar, həmçinin bu barədə Milli Televiziya və Radio Şurasına, o cümlədən telekanallara müraciəti həm “Facebook”da, həm də “Instagram"da geniş müzakirələrə səbəb olub. Xanım ifaçının Şəbnəm adı ilə səhnəyə, efirə çıxanları məhkəmə ilə hədələməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

 

Bəziləri iddia edirlər ki, Şəbnəm Tapdığın bu əməli onda psixoloji problemlərin olmasından xəbər verir. Qeyd edirlər ki, müğənni ailə qurmadığına, həmçinin atasını itirdiyinə görə depressiyaya düşmüş ola bilər və bu səbəbdən də bu addımı atar. Bu fikirlərlə yanaşı, müğənninin bu üsulla yenidən gündəmə gəlməyə çalışdığını iddia edənlər də var.

 

Maraqlıdır, sosial şəbəkə istifadəçiləri bu fikirlərində nə qədər haqlı ola bilərlər? Şəbnəm Tapdıqda hər hansı nevroloji, psxioloji problemlər yaşana bilərmi? AYNA-nın əməkdaşı bu suallara cavab tapmaq məqsədilə həkim-nevroloq Qalib Əsədova müraciət edib.

Картинки по запросу qalib əsədov

Q.Əsədov bildirib ki, psixoloji cəhətdən tam sağlam adam yoxdur: “İnsanları diqqətlə müayinə etsək, bu və ya digər psixoloji patalogiyalara hər kəsdə rast gəlmək olar. Hətta çox sakit gördüyümüz adamları belə, araşdırsaq, daxilində hər hansı problemlər olduğunu görə bilərik. Hər bir kəsdə müəyyən problemlər, həmçinin özünəməxsus qeyri-adi xarakter ola bilər”.

 

Hansısa insanın səhhəti, xəstəliyi, diaqnozu haqqında həkimin kütləvi informasiya vasitələrinə məlumat verməsini doğru hesab etməyən nevroluqun, konkret olaraq Şəbnəm Tapdıqla bağlı sualımıza cavabı belə olub: “Şəbnəm Tapdıq da evin tək qızı olub, bir qədər ərköyün böyüdülüb. Həmçinin bir müddət ulduz olub, müəyyən qədər fanatları olduğuna görə onda belə xarakterlərin olması təbiidir”.

 

Mütəxəssis onu da vurğulayıb ki, cəmiyyət belə insanlara qarşı adektav davranmalıdır: “Görürük ki, bu gün müğənninin dediklərini heç kim ciddi qəbul etmir, onun dediklərinə görə heç kəs həbs və ya cərimə olunmur. Sadəcə gülüb keçirik. Düşünürəm ki, elə belə də olmalıdır, bunu qabartmağa, böyütməyə ehtiyac yoxdur. Çünki bu, ciddi bir problem deyil, sadəcə Şəbnəm xanımın öz iddialarıdır və iddialarını irəli sürməyə haqqı var”.

 

“Əgər onun bu iddialarından sonra kimsə həbs olunsaydı, cərimələnsəydi, hər hansı qadağa ilə qarşılaşsaydı, o zaman bu barədə ciddi düşünmək olardı. Ancaq gördüyümüz kimi, heç dövlət qurumları da bu iddialara ciddi yanaşmır” – deyə müsahibimiz əlavə edib.

 

Qeyd edək ki, müğənninin adına əmtəə nişanı alması ilə bağlı yayılmış sənədlərə Əqli Mülkiyyət Agentliyi də münasibət bildirib. Qurumdan deyilib ki, sosial şəbəkələrdə yayılan sənəd Ş.Tapdığın atasının “Şəbnəm, Gültən, Qəlbinur” adlarının yer aldığı əsərinin müəlliflik hüququnun qorunması ilə bağlı şəhadətnamədir.

 

O da qeyd olunub ki, ifaçı Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib. Hazırda Ş.Tapdığın müraciətinə baxılır və ekspertizadan sonra əmtəə nişanı kimi qeydiyyata alınıb-alınmayacağı məlum olacaq.

 

Bu məqamda daha bir sual da meydana çıxır: İfaçının öz adına əmtəə nişanı alması mümkün olacaqmı, ümumiyyətlə bu məsələ qanunla necə tənzimlənir?

Похожее изображение

AYNA-ya açıqlama verən hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov isə məsələnin hüquqi tərəfinə aydınlıq gətirib. O bildirib ki, müğənninin “İlk Şəbnəm” adına əmtəə nişanı alması mümkünsüzdür: “Adlar xalq yaradıcılığının bir nümunəsidir. Mülki Məcəlləyə görə də fiziki və hüququ şəxslərin adları və o adlarla çağırılmaq hüquqları var. Hüquqi şəxslər öz firma, təşkilat, məhdud məsuliyyətli cəmiyyət və açıq tipli səhmdar cəmiyyətlərini qeydiyyatından keçirdikdən sonra onlara məxsus olan ada əmtəə nişanı ala bilərlər. Fiziki şəxslərlə bağlı isə belə bir məhdudiyyət yoxdur və olması da qeyri-mümkündür”.

 

V.Şükürov onu da qeyd edib ki, fiziki şəxs əgər müğənnidirsə, o, öz adına yox, ifa etdiyi hansısa əsərə Əqli Mülkiyyət Agentliyində müəlliflik hüququ ala bilər: “Fiziki şəxslər, həmçinin istehsal etdikləri hər hansı məhsula əmtəə nişanı ala bilərlər. Və ya hansısa faydalı ixtira, model barədə patent ala bilərlər. Konkret olaraq Şəbnəm Tapdığın dediyi məsələyə gəlincə, adlar üzərində heç kimin müstəsna hüququ yoxdur”.

 

“Hətta adların, soyadların, ata adlarının qeydiyyatı ilə məşğul olan Qeydiyyat və Notariat Baş İdarəsinin qadağan olunmuş adlarla bağlı siyahısında da belə bir məhdudiyyət yoxdur ki, bir addan başqaları istifadə edə bilməz” – deyə hüquqşünas vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      5 İyul 2019 15:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar